Prosineçki getdi, amma...

Prosineçki getdi, amma...
İndilik "Prosineçki - "Bursaspor" - AFFA üçbucağı"nda baş verənlərə nöqtə qoyulduğunu söyləyə bilərik. Amma heç şübhə etməyə dəyməz ki, bu sakitlik müvəqqətidi və Prosineçkini "Bursaspor"a getməyə qoymadılar.

Hələ çox sular durulacaq, çox qaranlıqların üzərinə aydınlıq gətiriləcək. Onda biləcəyik ki, Şimali İrlandiya ilə oyun ərəfəsində və son iki gündə bu üç tərəf arasında hansı danışıqlar getdi, kimi kimə nə cür şərtlər irəli sürdü. Adınız kimi əmin ola bilərsiz ki, Prosineçkinin AFFA-nın rəsmi saytına verdiyi son açıqlaması qeyri-səmimi və məcburiyyətdən deyilmiş sözlərdi. Ortada danılması mümkün olmayan ciddi həqiqətlər var və onların üzərindən sükutla keçmək, Elxan Məmmədovun dünən axşam, Prosineçkinin isə bu gün dediklərinə inanmaq çox çətindi.

1. "Bursaspor" Prosineçkiylə birtərəfli danışıqlar aparmayıb. Tutaq ki, Robinin özü türklərlə şəxsən görüşməyib, amma xorvatiyalının icazəsiylə onun meneceri bu danışıqlarda iştirak edib. Bunu danmaq mümkün deyil.

2. Prosineçki Serbiya və Xorvatiya mətbuatına açıqlamasında danışıqların getdiyini, son qərarın AFFA rəhbərliyi ilə görüşdən sonra veriləcəyini deyib. Hələ indiyə qədər onun ölkəsinin mətbuatında gedən bu yazılara sərt dillə etiraz etməsini eşitməmişik.

3. Elxan Məmmədov "Bursaspor" rəhbərliyini qeyri-səmimilikdə günahlandırsa da, özünün dediyi kimi, eyni ofisdə oturduqları Prosineçkiyə gözünü ağartmağa, "bizdən xəbərsiz niyə danışıq aparırsan" deməyə cürəti çatmayıb.

4. Şimali İrlandiya ilə oyundan sonra azərbaycanlı jurnalistlərin israrına Robert qəzəblə cavab verib, stəkanı sındırıb. Onun bu gün verdiyi bəyanat səmimi olsaydı, həmin sözləri elə mətbuat konfransında deyərdi, əlavə izahata, şübhələrə ehtiyac qalmazdı.

Bu siyahını uzada da bilərəm. Amma heç bu 4 məqamı inkar və ya təkzib etməyə nə AFFA-nın, nə də Robertin özünün bircə dənə də olsun arqumenti yoxdu. Ona görə də çıxılmaz vəziyyətə olan adamları daha da küncə salmaq istəmirəm.

Prosineçki getdi. Amma "Bursaspor"a yox, istirahətə. Belə aydın olur ki, avqust ayına qədər ölkəmizdə görünməyəcək. Bəlkə də lap sentyabra kimi. Bu müddətdə püşk avrokuboklarda iştirak edən klublarımızı onun dincəldiyi ərazilərə yaxında yerləşən rəqiblə üz-üzə gətirsə, Robi stadionda görünəcək. Əks halda, istirahətini pozmayacaq. Nəyinə lazımdı?!

Amal ABUŞOV

Xəbər lenti