"Qalan oyunlarımız finala bərabərdir" - "Zirə"nin məşqçisi

"Zirə"nin məşqçisi Elnur Çodarov Topaz Premyer Liqasının 26-cı turunda "Səbail"ə səfərdə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransı keçirib.
 
Sport7.az xəbər verir ki, cəzalı baş məşqçi Ayxan Abbasovu əvəzləyən gənc mütəxəssis öncə matçı dəyərləndirib.

- Rəqibi təhlil etmişdik. Bilirdik ki, bizi çətin səfər gözləyir. Samir Əliyevin komandasının çox əzmkar olduğu göz qabağındadır. Bunda da baş məşqçinin işi görünür. Samir müəllim qış fasiləsindən sonra daha yaxşı komanda formalaşdırıb. Buna görə onu təbrik edirəm. Bizə gəlincə, nəyin hesabına olur-olsun, qələbə qazanmalı idik. Qələbədə əzmkarlıq, ruh yüksəkliyi həlledici oldu. Rəhbərliyə təşəkkür edirik ki, arxamızda dayanıblar. Qalan oyunlarımız finala bərabərdir. 5-ci yeri təmin etmişik. Qalan 2 oyunu da inşallah, udacağıq.

- Son 2 matçda komandanızın oyunun dəyişiklik hiss olunur. Bu, nəyin hesabına olub?

- Əlbəttə, itkilərimiz vardı. Elə olub ki, yanvardan sonra 9-10 futbolçumuz olmayıb. Bu gün iki mərkəz müdafiəçimiz yox idi. Məcburiyyətdən Vüqar Mustafayevi arxada oynatdıq.

- "Zirə" bu il ilk qələbəsini qazandı. Maraqlıdır, qələbə hissini yaddan çıxarmışdınız?

- Yox. Sadəcə, çoxdandır hiss etmirdik. Doğrudan da qələbə şirin şeydir. Ayxan Abbasov da bunu oyundan sonra vurğuladı.

- Vüsal İsgəndərliyə tez-tez xəbərdarlıq edirdiniz. Bunun səbəbi nədir?

- Vüsalın 3 sarı vərəqəsi vardı. Ona deyirdik ki, 4-cünü alıb cəzalı duruma düşməsin. Vüsalı itirmək istəmirdik (sportnet.az).
 
Sport7.az

Xəbər lenti