Qazaxıstanlı jurnalist: “Azərbaycan üzərində qələbə bizə böyük ümidlər verdi”

Qazaxıstanlı jurnalist: “Azərbaycan üzərində qələbə bizə böyük ümidlər verdi”
Millimizin Astanada Qazaxıstana 0:3 uduzması hamımızı məyus etdi. Bir çoxları bu komandadan böyük uğurlar gözləmədiyini deyir, futbolçuları "asıb-kəsir".

Bəs Qazaxıstanda millimiz barədə nə düşünürlər? Bunu öyrənmək də maraqlı olar. Elə bu səbəbdən də qazaxıstanlı həmkarımız, "Sport Review” jurnalının futbol şərhçisi Tlek Adrışevə müraciət etdik.

Sport7.az-ın sorğusuna cavabında oyunu diqqətlə izlədiyini və nəticəni sürpriz kimi qiymətləndirdiyi deyən Tlek sözlərinə belə davam etdi:

"Mən bu qələbəni hansısa xüsusi emosiya olmadan qəbul edirəm. Düşünürəm ki, xüsusi nəsə etməmişik. Amma onu da qeyd etməliyəm ki, bu qələbə bizə gələcək üçün böyük ümidlər verdi. Millətlər Liqasında yaxşı nəticələr əldə edə bilərik. Milli komandamızda qısa müddətdə böyük dəyişikliklər baş verib. Bunun da başlıca memarı Stoylovdu. Bolqar çalışdırıcı bizim futbolumuzu çox yaxşı bilir. Qısa müddətdə futbolçuların psixologiyasını dəyişməyi və oyun səviyyəsini yüksəltməyi bacardı. Bu nüans hələ ilk oyunda, biz Macarıstanla oynayanda hiss olunurdu. Macarları məğlub etdik və Bolqarıstanla da pis oynamadıq. Çox da uzaq tarix deyil, martda bu nəticələrə imza atmışdıq.
 
Məsləhət görərdim ki, burdakı işi bitəndən sonra onu Bakıya dəvət edin, çox bacarıqlı məşqçidi. Bəxti də gətirir (gülür). Arzu edirədim ki, bundan sonra belə zəif oyunlar keçirməyəsiz. Hətta bu cür uğursuz oyunda belə görünürdü ki, Azərbaycan millisinin əsl potensialı bu deyil. Sizinkilər texnikalı və maraqlı futbol sərgiləyirlər. Əminəm ki, bu məğlubiyyətdə rol oynayan səhvləri də araşdırmaqla onların təkrarlanmasına yol verməyəcəklər. Azərbaycan millisinə qarşıdakı oyunlarda uğurlar arzulayıram”.

Sport7.az

Xəbər lenti