"Qarabağ"ın futbolçusu: "Kiminsə arxasınca düşən deyiləm"

"Maraqlı oyun olacaq. Bu matçı çoxdan gözləyirdik”.
 
Sport7.az xəbər verir ki, bu sözlər "Qarabağ”ın müdafiəçisi Maksim Medvedevə məxsusdu.

Ağdam klubu sabah Avropa Liqasının qrup mərhələsinin II turunda "Arsenal”la üz-üzə gələcək. Medvedev matçın oynanılacağı Bakı Olimpiya Stadionunda təşkil olunan mətbuat konfransında fikirlərini bölüşüb: "Belə məşhur kluba qarşı çıxış edəcəyik. Azarkeşlər də bu görüşü səbirsizliklə gözləyirlər. Çalışacağıq sabah əlimizdən gələni edək”.

- İngiltərə klublarına qarşı oynamaq sizin üçün sanki daha çətindi...

- İngiltərə futbolu fiziki cəhətdən çox güclüdü. "Atletiko”ya qarşı taktiki cəhətdən yaxşı hazırlaşmışdıq. "Arsenal” çox sürətli oynayır. Biz Azərbaycan çempionatında çıxış edirik. Belə klublarla ildə bir dəfə qarşılaşırıq. Bu cür komandalarla nə qədər çox oynasaq, bir o qədər yaxşıdı.

- Sabah oyundan sonra "Arsenal”ın hansı futbolçusu ilə formasını dəyişmək istəyərdiniz?

- Meydanın mərkəzində forma dəyişməkdən utanıram. Mənim belə bir həvəsim yoxdu. Bəlkə paltardəyişmə otağında olar. Amma kiminsə arxasınca forma üçün düşən deyiləm. Qurban Qurbanov müdaxilə edir: "Forma məsələsində qəbahətli bir şey yoxdu. Buna normal baxıram. Böyük futbolçular da formalarını dəyişirlər. Buna görə hansısa oyunçunu danlamaq olmaz. Cavan vaxtımda bəlkə də başqa cür yanaşardım. Amma indi normal yanaşıram”.

- Sabah hansı nəticəyə ümid edə bilərik?

- Kollektiv şəkildə istəyimiz, fikrimiz bir olsa, yaxşı nəticə qazana bilərik. Ağır oyun olacaq. Əsas odu ki, təzyiqdən təsirlənməyək. Belə oyunlar karyeramız ərzində çox olmur. (Matç.az)
 
Sport7.az

Xəbər lenti