Prezident Adminstrasiyasının müdaxiləsi Məmmədovu əl-ayağa saldı

Prezident Adminstrasiyasının müdaxiləsi Məmmədovu əl-ayağa saldı
Sabiq FİFA referisi Xəyalə Əzizzadənin başına gələnlər barədə xəbər vermişdik.

Bir daha xatırladaq ki, Xəyalə xanım Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri Frits Stuxlik və komitə üzvü Elçin Məmmədov tərəfindən bilərəkdən sıxışdırıldığını, çempionat oyunlarına təyinat verilmədiyini söyləməklə yanaşı, normativləri verdiyi halda adının FİFA-ya göndərilən hakimlərin siyahısından çıxarıldığını bildirmişdi.

4 il sinəsində FİFA hakimi loqosunu daşıyan xanım ədalət təmsilçisi məsələ ilə bağlı ölkə prezidenti İlham Əliyevə və AFFA-nın baş katibi Elxan Məmmədova şikayət məktubu göndərdiyini də vurğulamışdı.

Hadislərin sonrakı axarını öyrənmək, Əzizzadənin şikayətinə baxılıb-baxılmadığını bilmək üçün "Futbol+” qəzetinin əməkdaşları onunla əlaqə saxlayıb. Məlum olub ki, xanım referinin şikayətinə Prezident Aparatından reaksiya gəlib. Qalanlarını onun öz dilindən eşidək:

"Bu həftənin birinci günü Elxan Məmmədov məni qəbul etdi. Qəzetinizə müsahibəmdə nə demişdimsə, baş katibə də onları söyləyib, üzləşdiyim durumla bağlı şikayətçi olduğumu bildirdim. Elxan müəllim məni diqqətlə dinlədi və işin araşdırılacağını vurğuladı. Dünən (srağagün) isə Prezident Administrasiyasından zəng vurmuşdular. Bildirdilər ki, şikayətinizə baxılıb və çempionat görüşlərinə təyinat alacaqsız. O ki qaldı adımın FİFA-ya göndərilən siyahıya əlavə olunmasına, Elxan müəllim martda yenidən imtahan götürüləcəyini dedi. Normativləri uğurla versəm, adım yenidən ali futbol qurumuna göndəriləcək. Ötən dəfə sizə dediyim kimi, siyahıda boş yerlər qalıb”.

Görünən odu ki, Prezident Adminstrasiyasının müdaxiləsi AFFA-nı xeyli həyacanlandırıb və geri addım atmağa məcbur edib. Hadisələrin sonrakı gedişatını da izləyəcəyik.

Sport7.az

Xəbər lenti