"Qarabağ" Mahirlə bağlı qərar verdi, legionerini cəzalandırdı

Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli "Qarabağ”da qalacaq.
 
Sport7.az xəbər verir ki, bu barədə "Report”a klubun direktoru Emrah Çelikel danışıb. O bildirib ki, 24 yaşlı hücumçudan ötrü bəzi təkliflər aldıqdan sonra Emrelinin özü ilə görüşüblər. Danışıq nəticəsində forvardın mövsümün sonunadək hazırkı klubunda çıxış etməsi qərara alınıb. Çelikel gələn təkliflərə bu yay baxacaqlarını əlavə edib. Təklif aldığı əcnəbi klubların adlarını açıqlamayan "Qarabağ” rəsmisi bunu futbolçunun deməsini məqsədəuyğun sayıb.

Digər tərəfdən, Emrelinin "Qarabağ”la hazırkı müqaviləsi yayda bitəcək. Bu isə o deməkdir ki, forvard komandanı azad agent kimi tərk edəcək. Lakin direktorun sözlərinə görə, klub Emrelini havayı buraxmasından narahat deyil: "Klubların adlarını ehtiyac olsa, Mahirin özü açıqlayacaq. Lakin əsas məsələ odur ki, o, mövsümün sonunadək "Qarabağ”da qalacaq. Düzdür, Emrelinin klubumuzla müqaviləsi bu yay bitəcək. Lakin məsələyə pul qazanmaq istəyi ilə yanaşsaydıq, indi getməsi üçün səy göstərərdik. Bizim üçün "Qarabağ” və gənç oyunçumuzun gələcək karyerasının yaxşı alınması önəmlidir”.

Emreli Polşanın "Zaqlembe” və "Rakuv”, Avstriyanın "Şturm” və Macarıstanın adı açıqlanmayan klubundan təklif alıb. 
 
Yeri gəlmişkən, "Qarabağ” komandaya gec qoşulan haitili futbolçu Donald Geryeni cəzalandırıb. Bunu da Ağdam təmsilçisinin direktoru Emrah Çelikel açıqlayıb. Onun sözlərinə görə, qış toplanışında iştirak etməyən 32 yaşlı yarımmüdafiəçi cərimələnərək, əvəzedici komandaya göndərilib. Çelikel cərimənin məbləğini açıqlamayıb.

Klub rəsmisi ispaniyalı futbolçu Xayme Romeronun da məşqlərə can yandırmadığı üçün cərimələnərək əvəzedici komandaya göndərilməsi ilə bağlı yayılan xəbərə də aydınlıq gətirib. O, məlumatın həqiqəti əks etdirmədiyini bildirib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR