"Premyer Liqa ilə Bundesliqa arasındakı fərq öz-özünə qapanmayacaq" - Naqelsmanla təkbətək

Almaniyanın və dünyanın ən perspektivli məşqçilərindən biri hesab olunan Yulian Naqelsman onu məşhurlaşdıran klub - "Hoffenhaym"ın başında sonuncu matçına çıxdı. Sonluq bir o qədər də yaxşı alınmasa da, azarkeşlərin xatirələrində müsbət tərəfləri ilə qaldığına dair şübhəm yoxdu. 31 yaşlı baş məşqçi yeni mövsümdən "Laypsiq"in başında olacaq. Bu ərəfələrdə "Kicker" jurnalı Naqelsmanın bir çox məsələ ilə bağlı fikirlərini öyrənib. Mən də öz növbəmdə həmin reportajı tərcümə edərək, sizinlə bölüşmək qərarına gəldim.

Görəsən, 31 yaşlı Naqelsman 28 yaşındakı (Bundesliqaya addım atanda 28 yaşı var idi) Naqelsman haqqında nə düşünür? Geriyə baxanda "Hoffenhaym"da nələri bacardığına inanır?

"O günlərə geri dönsək, gülümsəməli olacam, çünki qərarım riskli idi. İnsan olaraq bugünkü Yuliandan çox da fərqlənməyən birini görürəm. Ancaq o, artıq bəzi peşəkar futbolçularla yola getməyin heç də asan olmadığını öyrənib.

Yeni generasiya ilə dil tapmaq həmişə asan olmur. Ağlında tutduğun hər şeyi deyə bilməzsən. Niyyətin yaxşı olsa belə, diqqətli olmalısan. Canayaxın insan olmaq hamının istədiyi bir şey deyil. Düzdü, hələ də elə biriyəm, amma hamıya qarşı yox.

"Hoffenhaym"da necə biri idimsə, "Laypsiq"də də həmin formada işə başlayacam. Avtoritar olmayacam, elə özümü rahat hiss edə bilmirəm. Ancaq komanda ilə nə qədər uzun müddət çalışırsansa, bir o qədər də uyğunlaşmaq lazım gəlir. Çünki zaman keçdikcə əksər şeylər adət halını almağa başlayır.

Məşqçi komandadan ayrılanda həmişə kiçik problemlər ortaya çıxır. Belə məsələləri önəmsəməyən və onlardan öz üstünlüyü naminə istifadə etməyən xarakterli futbolçular da var. Ancaq öz eqosunu komandadan üstün tutanları da unutmamalıyıq.

Gözləntilərinizi meyar kimi qəbul etdikdə məyus olmaq məcburiyyətində qalırsınız. Başqalarına yansıtmağa çalışdığımız müəyyən dəyərlərə sahibik. Amma bəzi şeyləri olduğundan daha pis formada təqdim etmək istəmirəm. Ümumiləşdirsək, sona qədər rəhbərlik etməyin asan olduğu komandamız var idi. İlk başlarda belə, nəticələrlə müqayisə etsək, daha yaxşı oynadığımızı düşünürəm. Son həftələrdə isə əksər oyunçular 2-3 ildi ki, piklərində oynadıqları üçün tükənmişdilər və bu baxımdan sözügedən periodda o qədər də yaxşı performans ortaya qoyduğumuzu deyə bilmərəm. Həm də unutmamalıyıq ki, ötən mövsümlərlə müqayisədə, bu mövsüm əksər klublar daha stabil idi.

Meydanda konkret struktura malik olmaq - bu, mental olaraq əziyyət tələb edən, öyrədilməsi çətin və detallarla bol iclaslara ehtiyac duyulan bir prosesdi. Bəzi anlarda oyunçular bezə də bilərlər. Bəlkə də, yeni şeylərlə üzləşmələri onlar üçün yaxşı olacaq.

"Hoffenhaym" dönəmi inanılmaz idi. Bu, bəzən reallığı görməyinizə mane olur. Kim olduğunuzu unutmamalısınız. Biz kluba olan münasibəti dəyişdirdik. Eyni zamanda, daxildə də səmimi münasibət formalaşdırmağı bacarmışdıq. Gənc məşqçi kimi, əsas komandanın məşqlərini izləmək üçün razılıq almağa çalışırsan və şef-skaut sənə "yox" deyir - belə halların şahidi olmuşam.
 


Biz aşağı məbləğə çoxlu sayda futbolçu transfer edib, onları inkişaf etdirdik və daha yüksək qiymətə satdıq. Bu, fəxr etdiyim bir şeydi. Liqada qalmaq uğrunda mübarizə aparan komandadan avrokuboklarda mübarizə aparmaq potensialına sahib komanda yaratdıq.

Futbol kütlələrə təsir göstərən idman növüdü. Baxımlı oyun nümayiş etdirmək kimi bir öhdəliyiniz var. "Hoffenhaym" da bunun üçün var. Futbolumuz cəsur və ilhamvericidi. Almaniyada bu cür oynayan daha bir neçə komanda var, ancaq sayları o qədər də çox şeyil. Heç kim bu mövzuda mənimlə mübahisə edə bilməz".

"Hoffenhaym"ın müdafiədəki problemləri haqqında:

"Məncə bu, oyunçu seçimi ilə əlaqədardı. Ürəkdən müdafiə olunmağı sevən çox az oyunçumuz var idi. Bu, üzərində işləməli olduğunuz məsələdi. "Hoffenhaym" heyətinin müəyyən balansa ehtiyacı var".

Bəs "Laypsiq" belə bir balansa sahibdimi?

"Laypsiq"lə müqayisədə, daha çox hücumameyilli oynayan komanda deyildik, sadəcə, onlar daha az qol buraxırdılar. Fərqli dinamikaya sahibdilər. Həddindən artıq sürətli komandadılar. Temp sayəsində bir çox situasiyanın öhdəsindən gələ bilirlər. "Laypsiq"də oyunçuların əksəriyyəti məhz bu məramla yetişdirilirlər. Belə bir bacarığın yoxdusa, orada qalmaq şansın da yoxdu. Keçmişdə bu proses yaxşı nəticələr verib.

Həmçinin taktiki məsələlərin də buraxdığımız qollarda müəyyən payı var. Çünki biz rəqibi üzərimizə çəkməyə çalışırıq. Meydanın bizə aid olan hissəsində rəqib futbolçular çoxalsa da, say üstünlüyü bizdə olur. Əks-hücumların qarşısını almaq üçün yaxşı üsuldu. Ancaq əks-pressinqdə yaxşı deyilsinizsə, rəqib avtomatik olaraq irəlidəki oyunçularının sayı hesabına oyunu ələ alır və vəziyyətdən çıxmaq çətinləşir. Futbolçu topu itirdikdən sonra dayanıb, şikayət edirsə, topun arxasında daha az oyunçuya sahib olursunuz".

Naqelsman və "Laypsiq" - mükəmməl cütlük?

"Ümid edirəm ki, belə olacaq. Yaxşı gördükləri işləri, onsuz da, davam etdirməliyik. Müdafiə tərzi, "quru oyunlar"... - bunlar "Laypsiq"in DNT-si olaraq qalacaq. Təkcə topa sahib olmağa fokuslanmaqla səhvə yola vermək niyyətim yoxdu. Sadəcə, oyunun hər iki tərəfində daha çox təzyiq edən və dəyişkən olmaq üçün topa sahib olmaqla bağlı ideyalarıma müəyyən komponentlər əlavə edəcəm. Buna nail olsam, əla qarışıq ortaya çıxacaq".
 


"Laypsiq"dəki hədəfləri barədə:

"Əlbəttə, turnir cədvəlində mümkün qədər yuxarı pillələrdə olmaq istəyirik. Ancaq bunu ilk mövsümdə etmək bacarığında olub-olmadığımızı bilməliyik. Bu, inkişafla əlaqədar bir şeydi. Məvaciblər və xərclər baxımından "Bavariya" ilə rəqabət apara bilməzsiniz. Ancaq uğura "ac" komanda ilə titullar uğrunda mübarizə apara bilərsiniz. Burada indilik "Bavariya"ya getməyə hazır olmayan futbolçular var. "Laypsiq" onlar üçün karyera baxımından yaxşı "tramplin"di - eynilə məşqçi kimi mənim üçün də.

Komandanı inandıra bilsək, "Bavariya" üçün maraqlı alternativ ola bilərik. Böyük klublara qarşı hücum etməyə çalışmalıyıq. Bu halda oyunçular düşünəcəklər: "Ok, mən "Laypsiq"lə çempion ola bilərəm".

Düzülüşləri dəyişmək haqqında:

"Bunu üstünlük olaraq görürdüm, çünki rəqib hazırlıqlı olmur. Ancaq zamanla digərləri bunu anladı və nəticədə vəziyyət bizim üçün də çətinləşməyə başladı. Ancaq yenə də rəqibin dəyişikliklərinə cəld reaksiya verə bilirdik".

Andrey Kramariçin düzülüş dəyişikliklərindən şikayətlənməsi barədə:

"Dəyişiklik səbəbindən işlərin pisə getdiyini düşünürdü. Ancaq nəyisə dəyişirsənsə, deməli, ilk cəhddə işlər yolunda getməyib. Uzun müddət oyunumuzu tapmaq üçün dəyişikliklərdən istifadə etmək kimi bir gücə sahib idik. Son zamanlarda isə bu, o qədər də işə yaramırdı. Oyun ərzində fəlsəfə dəyişikliyindən söhbət getmir, daha çox kiçik detalları nəzərdə tuturam. Məsələn, daha yaxşı pressinq etmək üçün gedişlər. Tez dəyişməliyik, çünki rəqiblər də tez-tez dəyişirlər. Andrey başqa bir yerdə bununla başa çıxmalı olacaq".

Dəyişikliklər səbəbindən stabilliyin itməsi fikri ilə razıdımı?

"Oyunçular bu barədə çox düşünürlər. Ancaq reallığa qalanda rəqibin "6 nömrə”sinə qarşı "10 nömrə” ilə müdafiə olunmaq və ya "8 nömrə” ilə rəqibin cinah müdafiəçisinə pressinq etmək arasında elə də böyük fərq yoxdu. Prinsiplər həmişə eyni qalır. Dəyişikliklər mənim ruh halımdan yox, sadəcə, qələbə qazanmaq istəyimdən qaynaqlanır. Rəqib birdən-birə üçlü müdafiə əvəzinə, dördlü müdafiəyə keçid edəndə bəzi problemlərlə başa çıxmalı olursan. Məsələn, rəqibin cinah müdafiəçisinə qarşı kim müdafiə olunacaq? Axı daha əvvəl sözügedən mövqe tutulmurdu. 

Böyük komandalara qarşı rəqabət aparmaq istəyirsinizsə, belə şeylərin öhdəsindən gəlməlisiniz. Təbii ki, "Bavariya"da çalışırsansa və həmişə eyni yoldan davam edəcək güclü fərdi keyfiyyətlərə sahib komandan varsa, bu, başqa məsələ. Ancaq "Hoffenhaym" kimi komandalar sadəcə fərdlərin keyfiyyətinə bel bağlaya bilməz".

"Laypsiq"də prinsipi eyni olaraq qalacaq?

"Hələlik bilmirəm. Həmçinin eyni düzülüşdən istifadə etməyə və onu mükəmməlləşdirməyə də üstünlük verirəm. Amma futbol meydanında oyunçuların sayı çox olduğundan, riyazi baxımdan avtomatizm çox çətindi. Lazımlı bölgələrdə topu qazanmaq istəyirsinizsə, avtomatizmdən qaçmaq lazımdı. "Laypsiq”də də bəzi şeyləri uyğunlaşdırmaq lazım gələcək. Çünki rəqiblər də eyni şeyləri edə biləcək bacarığa sahibdilər".

İllər ərzində məşqlərində hansı dəyişikliklər olub?

"Başlanğıcda prinsiplərimi tətbiq etmək üçün kiçik məşğələlərə üstünlük verirdim. Prinsiplərini aşıladıqdan sonra isə artıq meydanı böyüdüb, daha detallı taktiki nümunələrə keçə bilərsiniz".

Yeni komandada işləməyin çətinlikləri barədə:

"Hoffenhaym"da işə başlayanda eyni situasiya idi və etdiklərim işə yaradı. Hər şey oyunçuların öyrənmək istəyindən asılıdı. Bir şeyin arxasındakı mənanı nə qədər tez anlaya bilirlər? - bu, önəmlidi. Bir çox şeyi artıq bacarmış komandanın başına keçəcəm. Orada köklü dəyişikliklərə o qədər də yer yoxdu".

Bundesliqadakı əcnəbi məşqçilər haqqında (növbəti mövsüm, demək olar ki, komandaların yarısını qeyri-alman mütəxəssislər çalışdıracaq) nə düşünür?

"Çempionatın inkişafı adına yeni ideyaların və yeni simaların gəlməsi həmişə yaxşı haldı. Hazırda məşqçilərin təyinatı mürəkkəb prosesdi və daha diqqətli şəkildə aparılır. Keçmişdə klubların əksəriyyəti tanıdıqları insanlara postu həvalə edirdilər. Qısa müddət davam edən iclas, taktika barədə azacıq söhbət və 4 aydan sonra da anlayırdılar ki, birlikdə alınmır. İndi skautlar məşqçilərin oyunlarda və məşqlərin gedişində etdiklərini diqqətlə izləyirlər. Partnyorunuzla ilk görüşdən sonra evlənmirsiniz ki".
 


Görəsən, "Laypsiq" onu hərtərəfli izləyibmi?

"Karyeram boyunca "Laypsiq"dən 4-5 təklif almışam. Məni Ralf Ranqnik və Oliver Mintslafdan ("Laypsiq"in icraçı direktoru) yaxşı tanıya bilməzsiniz".

Premyer Liqanın dominantlığı və Bundesliqadakı investorlar barədə:

"Çempionlar Liqasındakı bütün oyunlar çox yaxın keçir. İngilis klublarının olmadığı final ehtimalı da mümkün idi. Ancaq ümümi olaraq bu sualı özümüzə verməliyik: Bundesliqada yeni investisiya modellərinə açığıq, ya yox? Cavab "yox"dusa, ingilis klublarının maliyyə baxımından üstünlüyünü qəbul etməliyik. UEFA-nın qaydaları dəyişməsi kimi bir variant da var. Ancaq bu, baş verməyəcək. Niyə dəyişsinlər ki? Futbol azad rəqabətin olduğu iqtisadi sahədi. Ağlamağa davam etmək niyyətindəyik? Qəbul et, ya da yox. Yeni investisiya modellərinə açıq olmalıyıq. Əks halda, aradakı fərq öz-özünə qapanmayacaq".

VAR haqqında fikirləri:

"Ümumi götürsək, VAR-ın tərəfdarıyam, amma bəzi şeylər bərbaddı. Onları həll edə bilmirlərsə, ideyadan tamamilə imtina olunmalıdı. Bəzi hakimlər hər şeyə icazə verir, bəziləri isə tez-tez fit çalır. Başqa məsələ: Hakimin daim monitora doğru qaçmağına niyə icazə verilir? Bu, onun üzərindəki təzyiqi daha da artırır. Üçüncü aspekt: Futbol çox emosional oyundu, çünki digər idman növləri ilə müqayisədə, daha az qol vurulur. Qolu qeyd etmək üçün yekun qərarı gözləmək məcburiyyətində qalanda bir çox şey məhv olur. Əksəriyyət bunu təsəvvür belə edə bilmir. Oyun artıq emosionallığını itirir. Futbolun rasionallaşması mövzusunda diqqətli olmalıyıq".

 
Sport7.az

OXŞAR XƏBƏRLƏR