"Premyer-liqada oynamağa hazır deyilik" - "Ağsu"nun icraçı direktoru

Cari mövsüm birinci divizionun bürünc mükafatçısı olan "Ağsu"nun da premyer-liqada iştirak edəcəyi ilə bağlı söz-söhbətlər gəzirdi.

2012-ci ildən bəri birinci divizionda yüksək pillələr uğrunda mübarizə aparan və demək olar hər mövsüm medal qazanan bölgə təmsilçisi hələ ki, elitaya yüksəlməklə bağlı cəhdlər etməyib. Buna səbəb klub rəhbərliyinin sırf Ağsuda uşaq futbolunu inkişaf etdirməyə çalışmasıdı. Bu il də klub ənənəsinə sadiq qalacaq, baxmayaraq ki, komandanın bu il premyer-liqada oynayacağı deyil. Hər halda məsələni konkretləşdirmək üçün klubun icraçı direktoru Rəşad Kərimovla əlaqə saxladıq. 

Rəşad bəy Sport7.az-a açıqlamasında bunları söylədi:

"Komanda ilə bağlı hələ konkret bir şey yoxdu. Həm uşaq komandaları, həm də əsas futbolçularımız istirahətə yollanıb. Yəqin ki, yeni çempionata hazırlaşacağıq. Arada fasilə çox oldu deyə konkret nə vaxt yığışacağımıza qərar verməmişik. Amma arada 10-15 gün toplanış olmalıdı.

"Ağsu"nun premyer-liqaya çıxmaq məsələsi? Bilirsiz yazılanlar hamısı boş şeylərdi. Çünki göstəriş olsa, rəhbərlik bizə deyər. Mən də klubun icraçı direktoruyam. Hər halda ən azı məlumatım olar. Bilirsiz, biz premyer-liqada oynamağa hazır deyilik. Baxmayaraq ki, birinci divizionda həmişə iddialı yerlər üçün mübarizə aparırıq. Əvvəlcədən də demişik ki, öncə uşaq futbolunu inkişaf etdirəcəyik. Premyer-liqada oynamaq üçün meydança lazımdı.  Meydança ideal vəziyyətdə deyil axı. Mən bir rəhbər kimi görürəm ki, faktiki premyer-liqada oynamağa hazır deyilik. Uşaq futbolumuz yoxdu. 10 yaş qrupu, əvəzedici heyət, böyük komanda lazımdı. Üstəlik əsas komandamız və əvəzedicilərimiz harda oynayacaq? Hazırda elə bir şəraitimiz yoxdu. Sonradan razılıq verilərsə, o işlər həll olunarsa oynayarıq. Hazırda əsas məqsəd Ağsuda uşaq futbolunun inkişafıdı və bunun üçün əlimizdən gələni edirik. 

Faktiki hazırda 4 yaş qrupundan ibarət komandamız var. Yenə də kənd məktəblərinə gedəcəyik eləcə də Ağsu şəhərindəki təhsil ocaqlarında axtarışlarımız davam edəcək. Müraciətlərə baxacağıq. Məşqçilərimiz işləyir, yaradıcılığı, futbol qabiliyyəti olan uşaqları seçəcəyik. Gələn il  ola bilər ya 6, ya da 5 komandamız olsun. Yaxud da elə 4 komanda ilə davam edək. Sayı artırmalıyıq. Həmin 4 komandanı məktəb başlayanda yığmışdıq. Onlardan biri U-11 isə yarışda içtirak etmirdi. Sənədləri tam qaydasına salıb yarışlara apara bilməmişdik. Sadəcə, 8-9 ay məşq edəndən sonra oyunlara çıxdılar. Buna baxmayaraq həmin komandamız "8-liy"ə düşdü. "Qəbələ"yə uduzdular. Yerli uşaqlarla ilə seçmələrin oynaması bir qədər çətindi. Sırfa hamısı Ağsulu uşaqlar idi. Kənardan gələn yox idi. Çox güman gələn il yeni komanda yaradacağıq. Müəllimlərlə danışmışıq, gəlib seçimlərə başlayacaqlar. 

Hazırkı komandalarımız 11, 13, 14 və 16 yaşlı uşaqlardan ibarətdi. Aradakı boşluqlar uşaq yığa bilməməyimiz səbəbindəndi. Çünki məktəbdə birinci və ikinci növbələr var. Bizdə də məşqlər günorta olur. Məktəblərdə uşaqların yarısı günorta, yarısı səhər oxuyur. Ona görə də bir az düz gəlmir.

Stadionun təmirə bağlanmasına gəlincə, rəhbərliklə görüşdə bu təklifi irəli sürdüm. Çünki uşaq komandaların sayı artdıqca məşq keçmək üçün yerlər azalır. Yardımçı meydançalarımız var, onların ot örtüyünü dəyişmək və bir qədər də genişləndirmək istəyirlər. Böyütsələr ən azı 2-3 uşaq komandamız orda məşq keçər. Amma əsas komandanın meydançasının ot örtüyündə ciddi problemlər yoxdu. Çünki hələ istismar müddəti bitməyib. Səhv etmirəmsə 2018-ci ildə istismar müddəti qutaracaq. Digər iki yardımçı meydançanın ot örtüyünü isə dəyişdirmək istəyirlər. Bir qədər genişləndirməlidilər, onsuz da məşqlər zamanı meydança hissələrə bölünür. Balaca yardımçı meydançalar olsa bizə bəs edər. Böyük komandamız oynayandan sonra digər yaş qrupları orda da məşq keçirlər. 

Lisenziya almaq üçün müəyyən şərtləri yerinə yetirməli idik. Ona isə şəraitimiz yoxdu. Bu üzdən premyer-liqada oynamaq üçün heç müraciət də etməmişik. Yalandan nəsə danışmağın yeri yoxdu. Bunların hamısı maliyyə ilə bağlı olan məsələlərdi. Buna da mən qərar verə bilmirəm. 

Əsas komanda ilə bağlı planlara gəlincə, hazırda heç nə deyə bimirik. Çünki AFFA yenidən limitlə bağlı qərar çıxara bilər. Düzdü 2-3 nəfərlə yolları ayıracağıq. Məşqçi ilə danışacam. Ondan sonra kimi gətirəcəyimizlə bağlı qərar verə bilərik. Limitə görə qalmışıq. Bəlkə də istədiyimiz futbolçuylar var. Amma bilmirik ki, gətirsək, işimizə yarayacaq ya yox. Hazırlıqlarımızı da həmişəki kimi Ağsuda keçirəcəyik".

Sport7.az

Xəbər lenti