“Qarabağ”ı Gürcüstanda nə gözləyir?

“Qarabağ”ı Gürcüstanda nə gözləyir?
Rəsmi rəqəmlərə görə Tbilisidə 60 minə yaxın erməni yaşayır. Bu, ümumi şəhər əhalisinin 5 faizə yaxınıdı. Yetərincə yüksək rəqəmdi. Sizə kiçik görünməsin. Təkcə onu qeyd etmək yetərlidi ki, ermənilər saylarına görə Tbilisidə gürcülərdən sonra ikinci yerdədilər. Bu saya rəsmi qeydiyyatda olmayanlar, Tbilisiyə yaxın digər rayonlarda yaşayanlar daxil deyil. Onları da nəzərə alsaq, ortaya daha böyük rəqəm çıxacaq.

Gürcüstanın paytaxtında yaşayan ermənilərin sayı ilə maraqlanmağımız təsadüfi deyil. Təxminən 20-25 gündən sonra Azərbaycan çempionu "Qarabağ”ı bu şəhərə çətin səfər gözləyir. Deməli, "Qarabağ” Tbilisidə təkcə "Samtredia” və onun azarkeşləri ilə deyil, həm də ermənilərlə mübarizə aparmalı olacaq, onların qanını qaraltmağa çalışacaq. Eyni zamanda da həmin ermənilər öz varlıqlarını "Qarabağ”a göstərmək üçün əllərindən gələni edəcəklər.

Hələ onu demirik ki, gürcülərin özlərinin də bizə münasibəti loyal deyil. "Neftçi”nin "Çixura” ilə oyununda, "Qəbələ”nin "Dinamo” ilə qarşılaşmasında onların da simasını görmüşük. İtaliya "İnter”inin Bakıya səfərlərinin birində Gürcüstandan gəlmiş fanatların nə hoqqa çıxardığını da unutmamışıq. "İnter”ə azarkeşlik etmək üçün Bakıya gələn gürcü fanatlar italyanların məşqi zamanı Respublika stadionunda yerli futbolsevərlərlə və polislə münaqişəyə girməkdən çəkinməmişdilər.

Bütün bunları ermənilər də bilməmiş olmazlar. Əllərinə göydən fürsət düşüb. Təxribata meyilli olan və Azərbaycanı sevməyən gürcülərin köməyinə də bel bağlayacaqlar. Bilirik ki, illərdi Avropada adından söz etdirən, Azərbaycan futbolunu qitənin tanınmış stadionlarında, böyük şəhərlərində uğurla təmsil edən "Qarabağ”ın əlindən yanıqlıdılar. Həm komandanın qazandığı uğurlar, həm də daşıdığı həssas ad onların emosilarını aşırıb-coşdurur. Bütün bunları bilmək, hazırlıqlı olmaq və cavab həmlələri üçün hərəkətə keçmək vacibdi. 

Şübhə etmirəm ki, "Qarabağ” rəhbərliyi yetərincə təcrübəyə sahibdi. İndiyə qədər ən müxtəlif şəhərlərdə, çoxminli azarkeşlər qarşısında oyun keçirən "köhlən atlar” bu sınaqdan da üzüağ çıxacaq. Amma ehtiyatı da əldən vermək olmaz. Yaxşı olardı ki, klub indidən Gürcüstan tərəfiylə apardığı danışıqlarda erməni amilinə xüsusi diqqət ayırsın, təxribat ehtimalını minumuma endirsin. Stadionda Azərbaycanın ərazi bütövlüyünü şübhə altına salan, dövlət atributlarımızı aşağılayan heç bir yazılı şüara, pankarta izin verilməməli, qondarma respublikanın bayrağı tribunaya buraxılmamalıdı. Ümumiyyətlə, heç Ermənistan bayrağının da qaldırılmasına yol vermək olmaz. 

Tbilisiyə getmək həm vaxt, həm də maddi baxımdan sərfəlidi. Bu səbəbdən də Azərbaycandan xeyli azarkeşin Tbilisiyə gedəcəyi şübhəsizdi. Həmin azarkeşlərə Gürcüstanda yaşayan çoxminli soydaşlarımızı da qatmaq, tribunalarda "Qarabağ” üçün yüksək səviyyədə dəstək təşkil etmək də mümkündü. Amma azarkeşlərin xüsusi mühafizə olunması da vacib şərtdir ki, bunu da əvvəlcədən gürcü polisindən tələb etmək lazımdı. Bir-neçə il bundan əvvəl gürcülər Bakıdan gedən azarkeşlərin əlindən bayraqları almış, özlərinə isə fiziki təsir göstərmişdi. Bütün bunları unutmamışıq.

Sözsüz ki, futbol emosiyalar, çılğın azarkeşlər oyunudu. Bu vacib məqamı qəbul etməklə yanaşı, ehtiyatı da əldən verməməli, təxribatlara hazır olmalıyıq. Ən yaxşısı da odu ki, "Qarabağ” "Samtredia” səddini asanlıqla aşmaqla bizi sevməyənlərin cavabını elə futbol meydanına versin. Buna inamımız sonsuzdu.  
 
Amal ABUŞOV

Xəbər lenti