"Qarabağ"da özümü əsgər kimi hiss edirəm" - Qara Qarayev

"Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev Türkiyə mətbuatına müsahibə verib. O, futbolla yanaşı, şəxsi həyatından da danışıb.
 
- Futbolu necə seçdiniz və neçə ildir ki, topla dostsunuz?
- Uşaqlığımdan idmana sevgim var idi və digər idman növləri ilə də məşğul oldum. Elnur Zeynalovun sayəsində futbolla tanış oldum. Müəllimlərimi heç zaman unutmaram. Məni REOUGEM məktəbinə gətirdi. Sonra "Qarabağ”ın seçimləri keçirilirdi. Məşqçilərimlə danışdıq və ora qatılmağa qərar verdik. 2006-cı ildə olan bu seçimlərdən sonra indiyə qədər olan "Qarabağ” hekayəsi başladı.
 
- Niyə "Qarabağ”da oynayarkən özünüzü məşhur futbolçu hiss edirsiniz? "Qarabağ”dan başqa klublarda oynamaq istəyərsiniz?
- "Qarabağ” gələndən sonra özümü məşhur oyunçu kimi hiss etmirdim. Burada özümü əsgər kimi hiss edirəm, Qarabağ uğrunda mübarizə aparan bir gənc insan olaraq görürəm. "Qarabağ”da oynamağı belə məşhur olacaq səviyyədə təsəvvür etməmişdim. Biz həmişə ən yaxşısını etdik və komandamızın dünyada tanınması üçün daim ən yüksək nəticələr göstərdik. Bunun ölkə üçün də faydası var. "Qarabağ” məni buradan göndərmədikcə getməyəcəm. Başqa klubda oynayacağımı heç düşünməmişəm. Əgər mümkün olsa, karyeramı burada bitirmək istəyirəm. Çünki illər getdikcə oyunum daha da inkişaf edir, irəli gedir. Bəzən xəyallar qurursan ki, belə klublarda oynamaq olar. Amma təklif istədiyin kimi olmur. Məsələn, Azərbaycan millisi naminə hər şey etmək olar. Bəzən həmin komandalar Azərbaycan futboluna layiq deyil deyə tərəddüd edirəm.
 
- İşğal edilmiş torpaqların adını daşıyan bir klubun heyətində Avropa meydanlarında oynamaq hansı hissləri yaşadır?
- "Qarabağ” bizim adımızdır. Ötən il Çempionlar Liqası kimi böyük yarışda mübarizə apardıq.
 
- Milli komandaya neçə yaşından dəvət aldınız?
- İlk dəfə 15 yaşımda U-15 millisinə çağırıldım. Davamı olaraq, U-17, U-19, U-21 komandalarında oynadım. İlk dəfə 2013-cü ildə Berti Foqts tərəfindən əsas yığmanın heyətində yer aldım.
 
- Karyeranın ən yaddaqalan oyunu hansıdır?
- Hər kəsin həyatında bir oyun olur ki, qeyri-adi matç kimi yadda qalır. Mənim unudulmaz oyunum "Kopenhagen” məğlubiyyətidir. Həmin məğlubiyyət bizə çox şey qazandırdı. Uduzduq, amma uğurlu olduq. Çempionlar Liqasına düşdük. Unudulmaz matçdır.
 
- 2018-ci ili necə xatırlayırsan?
- "Qarabağ”la uğurlarımız ötənilki kimi olmasa da, Avropa Liqasında oynadıq. Yaxşı il oldu. Amma digər yandan, milli komanda ilə yaxşı nəticə göstərə bilərdik. Malta ilə matçlardakı uğursuzluq, Kosovo ilə son oyundakı məğlubiyyət... Hardasa normal olaraq qiymətləndirərdim. Şəxsi həyatımda isə bir çox dostlarımın ailə qurması məni sevindirdi.
 
- Sizin sosial şəbəkələrdə rəqs videoların var. Bunun üçün məşqlərə getmisən?
- Mənim fikrim odur ki, şəxsi həyatım gündəmdə olmamalıdır. Hər zaman gündəmdən kənar həyat yaşamağa çalışdım. Ancaq futbolumla bağlı danışılmalıdır. Bunun da mənə faydası var. Həmin video dostumun toyundandır. Çalışdım ki, məclisə uyğun mən də çıxış edim. Qarabağlılar musiqi duyumludur və düşünürəm ki, mənim də rəqs bacarığım ordan gəlir. Heç vaxt rəqs dərslərinə getmədim.
 
- Komandada ən yaxşı dostun kimdir?
- Araz Abdullayevlə birlikdə qalırıq və hətta məşqlərə də bir yerdə gedirik. Fərq qoymaq istəmirəm, çünki bütün komanda yoldaşlarımla münasibət əladır və hər zaman zarafatlaşırıq.
 
- Karyeranızı bitirikdən sonra nə planlaşdırırsınız?
- İndidən qərar vermək çətindir. Bunu zaman göstərəcək. Düşünürəm ki, futbol daim məni özünə çəkəcək. Başqa bir sahəyə yönəlmək istəsəm də, çətin olacaq. Bəzən 5-10 il dincəlməyi düşünürəm.
 
- Qara Qarayevin gizli bacarığı nədir?
- Bəlli bir bacarığım yoxdur, amma bir şeyi istəsəm, mütləq öyrənərəm. Məşqlərdən vaxt ayırmaq çox çətindir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR