“Qarabağ”ın Rəşad Sadıqov sayağı “vurulması”

“Qarabağ”ın Rəşad Sadıqov sayağı “vurulması”
Hər bir nəticəni doğuran səbəblər var. "Qarabağ”ın ardıcıl iki oyunda uduzması nəticədir. Və o nəticəni doğuran səbəblər də yetərincə ciddi və tutarlıdı.

Başlayaq Qəbələdəki oyundan. Həmin qarşılaşmanı dağlar qoynundakı gözəl stadionda canlı izləmişəm. Bir-birinə layiq iki komandanın mübarizəsi idi. "Qəbələ” son döyüş kimi çıxdığı qarşılaşmanı layiqli mübarizə ilə qazanmağı bacardı. Ona görə ki, Qriqorçuk bu oyuna komandasını yaxşı hazırlamışdı.

İlk qolun vurulduğu epizodu xatırlayın. Avrokuboklardakı qarşılaşmalardan bəri standart vəziyyətlərin, künc zərbəsindən və autdan gələn topların "Qarabağ”ın zəif yeri olduğunu bilirik. Biz biliriksə, öz işinin ustası Qriqorçuk da bilməmiş deyil. Çünki belə vəziyyətlərdən "Qarabağ”ın müdafiəçiləri cərimə meydançasının daxilində və həndəvərində adam paylaşmağı, zonaları bağlamağı yaxşı bacarmırlar. Elə millimiz də eyni "xəstəlikdən” əziyyət çəkir. Əcnəbilər də bizim bu "zəif damarımızı” yaxşı tutublar. Aut atışı zamanı Zenyov Şehiçin qoruduğu qapını "yaxşı görən” nöqtədən nəzarətsiz qalmışdı və onun üçün hesabı açmaq elə də çətin olmadı. Reynaldonun gedişi, Kintananın zədələnməsi ilə zəifləmiş "Qarabağ” məğlub duruma düşdükdən sonra əyilmiş qəddini düzəldə bilməzdi. Necə ki, bilmədi...

Növbəti qol da müdafiənin diqqətsizliyindən, daha dəqiqi "Qarabağ”da 2-ci Rəşad Sadıqovun olmamasından qaynaqlanmışdı. Çünki kapitan hər dəfə Bədavinin səhvlərini "sığortalayırdı”. Bu dəfə isə Rəşad meydanda deyildi. Elə həmin axşam biz bir daha anladıq ki, Bədavini də keçilməz edən elə Rəşad imiş.

Gələk "İnter”lə oyuna. Məğlubiyyəti şərtləndirən əsas səbəblər barədə Qurban Qurbanov mətbuat konfransında danışıb. Heyətdəki boşluqları doldurmaq mümkün olmamışdı. Əfran İstanbulda, Dino xəstəxanada, Kintana İspaniyada, Rəşad əvvəlki deyil...

Amma məğlubiyyətin səbəbini təkcə "Qarabağ”ın problemlərində axtarmayaq. Bütün günahı "Qarabağ”da axtarmaqla "İnter”in fədakar futbolçularının və öz işini yaxşı bacaran çalışdırıcısının əziyyətini yerə vurmuş olarıq. Hesabın açıldığı 72-ci dəqiqəyə kimi şəxsən Nizami Hacıyev bir-neçə dəfə adını tabloya yazdırmağa yaxın idi. Sanki Prosineçkinin onun barəsində dedikləri Hacıyevin motivasiyasını daha da artırıb, ona əlavə güc verib. "Qarabağ”lılar da əsas təhlükəni ondan gözləyir, ona nəzarəti artırırdılar. İllərin təcrübəsi Xizanişvili də bunu hiss etdi. Qazandıqları cərimə zərbəsi zamanı "Qarabağ”ın qapısına doğru gəldi və özünü orda unutdurdu. Həmin epizod sizə "Qarabağ”ın "Slovan”la oyununu xatırlatmadımı? "Dalğa Arena”dakı oyunda "Qarabağ” son dəqiqələrə məğlub durumda girmişdi. Rəşad Sadıqov künc zərbəsi zamanı cərimə meydançasının önünə gəldi, hava mübarizəsi zamanı futbolçuların başına dəyib havalanan top kapitanın önünə düşdü. Öldürücü zərbə çexlərin qapıçısı üçün qarşısıalınmaz idi.

Deməli, Xizanaşvili "Qarabağ”ı elə öz silahı ilə vurub, Rəşad Sadıqov sayağı. Artıq "Qarabağ”ın yeni nəsə fikirləşməsinə, rəqibləri təəccübləndirməsinə ehtiyac var. İtkilərlə barışmaq, çətin vəziyyətdən çıxış yolu axtarmaq lazımdı. 

"Qarabağ”ın "Qəbələ” və "İnter”ə məğlubiyyətləri arasında yetərincə paralellər aparmaq mümkündü. Ən azından ona görə ki, hər iki oyunda həlledici qol standart vəziyyətdən sonra qapı qarşısında yaranan qarışıqlıqdan sonra vurulub. "Qırmızı-qaralar” 1-ci pillədədi, "İnter” isə mövsümün əvvəlindən bəri "Qarabağ”ın təqibçisidi. Deməli, faciə sayılacaq, dünyanın dağıldığını düşünməyə əsas verəcək nəsə baş verməyib. Əksinə, bundan sonrası daha maraqlı olacaq. Həm çempionluq mübarizəsinin gərginliyi artacaq, həm də "Qarabağ”ın məsuliyyəti. 

İzləməyə, həyacanlanmağa dəyər!

Amal ABUŞOV




Xəbər lenti