"Qarabağ"la oyuna qələbə üçün çıxacağıq" - AÇIQLAMA

"Qəbələ” mənim doğma klubumdur. Burada 200-cü oyunumu keçirməyim sevindiricidir".

Sport7.az xəbər verir ki, bunu "Qəbələ" klubunun futbolçusu Ürfan Abbasov klubun saytına açıqlamasında deyib.

Azərbaycan Premyer Liqasının X turunda evdə "Sabah"ı 2:1 hesabı ilə məğlub etdikləri oyuna kapitan sarğısı ilə çıxan 26 yaşlı müdafiəçi həmin qarşılaşmada qələbə qazanmalarının yubileyə əlavə sevinc qatdığını vurğulayıb: "Bu müddətdə xeyli yaddaqalan oyunlarımız olub. UEFA Avropa Liqasında keçirdiyim matçlar hafizəmdə xüsusi yer tutur. Daxili yarışlarda da belə qarşılaşmalar az olmayıb. 2012-ci ildə "Xəzər Lənkəran”la oyundakı debütüm də mənim üçün unudulmazdır. İkinci hissənin ortalarında meydana daxil olmuşdum. Bundan sonra da komandamın uğurları üçün çalışacağam. "Qəbələ”nin heyətində ən azı daha 200 oyun keçirmək arzusundayam”.

"Qırmızı-qaralar”ın vitse-kapitanı komandanın mövsümdəki çıxışına da toxunub: "Mövsümə qələbə ilə başladıq. Lakin sonradan uğursuzluq zolağına düşdük. Bizə bir qələbə lazım idi ki, buna son qoyaq. Artıq həmin dövrü arxada qoymuşuq, qələbələr qazanmışıq. İnanıram ki, bunun ardı da gələcək. Ön sıralarda qərarlaşan komandalarla xal fərqimiz çox böyük deyil. Uğurlu çıxış edib, layiq olduğumuz mövqeyə yüksələcəyik”.

Ü.Abbasov Premyer Liqanın XI turunda qarşılaşacaqları "Qarabağ”la oyun barədə də fikirlərini bölüşüb: "Qarabağ"la oyunlarımız həmişə maraqlı və çətin alınıb. Bu dəfəki görüş də istisna olmayacaq. Artıq matçın hazırlığına start vermişik. Bütün qarşılaşmalar kimi bu oyuna da ciddi hazırlaşırıq. Doğma divarlar arasında oynamağımız bizim üçün əlavə stimuldur. Meydana qələbə üçün çıxacağıq. Çalışacağıq ki, azarkeşlərimizi qələbə ilə sevindirək. Cari mövsüm öz meydanımızda məğlub olmamışıq. Bu seriyanın davamı üçün əlimizdən gələni edəcəyik”.
 
Sport7.az

Xəbər lenti