“Qarabağ” üçün “A” planı

“Qarabağ” üçün “A” planı
Bir neçə saatdan sonra "Qarabağ” tarixinin daha bir vacib oyununa çıxacaq. Rəqibimizin Albaniya çempionatını 2-ci pillədə bitirən "Kukesi”di. Rauf Əliyevin ötən il yollandığı və heç bəyənmədiyi, ağız büzdüyü alban klubu.

Albaniyanın klub futbolunun vəziyyəti bizə çoxdan məlumdu. Zəngin sayılmırlar, səviyyəli legionerləri də olmur. Yaxşı pul qazanmaq həvəsində olan istedadlı yerlilər də ilk imkandaca ölkə sərhədlərini aşır, daha imkanlı klublarla anlaşırlar. Elə bu səbəbdən də alban klubları qitə kuboklarında elə də uğurlu nəticələrlə yadda qalmır, boylarından elə də yüksəyə tullanmırlar.

Bəli, bu mənada "Şkenderbeü” müəyyən qədər istisnadı. "Neftçi”ni bir vaxtlar göydən yerə endirən məhz İsgəndər bəyin adını daşıyan komanda idi. Ötən il eyni oyunu "Kayrat”ın da başına açdılar. Bizə yaxşı tanış olan gürcü çalışdırıcı Kaxaber Tsxadadzenin də "Kayrat”dakı işi yarımçıq qoymağa "Şkenderbeü” məcbur etdi. O da rəhmətlik Böyükağa Hacıyev kimi "Şkenderbeü” səddini aşa bilməyincə postundan ayrılmalı oldu. Hiyləgər və oyun alqı-satqısı ilə məşğul olan "Şkenderbeü”nu UEFA 10 illiyinə cəzalandırıb və bunun da sayəsində "Kukesi” Albaniya Çempionlar Liqasında təmsil edir.

İlk oyun göstərdi ki, "Kukesi” "Şkenderbeü” deyil. Rauf Əliyevin bu komanda haqqında dedikləri böyük ölçüdə həqiqətdi. Bu səviyyəli yarış keçirmək üçün stadionu olmayan, Çempionlar Liqası qarşılaşmasında azarkeşlərin yalnız buraxdığı komanda üçün ciddi fikirlər söyləmək çətindi. "Qarabağ” ötənilki uğuru təkrarlamaq fikrindədisə, "Kukesi”ni tək ayaqla keçməlidi. Bu komandayla görüşlərə adamın "Kukesi” səddi” deməyə də dili gəlmir.

Amma sözsüz ki, arxayınlaşmaq olmaz. Əlimizi qulağımızın dibinə qoyub, 90 dəqiqəni yola vermək üçün meydana çıxsaq, mərhələni gətirən qolu bizə heç kim hədiyyə etməyəcək. Hiyləgər albanlarla səfərdəki görüşə arxayınlaşmaq, rəqibin hücum potensialını heçə saymaq da düzgün yanaşma deyil. İstənilən komandanın oyun ərzində bir, ya da iki qol imkanı olur. Əsasən də standart vəziyyətlər və hissə sonları zamanı. Standart vəziyyət zamanı gözlənilməz "ev tapşırığı” ilə qarşılaşmağımız mümkündü. Hissə sonlarında isə futbolçular psixiloji baxımdan "boşalır”, özlərini bir an öncə paltardəyişmə otağına salıb, dincəlmək və sərinləmək arzusuna düşürlər.

Odu ki, rəqibin qapı torunu mümkün qədər tez silkələmək, onların planını pozmaq lazımdı. Albanlar özləri də etiraf edir ki, oyunun taleyini mümkün qədər gec həll etməyi, hətta penaltilərə qədər uzatmağı arzulayırlar. "Lotoreya”da daha çox gərginlik hiss edən bizimkilər olacaq. Buna görə də rəqibin bu arzusunu gerçəkləşdirmək qəti şəkildə olmaz.

"Qarabağ” bu axşamkı görüşə "A” planı ilə çıxmalıdı. İlk hissədə qol və ya qollar mütləq vurulmalıdı. Fatih Terim demişkən, "taktik-maktik yox, bom-bom-bom...” Ondan sonrası isə asan olacaq. "Kukesi”nin futbolçuları bu görüşdə komandanın və mərhələnin yox, öz canlarının hayındadılar. İki futbolçunun kollektivdən əvvəl Bakıya gəlməsi, burda hansısa mümkün transfer danışıqlarında iştirak etməsi ehtimalı çox şeydən xəbər verir.

Qələbəyə yaxın olan, turu keçməyə layiq "Qarabağ”dı. Sürprizə imkan verməyək!

Amal ABUŞOV

Xəbər lenti