“Qarabağ”ın Londondakı şansı

“Qarabağ”ın Londondakı şansı

Azərbaycan çempionu "Qarabağ” Londondadır, İngiltərənin paytaxtında. Özü də nə ilk səfərdi, nə də ikinci. Düz üçüncü dəfədi ki, təmsilçimiz Londona yollanır. Təkcə İngiltərənin deyil, "Böyük beşlik” ölkələrinin nəhənglərindən sayılan klublardan biri ilə qarşılaşmaq üçün.

"Tottenhem” və "Çelsi”nin ardından "Arsenal” da "Qarabağ”ı doğma meydanda qəbul edəcək. Nəticənin necə olmasından asılı olmayaraq, çempionatında cəmi səkkiz klub mübarizə aparan, uşaq futbolu məhv edilmiş, futbolu bir qrup işbazın əlində oyuncağa çevrilmiş ölkə üçün böyük uğurdu.

Bir dəfə Roman Qriqorçukun çalışdırdığı "Qəbələ” ilə Almaniyanın Dortmund şəhərinə səfərə getmişdik. "Qəbələ” elə "Arsenal” qədər məşhur və güclü olan "Borussiya” ilə qarşılaşacaqdı. Oyundan əvvəl keçirilən mətbuat konfransında jurnalistlərdən biri "Qəbələ”nin baş məşqçisindən nəticə ilə bağlı proqnozunu soruşdu. Ukraynalı mütəxəssisin cavabı xeyli maraqlı idi: "Bu gün "Qəbələ”nin burda olması, belə möhtəşəm arenada böyük klubla qarşılaşması bayramdı. Bayramın ləzzətini çıxarmalıyıq, nəticənin necə olmasının heç bir önəmi yoxdu”.

Həmin vaxt Romanın sözləri bizi qıcıqlandırırdı, ona acığımız tuturdu. Deyirdik ki, necə yəni bayramdı? Bura qədər gəlmişiksə, rəqibi yenməyi, dünyanı təəccübləndirməyi düşünməliyik. Ukraynalı isə bizim başımızı bayramla qatmağa çalışır. Azərbaycanın avrokubokların qrup mərhələsində birdən-birə iki klubla təmsil olunduğu vaxtlar idi, iştahımız xeyli artmışdı. Qriqorçukun sözlərindəki hikməti sonralar başa düşdük. "Qəbələ” (eyni zamanda Azərbaycanın "Qarabağ”dan savayı digər klubları) qrup mərhələsinə həsrət qalanda, Lüksemburq, Malta, Macarıstan kimi ölkələrin təmsilçiləri bizim üçün keçilməz olanda "Borussiya” ilə qarşılaşmağın bizim üçün necə əhəmiyyətli hadisə olduğunu anladıq. İndi "Qəbələ” nəinki "Borussiya”nın öhdəsindən gəlmək barədə düşünmür, heç Azərbaycan çempionatında da iki oyun ardıcıl qələbə qazanmağı bacarmır.

Roman Qrqiorçuk da bizə həmin acı həqiqəti anlatmağı çalışırmış. Deyirmiş ki, sizin bura gəlib çıxmağınız özü bir möcüzə kimidi. Təməli olmayan ev tikmisiz, üstünü və damını bəzəmisiz, amma bu evin uzun müddət uçulmaması möcüzədi. Gec-tez "eviniz” başınıza yıxılacaq, "Baltsan”, "Uypeşt”, "Proqres” gələcək sizin daşınızı daş üstündə qoymayacaq. Özünüzə gəlin, böyük iddialardan əl çəkin, futbolun inkişafı barədə düşünün, aldadıcı nəticələr barədə yox!
Hadisələrin axarı, proseslərin gedişi gələcəkdə bizi elə də xoş günlərin gözləmədiyindən xəbər verir. Ayılmasaq, işə ciddi girişməsək, "Qəbələ”nin Almaniyaya səfəri kimi "Qarabağ”ın Londonda "Arsenal”, "Çelsi” və "Tottenhem”lə qarşılaşması da xəyala, əlçatmaz arzuya çevriləcək.
 
Odu ki, nəticəni, "Qarabağ”ın şansının olub-olmamasını boş verin. "Arsenal”la qarşılaşmaq üçün Londona getməyin özü bir nəticədir!

Amal ABUŞOV
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR