Qaçaq Nəbidən də zirək adam

Qaçaq Nəbidən də zirək adam

Amal ABUŞOV

"Bu zəmanədə ondan səxavətli, ondan ədalətli adam varmı?! Özü də deyir, Koroğlunun nəvəsidi e, nəvəsi. Belə qadasın alım onun. Qoç Koroğlu bir oturuma qoyunun bir şaqqasını yeyərmiş, amma bu qadasını aldığım cöngəni yeyir. Şir südü əmən Nəbinin iki ürəyi, dörd böyrəyi var” – bu dialoq yəqin sizə də tanışdı. Heç şübhə etmirəm ki, qəhrəman Qaçaq Nəbiyə həsr olunan "Qanlı zəmi” filmini izləmisiz. Bu epizod da həmin filmin ən maraqlı hissələrindəndi. Qaçaq Nəbiylə söhbətləşdiyindən xəbərsiz olan sadə bir kəndli öküz arabasını sürə-sürə ona belə şeylər danışır. Sadəlövh kəndlinin dedikləri Nəbinin özünə də təəccüblü gəlir, qəhqəhə çəkib gülməkdən özünü saxlaya bilmir...

Bizim zəmanəmizdə Qaçaq Nəbidən də zirək, güclü adamlar var. Həmin adamların iki ürəyi, dörd böyrəyi olmasa da, onlar da bir oturuma yekə bir cöngəni dişlərinə çəkər, rahat yeyə bilərlər. Buna heç şübhəniz olmasın. Atalarımız "bir əldə iki qarpız saxlamaq olmaz” desələr də, belə adamlar üçün ataların sözləri heç bir əhəmiyyət kəsb etmir. Onlar əllərində nəinki iki, həttə üç, yeri gəlsə, dörd qarpız da saxlaya bilərlər. "Keşlə”nin Müşahidə Şurasının sədri Zaur Axundov da zəmanəmizin dəyərli şəxsiyyətlərindəndi. Xeyli maraqlı adamdı. Bilirəm ki, "Keşlə”nin nüfuzu onun üçün çox dəyərlidi. Bir müddət əvvəl həmkarlarımın onun rəhbərlik etdiyi klub haqda yazdıqlarını bəyənməmişdi. Demişdi ki, belə yazılar "Keşlə”nin nüfuzuna zərbə vurur. Məndən narazı olmasın. Belə bir fikrim yoxdu. Mən ancaq olanlardan, bitənlərdən, yaşananlardan, gördüklərimdən yazıram. Nə onun, nə də qəsəbə təmsilçisinin nüfuzuna zəbrə vurmaq fikrim var. Bir də ki, öz aramızdı, 50 mənim kimi yazar olsa da, onların yazıları Zaur bəyin etdiklərindən çox "Keşlə”yə ziyan vura bilməz. Adamlar ölkəmizi avrokuboklarda təmsil etməyə çalışan, bürünc medalçı komandanı gülüş hədəfinə çeviriblər. Daha bundan o tərəfə nə olmalıdı ki?!

Zaur Axundov "Keşlə”nin Müşahidə Şurasının sədridi. Eyni zamanda AFFA İcraiyyə Komitəsinin üzvüdü. Adları bir-birinə bənzəyən iki şirkətin də sahibidi. Hələ bunlar heç də hamısı deyil. Axundov "Araz” futzal klubunun, eyni zamanda Azərbaycan Futzal Federasiyasının da prezidentidi. İmanımı yandıra bilmərəm, görməmişəm. Amma deyirlər ki, Bakıda irili-xırdalı xeyli ictimai-iaşə obyekti var ki, onların da sahibi məhz Axundovdu. Dostlarımızdan biri o gün yadıma salıb ki, cənab Axundov iki il əvvəl AFFA İcraiyyə Komitəsinin iclasında Qurban Qurbanovun milli komandanın baş məşqçi postundan kənarlaşdırılmasına səs verib. Ona görə səs verib ki, Elxan Məmmədovun "Qurban Qurbanov iki işdə çalışmasın” fikrini dəstəkləmək lazım imiş. Taleyin istehzasıdı e. İndi Elxan Məmmədovun özü AFFA-nın həm icraçı vitse-prezidentidi, həm də baş katibi. Hələ irili-xırdalı nə qədər klubu əlində saxlayır, onlara nəzarət edir. Stadionlara qazon salınmasından tutmuş, millilərə forma və top alınmasına kimi işləri də şəxsən özü idarə edir. Hələ vaxt tapıb, "CBC Sport”un da kadr və yayın siyasətini müəyyənləşdirir. Az əvvəl sadaladığım kimi, Zaur Axundov da ondan bəhrələnir.

Ukraynalı baş məşqçi Yuri Maksimov yadınızdadı? "Keşlə”yə Azərbaycan kubokunu qazandırmışdı. Mükafatı nə oldu? Avrokuboklar zamanı "torbasını tikdilər”, onun səlahiyyətlərini Zaur İsmayılova "tapşırdılar”. Maksimov vətəni Ukraynadan verdiyi müsahibələrin hamısında qətiyyətlə bildirirdi ki, Zaur Axundov onun işlərinə qarışırmış, oyunçu seçimini, transferləri özü həyata keçirməyə çalışırmış, hələ heyət də qururmuş. Yazıq paltardəyişmə otağında başına dəyən butulkadan utandığından danışmayıb. Sonrasını siz də bilirsiz. "Keşlə” Malta təmsilçisi önündə "ağ bayraq qaldırdı”. Zaur Axundov da iki əcnəbi baş məşqçini "dişinə vurub, tulladı”. Mən bu ərəfədə "Keşlə”yə gəlib-gedən legionerlərin sayını-hesabını itirmişəm. "Keşlə”ni bataqlıqdan Tərlan Əhmədov xilas etdi. Bunu danmağa heç kimin nə cəsarəti çatar, nə də dəlili. Adam ötən ilin sonuncusunu bu mövsüm 3-cü pilləyə yüksəltdi, avrokuboklara vəsiqə qazandı. Onun da mükafatı elə Yuri Maksimovunku kimi oldu. Qovdular, səlahiyyətlərini də Zaur İsmayılova tapşırdılar. Gül kimi adamı da gah kürsüyə çıxarırlar, gah da ordan endirirlər. Bir vaxtlar Bəhmən Həsənov belə şeylərə görə lağlağı obyektinə çevrilmişdi. Zəmanə yaman dəyişib.

Avqustun 8-də "Keşlə” açıqlama yaydı ki, Müşahidə Şurası Tərlan Əhmədovla müqavilənin müddətinin uzadılmamasına qərar verib. Ay sizi, xatakarlar. Müşahidə Şurası başqa hansı məsələləri müzakirə etdi? Toplantının gündəliyindəki digər məsələlər nə idi? Nə üçün Müşahidə Şurası ilin-günün bu vaxtında toplandı və iclasın keçiriləcəyi ilə bağlı əvvəlcədən məlumat verilməmişdi? Müqavilə müddətini uzatmamaq üçün dəlil nə idi? Belə sualların sayını o qədər çoxaltmaq olar ki. Amma biz bu filmi elə Tərlan Əhmədov "Neftçi”dən uzaqlaşdırılarkən də görmüşdük də. Onda da inanmamışdıq, indi də inanmadıq. Qalan şeylərin qiymətini isə zaman verəcək. Təəssüf doğuran məqam odu ki, Qaçaq Nəbidən də zirək adam gözüylə gördüyüm Zaur Axundov ortaya yeni nəsə qoya bilmir, köhnə filmlərin lentini fırladır. Yenilik lazımdı, Zaur bəy!

Mənbə: "Futbol+” 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR