“Qarabağ”ın fan-şopunun yolu

“Qarabağ”ın fan-şopunun yolu
"Almırlar, yaxşı transfer etmirlər. Bu futbolçularla "Qarabağ” uzağa gedə bilməyəcək”, "Sponsorlar transferlərə pul ayırmır, xəsislik edirlər”, "Qurban Qurbanov transferlərə hədsiz ehtiyatla yanaşır, hamı legioner aldı, bunlar heç kimi tapmırlar”... bu cür söz-söhbətlərə artıq öyrəşmişik. İllərdi bitmək bilməyən qınaqlar, "pofessor sayağı” açıqlamalar, "Qarabağ” 2-3 peşəkar futbolçu alsa uzağa gedər” tipli məsləhətlər gündəmdən düşmür.

Budur, həmin "Qarabağ” artıq irəliyə doğru böyük bir addım atdı. "Zalsburq” və "Viktoriya” ilə oyunlarda bəxt bizdən üz döndərmiş, şans yanımızda olmamışdı. Bu dəfə də qorxurduq. Bakıdakı ilk qolsuz heç-heçədən sonra narahatçılığımız daha da artmışdı. "Şerif”in evdə daha da qapanacağı, kəskin əks-hücumların birində Şehiçi məyus etməklə işimizi də daha da qəlizləşdirəcəyi gözlənilən idi. Dino Ndlovun ilk hissəyə əlavə olunmuş vaxtın son saniyələrində vurduğu qol moldovanların planlarını alt-üst etdi. "Qarabağ” layiqli qələbə ilə Çempionlar Liqasında pley-off mərhələsinə yüksəlməyi bacardı.

Tilsimi qırmışıq. Bir az püşkün üzümüzə gülməsi, bir az da boyumuzdan yuxarı tullanmağımız kifayətdi ki, Azərbaycan çempionu qitənin ən nüfuzlu klub turnirinin qrupunda oynasın. Avropanın nəhəng klubları Bakıya gəlsinlər və biz tarixin şahidlərinə çevrilək. Əminəm ki, Qurban Qurbanov və onun cəngavərləri bunun reallaşması üçün əllərindən gələni edəcəklər. Çempionlar Liqasının pley-off oyunlarına qədər komandanın azı bir əcnəbi ilə güclənəcəyi belə inandırıcıdı. 

Şübhə etmirəm ki, hamınız bunu çox istəyirsiz. Bəs, biz bu istəyin həyata keçməsi üçün nə edirik? İnandırım sizi, günü bu gün də "Qarabağ”ın avrokuboklardakı oyunlarının ərəfəsində "Qardaş, səndə artıq bilet olmaz?” sualıyla müraciət edənlər var. Heç kimin azarkeşlik hisslərini aşağılamaq, kimisə maddi sıxıntılar içində əziyyət çəkdiyinə görə qınamaq fikrində deyiləm. Qınağım dondurmaya, pivəyə, mərc oyunlarına səxavətlə pul xərcləyənlərədi. Siz "Qarabağ”ın güclənməsi, Çempionlar Liqasının qrupunda oynamağa layiq transferlər etməsi üçün nə etmisiz? Kənarda dayanıb klub rəhbərliyini xəsislikdə, məşqçilər korpusunu ləng davranmaqda ittiham etmək çox asandı. Əlimizi daşın altına qoymayana qədər qınaqlarımızın da nəticəsi olmayacaq, arzularımız reallaşmayacaq. 

Hamımızın yadındadı, bir dəfə "Qarabağ”ın hansısa oyununa ucuz biletləri bir manatdan ikiyə qaldırmışdılar, tribunalar boş qalmışdı. Çempionlar Liqasının oyunları zamanı biletlər 5 manata satılsa, "Qarabağ”a dəstək verəcəyikmi? "Ulduz” futbolçular Bakıya havayı gəlmirlər axı. İki həftəyə yaxındı ki, "Qarabağ”ın rəsmi fan-şopu fəaliyyət göstərir. Klubdan transfer tələb edənlər həmin mağazaya baş çəkib, hansısa atribut və ya geyim üçün xərcə düşməyiblərsə, biz ÇL-nin qrup mərhələsini haqq etmirik. Əvvəlcə kluba dəstək vermək, fan-şopun yolunu tanımaq lazımdı. Daha sonra qitə nəhənglərini Bakıya gətirməyi tələb etmək. İnciməyin, dostlar!

Amal ABUŞOV









Xəbər lenti