"Pulsuz satılan" Premyer Liqa

Təxminən iki il bundan qabaq, elə yayın istisindən gizlənməyə yer axtardığımız günlərdə AFFA tender elan eləmişdi. Deyirdilər ki, Azərbaycan Premyer Liqasının yayım hüququnu bir milyon manata hərraca çıxarıblar. Özü də hərracı qazanmaq istəyənin pulunun olması kifayət deyildi. AFFA-nın şərtlərinə də əməl etmək lazım idi: aşağı yaş qruplarının, divizionun, əvəzedicilərin yarışlarını da işıqlandırmaq, falan və filan. Sonradan bilmişdik ki, bu "hərrac-tender" oyununun torbasında qara bir pişik varmış. AFFA baş katib Elxan Məmmədovun ideya müəllifliyi ilə yeni telekanal yaradırmış.

Sonradan alternatev təklifin olmadığı hərracın yayım hüququnu 700 min manata "CBC"-yə, daha doğrusu onun "övladı" "CBC Sport"a satdığı məlum oldu. Bir milyonun niyə 700 minə salındığı barədə ağıllı bir izahat verən də tapılmadı. Bəlkə də dünyanın ilk hərracı idi ki, satışa çıxarılan məhsul start qiymətindən ucuza satılmışdı. Sonradan dedilər ki, 700 mindən elitada iştirak edən 10 klubun hər birinə 70 min manat verəcəklər. Amma vermədilər. Guya ki, klubların PFL-ə olan borclarıyla "raşot" elədilər. Ara yerdə olan PFL-ə oldu. 

İlk günlər hər kəs yeni keyfiyyətin Azərbaycan futboluna qədəm qoymasına sevinmişdi. İndiyə kimi yadımdadı. "Neftçi" - "Kəpəz" qarşılaşmanı izləmək üçün "Bakcell Arena"ya yaxınlaşanda sonradan adının İlham Rüstəmov olduğunu bildiyim bir cavan oğlanın əlindəki pultla dron uçurduğunu görmüşdüm. Düşünmüşdüm ki, yeni yaradılan "CBC Sport" oyunlarda dronla çəkiliş edəcək. Amma dron da klublara çatacaq 70 min manat kimi qeybə çəkildi, sonradan onu görə bilmədik.

Ötən mövsümün əvvəlində Sport7.az soğru keçirdi. AFFA-dan və klublardan Premyer Liqanın yeni mövsümünün yayım haqqının "CBC Sport"a neçəyə satıldığını öyrənməyə çalışdıq. Sualımıza doğru-düzgün cavab verən tapılmadı. Sonradan bildik ki, klublar yayıma görə bir qara qəpik də görməyəcəklər. AFFA bu dəfə heç formal olaraq da tender keçirmək niyyətində deyil. Monopoliya yaradılmışdı, artıq əziyyətə və xərcə nə gərək vardı?

Soruşduqlarımız da deyirdi ki, "CBC Sport" öz öhdəçiliklərini tam yerinə yetirdiyi üçün yeni müzakirələrə ehtiyac duyulmayıb. Qəribədi, onlar bunu deyərkən nəyi nəzərdə tuturdular? Ötən mövsümün gedişində Premyer Liqanın və ölkə kubokunun yayımı ilə bağlı yaşanan problemləri bir kənara qoyuram. İndiyə qədər "CBC Sport" ekranından əvəzedicilərin hansısa oyununa baxmısızmı? Birinci divizionun ekrana gətirilən oyunlarının sayı isə barmaqla sayılan qədərdi. Aşağı yaş qrupları üzrə çempionatlardan isə danışmağa dəyməz.

Artıq sabah yeni mövsüm ilk oyununun start fiti səslənəcək. "CBC Sport" isə klubların ötən ildən qalan borclarını ödəmədən yeni yayıma başlayacaq. Bununla da AFFA-nın növbəti yalanını dəfn edəcəyik. Sonra da mövsümün ortasında Elxan Məmmədovun dostu Kamran Quliyevin jurnalistlərdən imdad diləyəcək. Deyəcək ki, ay aman, kömək edin, Premyer Liqanın təbliğatı yetərli deyil, bölgələrdə bizim "top-top" oyunumuzdan xəbəri olan yoxdu. Hardan olacaq, ay Kamran bəy?!

Amal ABUŞOV

Xəbər lenti