"Problemimiz ciddidir" - Aftandil Hacıyev

"Çətin ikinci dövrə keçiririk. Problemimiz ciddidir”.

Sport7.az xəbər verir ki, bunu "Səbail”in baş məşqçisi Aftandil Hacıyev deyib.

Bayıl təmsilçisinin çalışdırıcısı Azərbaycan Premyer Liqasının XII turunun "Sabah”la ev oyunundakı 1:3 hesablı yenilgiyə şərh verib: "Hər iki komanda vəziyyətini yaxşılaşdırmaq istəyirdi. Bol qollu oyun oldu. Hər iki tərəf ilk növbədə hücumu fikirləşirdi. İtkilərimiz çox idi. Ağabala Ramazanov və Mirabdulla Abbasov bu gün bizə kömək etmirdi. Heyətdə məcburi rotasiyalar etmişdik. Rəqibi təbrik edirəm. Vəziyyətdən çıxmağa çalışacağıq. Qış fasiləsini gözləyirik. Amma hələki bu yöndə irəliləyiş yoxdur".

Hacıyev Elvin Yunuszadə və Şəhriyar Rəhimov heyətdə olmamasına belə aydınlıq gətirib: "Yunuszadə və Rəhimovun heyətdə olmaması isə sırf mənim qərarımdır. Rəhimov millidə iki 90 dəqiqə keçirmişdi. Üstündən 3 gün də keçməyib ki, meydana buraxaq. Elvinə gəlincə, son oyunlarda müdafiədə səhvlər var idi. Bizdə müdafiədə rəqabət güclüdür. Belə qərara gəldim ki, Yunuszadəni heyətə daxil etməyim".

"Səbail"in çalışdırıcısı Adil Nağıyevin meydandan kənarlaşdırılmasını oyunda dönüş nöqtəsi saymır: "Deməzdim sırf azlıqda qaldığımız üçün 3 qol buraxdıq. Belə anlarda təcrübəli futbolçular toparlanmağı bacarmalıdır. Bizdə isə gənc futbolçular var. Onlar getdikcə təcrübə yığmalıdırlar". (Apasport.az)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR