"Qarabağ" üçün ən güclü rəqib gəlsin

Dünən "Qəbələ" yunan rəqibinə uduzmaqla azərbaycanlı azarkeşləri xeyli üzdü. Ardıcıl 2 ildi ki, Avroliqanın qrupunda mübarizə aparan bölgə təmsilçisinin bu dəfə 3-cü mərhələdə dayanması təbii ki, bizim üçün heç də xoşagələn hal deyil.
 
Hələ 2015/16 mövsümündə Roman Qriqorçukun komandası məhz bu rəqibi "pley-off"da mübarizədən kənarlaşdıraraq qrup mərhələsinə vəsiqəni təmin etmişdi. Ancaq indi nə o "Panatinaikos" idi, nə də o "Qəbələ". Hər iki komandada bu müddət ərzində çox dəyişiklik olmuşdu. Amma rəqib daha istəkli və etiraf etmək lazımdı ki, güclü idi. Beləcə, "Qəbələ"dən qisas aldılar. Əslində, təmsilçimizin də yeni transferləri pis deyil. Amma nədənsə bu dəfə "Qəbələ"nin hücum xətti zəif təsir bağışladı. Sanki bəzi futbolçular, xüsusən də hücumçular meydana ancaq say düzəltmək üçün çıxmışdılar. Qısası, hücum baxımından inamlı təsir bağışladılar. Məzmunsuz futbol sərgilədilər və bir-birilərini başa düşə bilmədilər. Ya da Qriqorçukun tapşırıqlarını mənimsəməkdə çətinlik çəkdilər. Söhbət təkcə "Panatinaikos" deyil, həm də 2-ci mərhələdə "Yagelloniya" ilə görüşlərdən gedir. Əslində keçən il də "Qəbələ"də Avroliqa öncəsi xeyli dəyişklik olmuşdu. Yeni futbolçular gəlmişdi. Amma onlar daha tez uyğunlaşdılar və "Qəbələ"ni qrup mərhələsinə qədər daşımağı bacardılar. Hər halda ümid edək ki, ölkə çempionatı ərzində bütün problemlər yoluna qoyulacaq və "Qəbələ" ötənilkindən də yaxşı çıxış edəcək...

Sözüm onda deyil. Olanlar oldu artıq, irəlini düşünmək lazımdı. "Qəbələ"nin Avroliqada mübarizəni dayandırması həm də "Qarabağ"ı beynəlxalq arenalarda tək qoymaq anlamına gəldi. İndi ağdamlıların üzərinə daha böyük məsuliyyət düşür. "Qarabağ"ın bu il minimum Avroliqanın qrupunda mübarizə aparacağı dəqiqləşib. Hər halda "Şerif"i ÇL-in 3-cü mərhələsində yenərək, mübarizədən kənarlaşdıran Qurban Qurbanovun komandası "pley-off"a vəsiqə qazandı və azərbaycanlı futbolsevərləri böyük sevincə qərq etdi. Ən azından "halal olsun" deməliyik, alqışalayiqdilər. Bu da o deməkdi ki, ÇL-in qrupuna düşmək şansı var. Amma...

Bir neçə saatdan sonra ÇL-in "pley-off" mərhələsinin püşkatması keçiriləcək. Çempionumuzun potensial rəqibləri də məlumdu - "Olimpiakos" (Yunanıstan), "Seltik” (Şotlandiya), "Kopenhagen” (Danimarka), APOEL (Kipr) və "Maribor” (Slovaniya). Rəqiblərin gücü haqda uzun-uzadı mülahizə etməyə ehtiyac yoxdu. Hamısı kifayət qədər güclü və tanınmış komandalardı. Hətta bəziləri avrokuboklarda Azərbaycan təmsilçilərinə də rəqib olub... 

Açığı hər kəs püşkatmada zəif rəqib arzulayır. Amma mən əksinə, ən güclü kimdisə (hərçənd zəif rəqib yoxdu) məhz onun "Qarabağ"la düşməsini arzulayıram. Lütfən yanlış anlamayın, "vətən xaini", komandalarımızın uduzmasına sevinən birisi deyiləm. Sözlərim başqa mənanı kəsb edir. Nəyi? Öncə qeyd edim ki, ÇL-in qrupunda oynamaq istəyən komanda özünü sübut və güclü rəqibini yenərək orda oynamağı haqq etməlidi. "Şerif" Albaniya "Kukesi"sini məğlub edib 3-cü mərhələyə adlayanda bəziləri dedi ki, "bəxt hesabına keçiblər", "güclü deyillər" (halbuki moldovalılar əksini sübut etdilər) və sair. Hər halda "Qarabağ" haqda da eyni sözlərin deyilməsini istəmərik. Qurban Qurbanovun komandasının buna yol verməyəcəyinə də inanıram...
 
Püşkatmada zəif rəqib arzulamaq qorxaqlıq əlamətidi. Şəxsən belə insanları qorxaq, aciz, müabrizədən çəkinən, oynamaq xətrinə oynayan və məqsədsiz adlandırıram. Hər kəs meydana rəqibin kimliyindən asılı olmayaraq qələbə üçün çıxmalıdı. Məğlubiyyətsiz komanda yoxdu, görməmişəm, görməyəcəyəm də. Buna əminəm. Ona görə məhz güclü rəqib arzulamalıyıq. Bu həm də oyunun marağının və stadiona gələn azarkeşlərin sayının ikiqat artması anlamına gəlir. Eyni zamanda futbolumuzun inkişafına da töhfə deməkdi. Yəni ağdamlılar Azərbaycan üçün uğurlu missiyasını davam etdirmiş olacaq.

Hamımız "Qarabağ"ı ÇL-in qrup mərhələsində görməyi, çox, lap çox istəyirik və bunun baş verəcəyinə inamımız böyükdü. Qurban Qurbanovun güclü analiz qabiliyyətinə, komandanı çətin vəziyyətdən çıxara bilmə istedadına və onu ÇL-in qrupuna daşımaq iqtidarında olmasına inamımız böyükdü. Ona görə də, haydı, "QARABAĞ" ÜÇÜN ƏN GÜCLÜ RƏQİB GƏLSİN.

Səbuhi NƏRİMANOĞLU

Xəbər lenti