"Qarabağ" sükanı necə saxlasın?

Biz futbolun iki hissədən ibarət olduğunu bilirik. Amma "Qarabağ"ın "Roma"yla qarşılaşması üç hissədən ibarət oldu. Sadəcə, ilk iki hissə adətimiz üzrə 45 dəqiqə yox, 15 və 30 dəqiqə davam etdi.

Portuqaliyalı referi Artur Diaşdın start fitiylə bizim üçün yeni bir kabus başlamışdı. Sanki Londondakı oyunun davamını izləyirdik. Futbolçular qorxaq görünür, həyacanlarına yenik düşürdülər. Qarşılarındakı komandadan da ilk turda bizi 6 dəfə məyus edən "Çelsi" kimi çəkinirdilər. Hər şey Londondakı ssenarinin davamını xatırladırdı. Manolasın 7-ci dəqiqədə vurduğu qol da bu qorxunu şiddətləndirdi.
 
Bu məqamda Qurban Qurbanovu Şehiç inadkarlığına görə qınayanların, Anton Kanibolotskinin Şehiçin əvəzində "çərçivə"ni qorumalı olduğunu düşününlərin sayı yetərincə idi. Razılaşıram ki, Kanibalotski öz inamlı oyunu və istedadı ilə "Qarabağ"ın əsas qapıçısı olmağı haqq edir. Qurban Qurbanovun bu iki qapıçı arasında seçim edərkən xeyli götür-qoy etdiyinə də şübhəm yoxdu. Bu seçimin çətinliyi mənə 90-cı illərin sonlarında məşhur olan bir müxalifət liderinin sözlərini xatırladır. Həmin vaxt o lider onu qınayanlara "Biz iki pisdən birini seçməyə məcbur idik" deyirdi. 

Qurban Qurbanov da iki yaxşı qapıçının arasında seçim etməyin çətinliyini yaşayır. Mən iddia etmirəm ki, "Qarabağ"ın əcnəbi qapıçıları dünyanın ən güclülərindəndilər və onlar ideal səviyyədə "çərçivə" qoruyucularıdılar. Sadəcə, ikisi də səviyyəcə bir-birinə yaxındılar və onların arasında seçim etmək çox çətindir. Londondakı oyundakı inamsız çıxışından sonra Qurbanov ölkə çempionatında Şehiçi ehtiyatda oturtmaqla bir çox mətləblərə işarə vurdu. Bosniyalı qolkiper də çalışdırıcının ismarıcını qəbul etdi. "Roma"yla oyunda da Şehiçin ehtiyatda oturması qışda onun "Qarabağ"dan ayrılması demək idi. Bu addım isə komandada yeni-yeni yaranmağa başlayan qapıçılararası rəqabəti zəiflətmiş olardı.

Qayıdaq "Roma" ilə oyuna. Bəli, vurulan qollarda Şehiçin səhvi var idi. Amma igidi öldürsək də, haqqını verməliyik. Oyunun qalan dəqiqələrində Şehiç özünə inamı bərpa etdi, Londonda girdiyi qəflət yuxusundan oyandı. Azı iki epizodda "Qarabağ"ı real qoldan xilas etdiyini xatırlasaq, səhvlərini "sığortaladığını" da deyə bilərik. Qurban bəy Şehiçlə bağlı nə qədər çətinlik çəkirsə, Rəşad Sadıqovla bağlı vəziyyət də eynidi. "Rəşad oynamalıdı, ya yox" sualı tam bir dilemmaya çevrilib. Yakub Jezniçak yaxşı müdafiəçi, etibarlı və təcrübəli futbolçudur. Bunu heç kim danmır. Amma Sadıqov da komandanın lideridi. Görünür, məhz bu məqamı nəzərə alan çalışdırıcı onu 90 dəqiqə meydanda saxladı. Yaş bir tərəfdən, U-19 komandasındakı işlər digər tərəfdən Rəşadı əldən salır. Səhvləri də var, bəzi epizodlarda çatdırmadığı hiss olunur. Əyri oturaq, düz danışaq, dostlar. "Roma" ilə oyunda 35 yaşlı azərbaycanlı müdafiəçinin səhvə yol verməsi də təbiidi. Çempionar Liqasının qrupunda oynayan azərbaycanlı futbolçu heçmi səhv etməyəcək?

"Qarabağ" "Roma"yla oyunun 15-ci dəqiqəsindən sonra özünə gəldi. Söhbət təkcə qapımızdan qol buraxmamaqdan getmir. Topla daha yaxşı rəftar etməyə başladıq, rəqibə təzyiq göstərdik, onu səhvə məcbur etdik. Və belə bir səhvlərdən birinin nəticəsində Pedro həmin tarixi qolu vurdu. Davamını da gətirəcəkdik. Oyunun son dəqiqələrində Dinonun zərbəsi bir qədər sağa getsəydi... 

Daha bir tarixi oyun keçmişdə qaldı. Önümüzdə vacib olan daha 4 qarşılaşma var. Həmin qarşılaşmaları fiaskoya yox, futbol bayramına çevirməli, "Qarabağ"ın Çempionlar Liqasında təsadüfi qonaq olmadığını Avropaya isbatlamalıyıq. "Qarabağ"ın sükanı etibarlı əllərdədi. Sükanı elə belə saxlasa, bəsimizdi. 

Amal ABUŞOV


Xəbər lenti