“Qarabağ” zəifləyib – Kuba belə düşünür

“Qarabağ” zəifləyib – Kuba belə düşünür

"Bir tərəfdən bütün həyatım "Legiya" ilə bağlıdı, digər tərəfdən Azərbaycanda iki gözəl il keçirmişəm”

Sport7.az xəbər verir ki, "Qarabağ"ın sabiq futbolçusu Yakub Jezniçak "Super Express" nəşrinə açıqlamasında belə deyib.

Polşalı futbolçu daha sonra Avropa Liqasının pley-off mərhələsinin püşkünə münasibət bildirib. Hazırda Plotsk "Visla"sında çıxış edən polşalı müdafiəçi "Legiya"nın ağdamlılara potensial rəqib olması haqda bunları deyib: "Legiya" üçün yaxşı püşk olmadı. Fikrimcə, hər iki tərəf nəticədən narazıdı. Çünki daha zəif komandalarla düşə bilərdilər. Bir az ürəyim parçalandı. Bir tərəfdən bütün həyatım "Legiya" ilə bağlıdı, digər tərəfdən Azərbaycanda iki gözəl il keçirmişəm. Oyunun Varşavada keçirilməsi "Legiya" üçün birmənalı üstünlükdü. Çünki "Qarabağ" avrokuboklarda nadir hallarda evdə uduzur. Çox vaxt isə qalib gəlir. Kimin favorit olduğunu demək çətindi. Hər şey həmin gün hansı komandanın formada olacağından asılıdı. Mənim üçün oyun gününə qədər şanslar bərabərdi. Təəssüf ki, bu duel qrup mərhələsində baş tutmayacaq. O zaman qarşılaşmanı daha rahat izləyərdim”.

34 yaşlı futbolçu 2017-19-cu illərdə formasını geydiyi "Qarabağ"la hazırkı komandanı müqayisə edib: "Düşünürəm ki, hazırkı "Qarabağ" zəifdi. Bizim vaxtımızda komanda Çempionlar Liqasının qrup mərhələsində oynamışdı. Növbəti mövsümdə isə turnirin pley-off mərhələsində uduzmuşdu. Bu dəfə 3-cü mərhələdə mübarizəni dayandırdılar. "Qarabağ"ın əsas kapitanı (Rəşad Sadıqov) karyerasını başa vurub. Birlikdə oynadığım legionerlərin çoxu isə komandanı tərk ediblər. Bu mənada indiki komandanın zəif olduğunu düşünürəm. Hazırkı heyətdən 4 futbolçunu fərqləndirərdim. Birinci yerdə, heç şübhəsiz, Polşa çempionatından da tanıdığımız Vild-Donald Geryedi. Bir il öncə "Legiya"dan təklif almışdı, amma qəbul etmədi. Bilirik ki, qol vurmağı bacarır. Bunu "Şerif"lə qarşılaşma da gördük. Fransalı yarımmüdafiəçi Abdulla Zubir də təhlükəlidi. Yadımdadı, "Arsenal"la Çempionlar Liqasının oyununda Ştefan Lixtştayneri o qədər aldatmışdı ki, başı fırlanırdı. Gənc hücumçu Mahir Emrelini də qeyd etməliyəm. Cəmi 23 yaşı var, artıq iki dəfə çempionatın bombardiri olub".

Şahruddin Məhəmmədəliyev haqda da danışan Jezniçak diqqəti qapıçının boyunun qısa olmasına çəkib: "Qapı xəttində inamlı təsir bağışlayır. "Molde" ilə oyunda penaltini qaytardı. Amma boyu elə də uca deyil. "Legiya" bu amilə xüsusi diqqət yetirməli və maksimum yararlanmalıdı". (Futbol+)

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR