Qapısı qıfıllanmış “Neftçi” məktəbi

Qapısı qıfıllanmış “Neftçi” məktəbi
Bir vaxtlar "Neftçi” bu ölkənnin "xalq komandası”, futbolumuzun "flaqmanı” idi. Nə günlərə saldılar səni, ay "Neftçi”? 80 illiyində urvatsız edildin, 8 komandalı çempionatın 7-cisi olmaq taleyi ilə barışdın. Sonuncu olmadığın üçün AZAL-a minnətdarlıq etdin.

Vəziyyət dəyişəcəkmi? İndi bunu demək çətindir. Amma hadisələrin gedişatı gələcəyə ümidlə baxmağa əsas vermir. Problemlərin sayı çox, kökləri dərində. Görülən işlər həmin o problemlərin kökündən həll edilməsi üçün ciddi islahatlar aparıldığından xəbər vermir. Klubdakı hərəkətlilik, kadr islahatları, Elxan Abdullayevin millinin məşqçilər korpusundan ayrılması isə kosmetik xarakterli dəyişiklikləri xatırladır.

Bir vaxtlar yerli futbolçuların hamısı "Neftçi”də oynamağa can atardı, "ağ-qara” formanı geyinmək hər bir gənc üçün əlçatmaz arzu idi. Bu gün isə AFFA rəhbərliyinin təzyiqi və təsiri belə yerlilərin "Neftçi”yə gəlməsi üçün yetərli deyil. Alternativ variantı olan "Neftçi”dən qaçır. Səbəb isə məlumdu. Elxan Abdullayevlə çalışmaq, rəhbərinin qeyri-müəyyən olduğu klubda oynamaq cəlbedici deyil.

Məsələ ondadı ki, əvvəllər "Neftçi” öz yetirmələri ilə öyünərdi. Elitada oynayan klubların gözü "Neftçi”nin yetişdirdiyi istedadlarda olardı. Çalışardılar ki, onların arasında "xalq komandası”na lazım olmayanları öz heyətlərinə qatsınlar. Bu gün isə həmin prosesin əksi gedir. "Neftçi”nin gözü orda-burdadı, boşda qalan, lazımsız futbolçu axtarır. Aşağı yaş qruplarından gələn də yoxdu. "Bulağın gözü” niyə qurudu? Hanı "Neftçi”nin tarixi ənənələri, çoxsaylı uşaq komandalarının yetirmələri? "Neftçi”nin uşaq futbolunu kim "öldürüb”?

"Neftçi”nin bu yay heyətinə qatdığı futbolçulardan cəmi biri öz yetirməsidi. O da icarə müddəti bitdiyinə görə "Sumqayıt”dan geri qayıdıb. Səlahət Ağayev "İnter”i pulsuzluqdan tərk etdi. Dağıstanlı Məhəmməd Mirzəbəyov "Qəbələ”də gününü keçirdi, AFFA-dakı məlum qruplaşmanın sevimlisi olduğu üçün "Neftçi”yə gətirildi. Qapıçı Rəşad Əzizli ilk addımlarını "Neftçi”də atsa da, "İnter”də püxtələşib, "Rəvan”da tanınmağa başlayıb. Əzəli rəqib "Xəzər Lənkəran”ın yetirməsi olan Elnur Cəfərovun komandaya fayda verəcəyi isə yetərincə şübhəlidi. Çünki Portuqaliyanın autsayder klubunda özünə yer edə bilməyən Elnur ötən mövsüm qızıldan qiymətli vaxtını Xorvatiyanın aşağı liqasında "yola verib”.

Görünən odu ki, "Neftçi” "qara günü”ndə köməyə öz yetirmələrini çağıra bilmir. Daha acınacaqlısı odu ki, məşqçilər əllərini atıb əvəzedicilər arasından və ya U-19 komandasından səviyyəsi elitaya uyğun gələn futbolçu tapa bilmirlər. Çox yaxın keçmişdə "Neftçi”nin əsas heyətinə Araz Abdullayev, Cavid İmamverdiyev, Amit Quluzadə, Emin Mehtiyev kimi gənclər məhz aşağıdan gəlirdi. Hanı onların davamçıları? "Ağ-qaralar"ın "uşaqları" son bir ayda yollandığı beynəlxalq turnirlərin heç birində diqqət çəkə bilməyiblər. "Neftçi”nin futbol məktəbinin qapıları qıfıllanıbmı? 

Bəli, düşündürücü sualdı...

Amal ABUŞOV



Xəbər lenti