Qaldıq boylana-boylana... - Dünya çempionatı xəyalımız barədə

Qaldıq boylana-boylana... - Dünya çempionatı xəyalımız barədə

Gözəl ağa çox gözəl idi, vurdu çiçək çıxartdı. (Atalar sözü)

Azərbaycan millisinin növbəti seçmə mərhələdəki rəqibləri məlum oldub. Adamın dili də gəlmir ki, "millimiz bu qrupdan çıxmaq, dünya çempionatına qatılmaq uğrunda mübarizə aparacaq” desin. Bunu demək mübarizəyə də, dünya çempionatına da hörmətsizlikdi. Bizimki gözə kül üfürmək, məşhur lətifədə deyildiyi kimi, relsləri döyəcləməkdi. Guya ki, içində olduğumuz qatar öz yoluna davam edir. AFFA Azərbaycan xalqı üçün pərdələri silkələyir, relsləri döyəcləyir. Bizə də deyirlər ki, Azərbaycan futbolu inkişaf edir, böyük hədəflərə çatmaq uğrunda mübarizə aparır. Əlimizi qulağımızın dibinə qoymuşuq, özümüz də fil qulağında yatmışıq. Sağımız, solumuz inkişaf edir, biz isə...

A qrupundakı rəqiblərimizin dərdini çəkirdik, günümüzə ağlayırdıq. Bu tərəfdən də sevinirdik ki, 5 komandanın olduğu qrupa düşmüşük, millimiz ardıcıl oyunlar keçirib, səfərlərə çıxmayacaq. UEFA bu sevinci də bizə çox gördü. Qitənin futbol qurumu dünya futbolu tarixində unikal qərara imza atıb, mundiala evsahibliyi edəcək Qətər millisini Avropa yığmalarına yolyoldaşı edib. O da gəldi bizim bəxtimizə çıxdı. Qrupdakı rəqiblərimizin sayı artdı, səfərlərimiz çoxaldı, təqvim sıxlaşdı. Məlum məsələdi ki, FİFA-nın zəngin tərəfdaşlarından (yəni sponsorlarından) olan ərəblər uzun illərdi ölkələrində keçiriləcək dünya çempionatını gözləyirlər. Braziliyada boşda olan futbolçu qalmayıb ki, onu "milliləşdirib” Qətər millisinin formasını geydirməsinlər. Hələ mən dünya çempionatının Qətərə verilməsi ətrafında gəzən rüşvət iddialarını, həbs edilən FİFA məmurlarını demirəm. Ümumi görüntü belədi ki, ərəblər bu dünya çempionatına ciddi hazırlaşıblar, uğur qazanmaq üçün min ətək pul töküblər. İndi də həlledici mərhələdi, kimsə onları başa salıb ki, dünya nəhəngləri ilə ayaqlaşmaq üçün Avropa yığmaları ilə müntəzəm qarşılaşmaq, gücünü sınamaq lazımdı. UEFA da onların bu istəyini gerçəkləşdirib, çanaq da bizim başımızda sınıb.

Şəxsən mənim təqvimə baxanda gözlərim qaralır. Hər bir seçmə mərhələyə uğurlu başlamaq vacibdi. Bunun üçün də təqvimə diqqət yetirirsən, start oyununu evdə, nisbətən münasibət rəqiblə keçirməyi arzulayırsan. Amma bizim yığmamız açılış oyununda Ronaldolu Portuqaliya millisinin qəbuluna gedəcək. Hələ pandemiya səbəbindən marta qədər futbolumuzun hansı vəziyyətə düşəcəyini bir göydəki Allah bilir. Ondan sonra da Qətərlə səfərdə qarşılaşacağıq. Ronaldo və komanda yoldaşlarının başımıza açması real görünən oyundan sonra bizə hazır şikar gözüylə baxan Qətərin əlinə düşəcəyik. Məlum məsələdi ki, Qətərlə qarşılaşmaq üçün Ərəbistan yarımadasına səfər etmək lazım deyil, onlar bu ərəfədə Avropada məskunlaşacaqlar. Amma bu ölkənin Portuqaliya və ya Serbiya olacağına inanmıram. Deməli, komandamız 6 gün aralığında üç fərqli mühitdə meydana çıxmalı, uzun-uzadı yollar qət etməli olacaq. Əvvəlcə Portuqaliyaya yollanacaq, ondan sonra Qətərin məskunlaşdığı yerə gedəcəyik. Ordan da Bakıya qayıdıb, Serbiya millisini gözləyəcəyik. Bütün bu yol yorğunluğundan, gərgin qrafikdən sonra serblərdən xal ala biləcəyimizə inanmaq çətindi. "Sabah”ın heyətində Azərbaycan klublarına qol vurmağa çətinlik çəkən Ramil Şeydayevin Portuqaliyaya meydan oxumasına aldanmayın.

Portuqaliyanın da gücü bəllidi, İrlandiya ilə Serbiyanın da. Hər nə qədər pafosla danışsaq ki, Millətlər Liqasının C divizionundakı zəif rəqiblərin qapısına qol vurmağı bacarmayan komandamızın birdən-birə şirə-pələngə dönəcəyinə inanmaq asan deyil. Az-çox "dişimizə uyğun” rəqib kimi Lüksemburqu görürdük. Onlarla da bu yaxınlarda iki dəfə qarşılaşdıq, birində uduzduq, o birində də Şahruddin Məhəmmədəliyevin penaltini qaytarması sayəsində qolsuz heç-heçəyə sevindik. Vəssalam. Deməli, Lüksemburqla oyunlarda da xoş gələcəyə ümid etməyə dəyməz. Çox da İtaliyadan Canni De Byazini və onun 4 həmyerlisindən ibarət məşqçilər briqadasını dəvət etmişik. Adamlar bizim futbolçulara olsa-olsa, qapının önünə toplaşıb, qol buraxmamağı öyrədə biləcəklər. Bundan artığını gözləməyə dəyməz. Futbolumuz uzun və sistemli inkişaf yolu keçməlidi. Ona da Qurban Qurbanovla qədəm qoymaq, 7 ili əhatə edəcək proqram qurmaq istəyirdik. Xəyanətkarlar imkan vermədi. Yeri gəlmişkən, həmin o xəyanətin üstündən bu həftə iki il keçdi. İki ildən sonra AFFA İcraiyyə Komitəsinin üzvü, yəni o qərara əl qaldıranlardan biri Vaqif Sadıqov deyir ki, Canni De Byazi bizim futbolçuları tanımırdı, Millətlər Liqasındakı oyunlar bu mənada işimizə yaradı. Ay sizi...

"Bu qrupda 5-ci səbətdən gələn komandayıq və bunu vurğulamaqla yeni nəsə demiş olmuruq. Millətlər Liqasında keçirdiyimiz oyunlardan düzgün nəticə çıxara bilsək, orda qazandığımız təcrübədən düzgün yararlana bilsək, hesab edirəm ki, yaxşı oynamaqla qrupda şansımız ola bilər” – Canni De Byazi püşkatma barədə danışarkən belə deyib. İlk cümləsindən bizə yerimizi bildirir, deyir ki, kim olduğunuzu unutmayın, qrupun ən zəifi sizsiz. Sonuncu cümləsində isə iki dəfə "bilsək” deyib, şərt qoyub, sonra da "şansımız ola bilər” söyləyib. Buna deyirlər italyan budaq cümləsi. Qətərdə keçiriləcək dünya çempionatına gedən qatara boylana-boylana baxmağa hazır olmalıyıq!

Amal Abuşov, "Futbol+” qəzeti

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR