Polina Rəhimova:

Polina Rəhimova: "İlk növbədə yığmanın məşqçi məsələsi həll olunmalıdı"

Polina Rəhimova iki ay öncə iş yerini dəyişərək yenidən Türkiyəyə qayıtdı. Yığmamızın üzvü Türkiyə Sultanlar Liqasında yeni olan THY-nin (Türk Hava Yolları) şərəfini qoruyur. Komanda hazırda yarımfinala çıxmaq uğrunda "Fənərbağça" ilə mübarizə aparır. Seriyada hesab bərabərdi - 1:1.

"World of Volley" portalı bu günlərdə Polina Rəhimovadan müsahibə alıb. O, THY-nin çıxışı, Türkiyəyə qayıdışı, yay və növbəti mövsümlə bağlı planları haqqında danışmaqla yanaşı, qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının 2020-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak şanslarını qiymətləndirib:

- THY-nin cari mövsümdəki performansını necə qiymətləndirirsiniz?

- İndilik nəticələr pis deyil. Komanda tarixində ilk dəfə birinci diviziona vəsiqə qazanıb. Prezidentimiz İlker Aycı güclü motivatordu. Baş katibimiz Ramazan Yıldırım isə, demək olar ki, hər məşqdə yanımızdadı. Klub yeni olsa da, adını çəkdiyim isimlər keçmişdə "Vakıfbank"da böyük təcrübə qazanıblar. Onlar oyunçularla necə rəftar edəcəklərini bilirlər və bu, bizim uğurumuzun ən böyük səbəblərindən biridi. Məncə, tam potensialımız bu deyil. Gördüklərinizdən daha artığını edə bilərik.

- "Fənərbağça" seriyasının üçüncü matçı ilə bağlı gözləntiləriniz nələrdi?

- Bu səfər rəqib oyuna daha ciddi yanaşacaq. Eyni zamanda, daha böyük təzyiq altında olacaqlar. Sonadək mübarizə aparmağa çalışacağıq. Bundan savayı, artıq "Fənərbağça" kimi güclü və hərtərəfli komandalara qarşı müqavimət göstərməyin mümkün olduğunu nümayiş etdirdik. Məncə, şans 51% bizim xeyrimizədi.

- İtaliya və Türkiyə çempionatları arasındakı əsas fərqlər hansılardı?

- Düzü, İtaliyada keçirdiyim bir neçə ay ərzində hər detalı anlamaq imkanım olmadı. Türkiyədə daha öncə də oynamışam və bura mənim üçün daha rahatdı. Əslində, İtaliya çempionatı ilə bağlı gözləntilərim çox idi. "Pomi" böyük ənənələri olan klubdu. Mənimlə çox yaxşı rəftar edirdilər.

- Türkiyəyə qayıtmaq necə hissdi?

- Türkiyəyə qayıtdığım üçün məmnunam, çünki bu ölkə mənə çox yaxındı. Azərbaycanlı olduğumdan, buradakı insanların təfəkkürünü, mədəniyyətini və dəyərlərini anlamaq mənim üçün daha asandı. Türkiyəni sevirəm.

- Yayla bağlı planlarınıza nələr daxildi?

- Mənim planlarım bitmək bilmir. Sadəcə, normal istirahət etmək və irəlidəki önəmli turnirlərə hazırlaşmaq üçün hər şeyi qaydaya salmalı və prioritetlərimi müəyyənləşdirməliyəm. Gərgin keçən mövsümün ardından bərpa prosesi vacibdi.

- Azərbaycan millisi Yay Olimpiya Oyunlarına vəsiqə uğrunda Braziliya, Dominikan Respublikası və Kamerunla mübarizə aparmalı olacaq. Çətin qrupdu. Azərbaycan birinci yeri tutub, Tokioya vəsiqəni təmin etmək üçün nə etməlidi?

- İlk növbədə məşqçi məsələsi həll olunmalıdı. Çünki məşqçi komandanın uğurlarının yarısıdı. Ardınca oyunçuların məşqi, istirahəti və bərpa prosesi üçün normal mühit formalaşmalıdı. Ancaq bundan sonra məsələni oyunçular, onların xarakteri, təcrübə və ən önəmlisi - qələbə istəyi həll edəcək.

- Növbəti mövsüm harada oynamaq istəyərdiniz?

- İndi bütün diqqətimi cari mövsümə yönəltmişəm. Komanda ilə birlikdə nəticələr qazanmaq və şansımı yoxlamaq istəyirəm. Bəlkə də, lazım olan xalları toplayıb, Çempionlar Liqasına vəsiqə qazanacağıq. Qarşılarına böyük hədəflər qoymayanlar böyük uğurlar qazana bilməzlər.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR