Qallianinin

Qallianinin "qırmızı-qara" sevgisi, "Bolonya" və Albertini: Ançelottinin "Milan"a məşqçi kimi qayıdışı

Romada, Palazzo al Velabroda Rossi və həyat yoldaşı bir-birinə sadiqlik andı içərkən, biz Qalliani ilə bir-birimizə söz verirdik - hər şey belə başladı.

Mən sözümün üstündə durdum və "Milanello"ya qayıtdım. Orada məni məşqçilik macərası gözləyirdi. Həmçinin orada məni idman mərkəzinin direktoru Antore Pelozo da gözləyirdi: "Evinə xoş gəlmisən, Karletto”. Həmişəki kimi, Qalliani yenə burada idi və bunun özü sual doğururdu: Görəsən, Berluskoni daha tez Qallianini yaradıb, yoxsa "Milanello"nu? İlk dəfə hansı olub: Qallianinin yumurtaya oxşayan başı, yoxsa qızıl yumurtalar yumurtlayan toyuq?

Zamanla Qallianini anlamağı öyrəndim. Adrianonun qanı qırmızı-qaradı. Onun həyatda əhval-ruhiyyəsi "Milan"ın nəticələrindən asılıdı. Komanda qələbə qazanırsa, hər şey əladı. Yox, əgər "Milan" uduzubsa, onda hamınız özünüzü qoruyun. O, həm ofis meneceridi, həm də stadionda azarkeş: bir bədəndə iki ruh. Adriano qola sevinəndə çox qorxulu olur, sanki vahiməli "Polterqeyst” filmini izləyirsən.

Qalliani öz işinin ustasıdı. Direktorlar arasında nömrə birdi. "Milan" üçün etdiklərinə görə azarkeşlər ömür boyu ona minnətdar olmalıdılar. Adriano – Berluskoninin həm sağ, həm də sol əlidi. O, daim komandanın yanındadı.
 


Heç vaxt aramızda konflikt və dava olmayıb. Əla münasibətlərimiz var idi. Sadəcə, ara-sıra futbolçulara görə mübahisələrimiz olardı. Bir hadisəni xüsusi xatırlayıram. "Milan"dakı ikinci mövsümümə təsadüf edirdi, Madriddə "Real"la oynayacaqdıq. Qrupdan çıxdığımız üçün oyun heç bir əhəmiyyət kəsb etmirdi. Matçdan öncəki məşqdə ehtiyat heyət üzərində çalışırdım, Qalliani isə danışmır, sadəcə, müşahidə edirdi. Otelə qayıdıb, nahar etdik və birdən məndən soruşdu: "Sən "Real"a qarşı oyunda onları meydana buraxmaq fikrindəsən?"

- Hə.
- Deyəsən, ağlını itirmisən.
- Biz qrupdan çıxmışıq axı. Çempionatı düşünə bilərik...
- Biz – "Milan"ıq. Bunu heç vaxt yaddan çıxartma. İndi sənə bəzi məsələləri başa salacam. İlk əvvəl coğrafiya: Biz Madriddəyik. Növbə tarix dərsindədi: Burada qələbə qazanan komandalar əbədi yaddaşlarda qalır. Dini unutmaq olmaz: "Santyaqo Bernabeu" təkcə stadion deyil, həm də futbolun məbədidi. Ardınca fəlsəfə: Güc əminlikdi, mən sənin səhv etdiyindən əminəm. Son olaraq, xəbərdarlıq: Yadda saxla, mən axmaq deyiləm.

Deyilənləri yadda saxladım, amma fikrimdən daşınmadım. Dediyim kimi, heyəti mən təyin edirəm. Yekunda 1-3 hesabı ilə məğlub olduq, Qalliani isə mənə yenə xatırlatdı: "Mən axmaq deyiləm”. Halbuki azarkeşlər heç də həmişə onu başa düşmürdülər - xüsusilə də, yaşa dolmuş, təqaüdə çıxmağa hazırlaşan futbolçuları komandaya gətirəndə.

Əslində, Qalliani "Böyük "Milan"ın sirrini çox yaxşı bilirdi. Komandanı formalaşdıran atmosfer hər şey idi. Futbolçular nə qədər çox bir yerdə olsalar, o qədər yaxşıdı. Qürur turnir cədvəlindəki yerdən daha vacibdi. Veteranlar da komandaya xeyir verir.

"Milanello"da havanın özü də xüsusidi: onu nəfəsinə çəkdikcə bu klub üçün kimlərin nələr etdiyini hiss edirsən. Qalliani həmişə yanımızda idi: "Milan" naminə sutkanın 24 saatı çalışırdı. Onun üçün bu iş yox, ehtiras idi. Səhər, gündüz, gecə - hər zaman hazır idi. Qırmızı xaç və sarı qalstuku ilə.

Qalliani ilk gündən mənə çox kömək edirdi. Bazar ertəsi müqaviləni imzaladım, çərşənbə axşamı təqdimat oldu, çərşənbə günü artıq əfsanəvi "5” nömrəli otağa yerləşmişdim. "Milanello"ya daxil olub, pilləkənləri qalxan kimi ilk otaq. Bu, mərkəzdəki ən böyük otaqdı. Solda yataq, sağda kitab dolabı və masa. Küncdə mini soyuducu və hara baxırsan bax, hər yerdə böyük tarixin böyük təəssüratları. Orada məşq meydançasına açılan, geniş mənzərəyə sahib böyük eyvan da var. Pəncərəni açıb, kresloda əyləşirsən və işə başlayırsan. Çox əfsanəvi yer idi, həmişə məndə xüsusi hisslər oyadardı. Nereo Rokko, Arriqo Sakki və Fabio Kapellonun bir zamanlar istifadə etdikləri yataqda yatırdım. Burada hətta Oskar Vaşinqton Tabares də olub.

Kapellonun dönəmində rəvayətlər gəzirdi ki, guya "Milanello"da ruh yaşayır (hərçənd direktor Pelozonun buna çox inandığını düşünürəm). Koridorda peyda olurmuş - xüsusilə də qürub vaxtı. Kapello, yoxsa risk edib, onu təngə gətirən ruh - açığı, kimin daha çox ağlını itirdiyini bilmirəm. Axı belədə onun heyətdən kənar qalmaq ehtimalı yarana bilərdi.

İlk mövsümümdə komanda ölüləri xatırladırdı. Heyət necə gəldi yığılmışdı, ideya yox idi. İnzaqi və Rui Koşta - Fatih Terimin vaxtında çox yaxşı futbolçular gəlmişdi, amma onlar zədələndilər. İlk vaxtlarda Maldini, Albertini və Kostakurtadan daha çox istifadə edirdik.
 


Mövsüm qeyri-adi alındı. Həmin "Milan"ın tarixi Bolonyada başladı. 0-2 hesabı ilə məğlub olduq, utandığımdan yerin altına girmək istəyirdim. Çox pis oynamışdıq. Özümdən çıxmışdım – səkkiz il idi ki, belə olmamışdı. İlk və demək olar ki, sonuncu dəfə. Az qalmışdı ki, soyunub-geyinmə otağını dağıdım.

Komandada qələbə qazanmaq üçün istək, motivasiya yox idi və bu, məni özümdən çıxarırdı. Yumruğumu masaya, daha sonra qapıya vururdum, butulka atırdım, qışqırırdım... Hamını və hər şeyi təhqir edirdim. Xatırladım ki, nəyisə axmaqlar kimi etmək və axmaq olmaq başqa-başqa şeylərdilər. Həmin vaxt onların hamısı mənim gözümdə axmaq kimi görünürdülər. Bu danışıq çox şeyi yaxşıya doğru dəyişdi.

"Bolonya"ya məğlub olmaqla ilk dördlükdən, Çempionlar liqası zonasından 6 xal uzaqlaşmışdıq. Yekunda çempionatı dördüncü pillədə bitirdik. Amma mən Albertinini itirdim. "Yuventus"la oyunda onu ehtiyat skamyasında oturtduqdan sonra "Milan"ı tərk etmək qərarına gəlmişdi: "Karlo, bunu səndən gözləməzdim. Biz bir yerdə oynamışıq, düşünürdüm ki, münasibətlərimiz fərqlidi. Bu, son idi”.

Albertini getdi və mən çox təəssüfləndim. Demetrio qalıb, özünü yeni-yeni göstərməyə başlayan Pirloya yaxşı alternativ ola bilərdi.
 


İlk mövsümün sonunda biz 4-4-2 düzülüşünə üstünlük verirdik: Abbiati – Kontra, Laursen, Kostakurta, Maldini – Qattuzo, Pirlo, Ambrozini, Serjinyo – Şevçenko və İnzaqi.
 
Mənbə: Karlo Ançelotti  - "Əzizim Karletto” kitabı

Tərcümə: Daniele Baselli bloqu (sport7.az)
 
Müəllifi "Facebook"da izlə: https://bit.ly/2S40691

OXŞAR XƏBƏRLƏR