"Çox çalışsanız, istədiyiniz hər şeyi əldə edə bilərsiniz" - Eşitmə qüsurlu idmançı tarix yazdı

Eşitmə qüsuru olan tennisçi turda əsas etap matçından qalib ayrılır... Tarixdə ilk belə haldı. Söhbət Vinston-Seylemdə keçirilən turnirdə mərhələ adlayan Li Dok Hidən gedir.

İki yaşı olanda ona diaqnoz qoyulub. Bir az böyüdükdən sonra səhərlər eşitmə qüsuru olan uşaqların təhsil aldığı məktəbə, günortalar isə sıravi məktəbə gedərmiş. Ailəsi onun cəmiyyət içində özünü rahat hiss etməsi, inteqrasiya olması üçün belə bir addım atıb. Uşaqlıqdan bəri anası şəkillər vasitəsilə müxtəlif ağız pozisiyalarını ona göstərərək danışığa sövq edirmiş. Bir müddət sonra Dok Hi eşitmə qüsurlu uşaqlar üçün olan məktəbdən ayrılıb və təhsilini tamamilə sıravi məktəbdə davam etdirib. O, heç vaxt işarət dilini öyrənməyib.
 


Dok Hi tennislə məşğul olan dayısı oğlunu gördükdən sonra bu idman növünə maraq salıb. Zamanla məsələ hobbi olmaqdan çıxıb. İlkin səviyyədə uğurlu olsa da, məşqçilər heyəti, ətrafdakılar onun professional tennisə addım ata bilməyəcəyini düşünürmüşlər. Çünki peşəkar səviyyədə oyunun sürəti tamam başqadı və eşitmədən reaksiya vermək çox çətindi.

Dok Hi eşitmə ilə bağlı yaranan çətinlikləri yüksək vizual itiliyi ilə kompensasiya edir. Bədəni dilini "oxumaq", incə detalları "tutmaq"… - o, görüntülü formada məlumatları daha tez qəbul edib, analiz etməklə rəqiblərinin nə etdiyini təxmin etməyə çalışır. Bununla belə, araşdırmalar göstərir ki, insan səslə bağlı stimullara vizual stimullarla müqayisədə daha tez reaksiya verir. Tennis kimi müxtəlif spinlərin olduğu bir idman növündə bu amil daha da ön plana çıxır. Oyunçular səs əsasında zərbəni "hiss edir", sürətə və spinə necə reaksiya verəcəklərini müəyyənləşdirirlər.
 


Bununla bağlı test məqsədli bir oyun keçirilib. Eşitmə Qüsurlu İdmançılar üzrə Beynəlxalq İdman Komitəsinin tennis bölməsinin texniki direktoru və eşitmə ilə bağlı problemi olmayan biri kortda üz-üzə gəlib. İlk setdə texniki direktor 2:6 hesabı ilə məğlub olub. İkinci setdə rəqib qulaq tıxacı və qulaqlıqdan istifadə edib. Nəticədə ilk setdən fərqli olaraq, qalib gələn tərəf direktor olub - 6:3.

Endi Marrey: "Qulaqlıqla oynamaq çətin olardı. Bu şəkildə topun sürətini hesablamaq, spini müəyyənləşdirmək mümkünsüzə yaxındı. Belə şeylər üçün qulaqlarımızdan istifadə edirik".

Dok Hinin etdiyi şeyin önəmi, yəqin ki, aydın oldu. Koreyalı tennisçi hazırda reytinq cədvəlində 212-cidi. Ən yaxşı nəticəsi 130-cu sıra (2017-ci il) olub. Kifayətlənmək niyyətində deyil, hədəfi birincilikdi. Əzmi ilə həmkarlarının da diqqətini cəlb edib. Tennis Sandqren Dok Hi ilə matçdan sonra baş verənləri hələ də xatırlayır: "Bir neçə il əvvəl onu məğlub etmişdim. Oyundan sonra yanıma gəldi. "Google Translate"-dən istifadə edirdi. Məndən soruşdu: "Zəif tərəflərim nələrdi?" Eşitmə ilə bağlı problemlərin olsun və ingiliscə, demək olar ki, bilməyəsən, amma belə cəhd edəsən... Məsələn, mən olsam, etməzdim".
 


Dok Hi: "İnsanlar qüsuruma görə məni lağa qoyurdular. Tennis oynaya bilməyəcəyimi deyirdilər. Təbii ki, çətindi. Ancaq ailəm və dostlarım sayəsində öhdəsindən gəldim.

Bacaracağımı hamıya göstərmək niyyətində idim. Eşitmə ilə bağlı problemi olan insanlara demək istərdim ki, həvəsdən düşməsinlər. Çox çalışsanız, istədiyiniz hər şeyi əldə edə bilərsiniz".
 
 

OXŞAR XƏBƏRLƏR