Qattuzonun

Qattuzonun "Milan"ına baxış: Bakayoko, Pyontek və digərləri

Cennaro Qattuzonun futbolçu karyerası haqqında kifayət qədər danışa bilərik. İstər bacarığı, istərsə də xarakteri ilə nəinki İtaliya, hətta dünya futbolunda iz qoymuş biridi. Görəsən, baş məşqçi kimi bunu bacara biləcəkmi? Hal-hazırda suala optimist cavab verə bilərik. İllərdi ki, öz azarkeşlərini məyus edən "Milan” üçün mövsümün sonuna 10 tur qalmış dördüncü pillədə qərarlaşmaq heç də pis nəticə sayılmamalıdı. Bəs "Milan”ın bu nəticələrinin əsas memarı kimdi və ya kimlərdi? Bu mövsüm diqqətləri öz üzərinə cəlb edən "Milan”ı bacardığım qədər təhlil etməyə çalışacam.

Nəticələr və statistika

"Rossonerilər" 28 oyunda 14 qələbə, 9 heç-heçə, 5 məğlubiyyətlik performans göstərərək 51 xalla 4-cü pillədə qərarlaşıb. 43 qol vurub, qapısında 26 qol görən "qırmızı-qaralar" 5 məğlubiyyətdən ikisini əzəli rəqibi "İnter”ə, qalanlarını isə "Napoli”, "Yuventus” və "Fiorentina”ya qarşı oyunlarda alıb. Eyni zamanda, "Milan” İtaliya kubokunda yarımfinala çıxmağı da bacarıb. İlk oyunda səfərdə "Latsio” ilə qolsuz bərabərliyə razı olan "Milan” aprelin 24-də öz meydanında rəqibini qəbul edəcək.

Heyət və ideal "11”-lik

"Milan”ın qapısını dünyanın ən istedadlı qapıçılarından biri Canluici Donarumma qoruyur. Doğrudu, bu il bəzi səhvlərlə yadda qalsa da, komandasını real qol vəziyyətlərindən xilas etdiyi epizodların sayı da az deyil.

Müdafiə xətti müəyyən qədər qeyri-stabillik nümayiş etdirir. Müdafiənin lideri komandanın kapitanı olan Alessio Romanyoli sayılır. Partnyoru Mateo Musakkio ilə heç də pis ikili deyillər. Amma cinah müdafiəçiləri hücum cəhətdən nə qədər faydalı olsalar da, müdafiə cəhətdən eyni şeyi deyə bilmərik. Şəkildə sol cinah müdafiəçisi Rikardo Rodriqesin verdiyi boşluğu görürük.
 


Eyni sözləri komandanın sağ cinah müdafiəçisi Davide Kalabriyaya da aid etmək olar. Qattuzo bəzən Kalabriyanın yerinə Andrea Kontiyə şans verir. Amma digər 3 müdafiəçinin əsas heyətdəki yerinin əvəzolunmaz olduğunu deyə bilərik.

"Milan”ın yarımmüdafiə xəttini xüsusilə fərqləndirərdim. Bu xətdə yaradıcılıq, dinamika və dağıdıcılıq tandem təşkil edir. Komandanın dərindən oyun qurucusu Temue Bakayoko "Çelsi”dəki uğursuz mövsümünün ardından "Milan”da öz potensialını üzə çıxarmağı bacardı. Digər yarımmüdafiəçi Frank Kessi isə komandanın oyununa dinamika qatır. İstər irəli, istərsə də ön xətdə fayda verə bilir. Braziliyalı gənc istedad Lukas Paketanı növbəti "transfer pəncərələri"ndə komandada tutmaq "Milan” üçün heç də asan olmayacaq. 21 yaşlı futbolçu texnikası, sürəti və başqa keyfiyyətləri ilə diqqətləri öz üzərinə çəkməyə bacarır.

Qattuzo ehtiyatda təcrübəli Lukas Bilya, Dieqo Laksalt, Xose Mauri kimi yarımmüdafiəçilərə sahibdi.

Hücum xəttində sol cinahda uzaqdan təhlükəli zərbələri olan və lazım gəldikdə oyun qura bilən Hakan Çalhanoğlu, sağ cinahda driblinq və sürəti ilə rəqibin sol cinahına başağrı ola bilən Suso, mərkəzdə isə müasir futbolun ən universal forvardlarından hesab olunan Kşiştof Pyontek çıxış edir. A Seriyasında Hakan bu mövsüm 1, Suso 5 dəfə rəqib qapılarına yol tapa bilib. Qış fasiləsində "Cenoa”dan 35 milyon avro qarşılığında komandaya cəlb olunan polyak hücumçu Pyontek isə "Milan”ın heyətində 8 oyunda 6 dəfə, ümumillikdə isə 19 dəfə fərqlənməyi bacarıb.

Ehtiyatda meydana sonradan girərək oyunu dəyişdirə biləcək Fabio Borini, Samu Kastilyexo və gənc istedad Patrik Kutrone kimi oyunçular da var.

Taktiki plan: Top rəqibdə olarkən          

Topsuz oyunda "Milan”nın ən böyük silahlarından biri rəqibə irəlidəki pressinqdi. 4-3-3 sxemindən istifadə edən "rossonerilər” ön xətdə rəqibə 6 oyunçu ilə təzyiq etməyə üstünlük verir. Aşağıdakı fotoda bənzər nümunələrdən birini görürsüz.
 


Buna baxmayaraq, "Milan” futbolçuları bəzi epizodlarda zamanlama xətası edərək pressinqə gecikirlər. Bununla da rəqib hücumunun qarşısını tezliklə almaq mümkün olmur. Eynilə bu fotodakı kimi:
 


Pressinq işə yaramayanda "Milan” "B planı”na əl atır və 4-5-1 sxeminə keçərək rəqibi qarşılamağa çalışır.

Bütün bu topsuz oyunlarda "Milan” üçün əsas fiqur qismində Bakayokonu göstərə bilərik. Rəqib oyunçuların birə-birdə bağlanması, ötürmələrin qarşısının kəsilməsində fransalı futbolçunun rolu inanılmaz dərəcədə böyükdü. Hətta "Milan”ın taktikasının Bakayoko üzərində qurulduğunu desək, yanlış olmaz.
 


Eyni zamanda, komandanın istər yarımmüdafiə, istərsə də müdafiə xətti bəzən boşluqlar verə bilir. Bu da həmin nümunələrdən bəziləri:
 



Buna baxmayaraq, meydanda hər top üçün döyüşən "Milan” görürük. Cennaro Qattuzonun komandaya göstərdiyi təsiri elə buradan hiss etmək olar.

Taktiki plan: Topa sahib olarkən

"Rossonerilər”in hücum anlamında fərqli variantları mövcuddu. Gəlin, onlardan bəzilərini tanıyaq.

"Milan” Hakan Çalhanoğlu və Lukas Paketa kimi pas qabiliyyəti və uzaqdan zərbələri yaxşı olan oyunçulara sahibdi. Hər iki futbolçunun oyun ərzində tez-tez rəqib qapısını yoxladığını görə bilərik.

Suso kimi driblinq bacarığı yaxşı səviyyədə olan cinah futbolçusu hər zaman qapalı müdafiələrə qarşı əsas silah hesab olunur. İspan futbolçu rəqibin sol cinahına rahatlıqla başağrı ola bilir. Şübhəsiz ki, o, "Milan” üçün ən önəmli futbolçulardan biridi.

Bakayoko - Kessi ikilisi isə həm geri, həm də irəli xətdə aktiv olmağa çalışırlar. Bakayokonun oyun ərzində dəfələrlə topu arxadan irəli apardığının şahidi ola bilərik. Kessi isə əks-hücumlarda müdafiənin arxasına göndərdiyi toplar və mərkəzə qatdığı dinamika ilə xüsusi diqqət çəkir.

Cinah müdafiəçiləri müdafiə baxımından o qədər də üst səviyyədə olmasalar da, irəlidə kifayət qədər aktivdilər. Xüsusilə də Rikardo Rodriqes Kşiştof Pyonteklə çox yaxşı anlaşır. Şəkildə gördüyünüz epizodda Rodriqesin ötürməsindən sonra Pyontek topu gözəl vuruşla qapıya göndərir.
 


Kşiştof Pyontekdən isə geniş danışmağa ehtiyac yoxdu. Əvvəldə də vurğuladığım kimi, müasir futbolda ən universal hücumlardan biridi. O qədər də təhlükəli olmayan epizodlarda rəqib üçün təhlükə yaradan, oyun içindəki hərəkətliliyi ilə rəqib müdafiəni daim təzyiqdə saxlaya bilən oyunçudu. Belə davam etsə, gələcəkdə ən yaxşı forvardlar siyahısında adı çəkilə bilər.

Nəticə

Avropa Liqasında qrupda qalmaqla azarkeşlərini məyus edən "Milan” son dönəmdəki çıxışı ilə bunu müəyyən qədər unutdurmağı bacarıb. Mövsümün sonunda A Seriyasını "ilk dördlük"də bitirib, İtaliya kubokunu qazanmaq "qırmızı-qaralar” üçün çox gözəl nəticə hesab oluna bilər. Növbəti mövsümlərdə əvvəlki qüdrətli "Milan”ı geri qaytarmaq üçün isə indiki heyət qorunmalı, daha səviyyəli və faydalı futbolçular transfer edilməlidi.

Blog müəllifi: Cəbrayıl Qəmbərov

Sport7.az

OXŞAR XƏBƏRLƏR