"Qarabağ" "Sivasspor" kimi oynayacaq" - Unay Emeri

"İki cəbhədə davamlı uğurlar üçün əl-ələ verməyə çalışırıq. Performansı qorumaq baxımından bir az səy göstərməliyik. Komandanın inkişaf etdiyini görürəm".

Sport7.az xəbər verir ki, bu fikirləri İspaniya "Vilyarreal"ının baş məşqçisi Unay Emeri UEFA Avropa Liqasının I qrupunun 2-ci turunun "Qarabağ"la oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis bildirib ki, əsas məqsədləri qrupu ilk pillədə bitirməkdir: "Sabah "Qarabağ" "Sivasspor" kimi oynayacaq. Heyətində müxtəlif ölkələrdən sürətli və təcrübəli futbolçular yer alır. Avropada oynamağa öyrəşmiş kollektivdir. Bir-birilərini yüksək səviyyədə başa düşürlər. Çətin oyun olacaq".

Komandasının ümumi vəziyyəti barədə danışan ispaniyalı baş məşqçi Sofian Çakla ilə Funes Morinin tam sağaldığını söyləyib: "Onlar dünən kollektivlə birlikdə məşq ediblər. Dani Parexo, Pervis Estupinyan və Jerar Moreno isə zədəlidir. Amma tezliklə sıraya qayıdacaqlar".

Heyətdəki rotasiyalara da toxunan Emeri 4-2-3-1 taktiki sxemi ilə oynamağa davam edəcəklərini vurğulayıb: "Komanda inkişafdadır və getdikcə oyunçular bir-birilərini daha yaxşı başa düşürlər. Bəlkə də meydanın mərkəzində bir qədər çatışmazlıq var. Xüsusilə zədəlilər çox olanda bu, aşkar hiss olunur. B planımız da mövcuddur. Lakin mən eyni üslubda davam etməyin tərəfdarıyam".

"Qarabağ" - "Vilyarreal" matçı oktyabrın 29-da Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda baş tutacaq. UEFA-nın qərarına əsasən, Ağdam təmsilçisi ev oyunlarını neytral meydanda keçirməlidir. (http://Report.az)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR