"Proqres"in baş məşqçisi: "Şans bu gün bizim tərəfdə idi"

Lüksemburqun "Proqres" klubunun baş məşqçisi Paolo Amodio Avropa Liqasının I təsnifat mərhələsində "Qəbələ"yə səfərdə 2:0 hesabıyla qalib gəldikləri ilk qarşılaşmadan sonra mətbuat konfransı keçirib.

Sport7.az xəbər verir ki, lüksemburqlu mütəxəssis əvvəlcə görüş haqda danışıb:

- Məncə, bu gün qələbəni haqq etdik. Oyun boyunca düzgün oynadıq. Sıx oynadıq. şansımızı gözlədik. Futbolda da hər zaman şans lazımdır. O, bu gün biz tərəfdə idi. Komandanızın da bir neçə qol imkanı oldu, ancaq istifadə edə bilmədiniz.

- Gözlədiyiniz "Qəbələ"ni gördünüz?

- "Qəbələ" haqda danışmaq istəmirəm. Buraya hazırlıqlı gəldik və qələbə istəyimizə çatdıq.

- İlk hissədə ehtiyatlı oynadınız, fasilədən sonra irəli atıldınız. 45 dəqiqə rəqibini tam tanımaq bəs etdimi?

- Planımıza uyğun olaraq 90 dəqiqə qol şansımızı gözlədik. İkinci hissədə biz də yorulduq.

- Bu gün "Qəbələ" fiziki cəhətdən zəif idi. Hesab etmirsiniz ki, rəqib ikinci oyuna daha hazırlıqlı olacaq?

- Bizim də rəqib kimi bir həftə hazırlaşmağa vaxtımız olacaq.

- Artıq özünüzü ikinci mərhələdə hiss edirsiniz? Düçünmürsünüz ki, cavab matçı daha çox formal xarakter daşıyacaq?

- "Qəbələ"nin gücünü bilirik. İkinci matçda mübarizə sıfırdan başlayacaq.
 
Sport7.az

Xəbər lenti