Premyer Liqasının bərpası ilə bağlı yeni təklif

Premyer Liqasının bərpası ilə bağlı yeni təklif

Koronavirus pandemiyasının geniş yayıldığı dönəmdə İngiltərə Premyer Liqasının necə keçiriləcəyinə dair daha bir iddia ortaya atılıb. 
 
Sport7.az xəbər verir ki, bu barədə "The Independent" məlumat yayıb.
 
Xəbərə görə, Premyer Liqada mövsümün geri qalan hissəsi iyun-iyul aylarında Londonda və ölkənin mərkəzi bölgələrindəki xüsusi təcrid düşərgələrində keçirilə bilər. Komandaların məşq bazalarının bu məqsədlə istifadə olunacağı gözlənilir. Bütün oyunların televiziya vasitəsilə yayımı nəzərdə tutulur.
 
Belə olan halda, beynəlxalq turnirlərdə olduğu kimi, oyunçular və klub işçiləri ailələrindən ayrı şəkildə yaşamalı olacaqlar. Əvvəlcədən koronavirus testlərinin keçiriləcəyi və düşərgələrdə karantin şərtlərinə tam əməl ediləcəyi bildirilir. Məqsəd infeksiya riskini sıfıra endirməkdi.

Bu ideyanın həyata keçirilməsi zamanı bəzi çətinliklər yarana bilər. Məsələn, komanda üzvləri ilə yanaşı, rəsmilər, televiziya nümayəndələri və operatorlar da izolyasiya şəraitində yaşamalı olacaqlar. Həmçinin belə bir dönəmdə futbolun nə qədər vacib olduğuna dair müzakirələr də səngimək bilmir.

Teleyayım müqavilələrinin icra edilməsi ilə yanaşı, Premyer Liqada mövsümün yenidən başlaması insanlar tərəfindən də normal həyata doğru addım kimi qiymətləndirilə, onlara nikbinlik verə bilər. Bu səbəbdən çempionatın bərpa edilməsi hökumət nümayəndələri tərəfindən də dəstəklənir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR