“Qəbələ” qayıtdı, “Neftçi” də yoldadı...

“Qəbələ” qayıtdı, “Neftçi” də yoldadı...
Azərbaycan Premyer Liqasının IX turu bir-birindən maraqlı qarşılaşmalarla yadda qaldı. Həyacan, maraqlı nəticələr, gözlənilən geridönüşlər məhz bu turda qeydə alındı.

Çempionatımızda komanda sayı azdı, rəqabətin səviyyəsi yüksək deyil. Bu faktların varlığını heç bir mübahisəsiz qəbul etməliyik. Çox hörmətli Ramin Musayev bir vaxtlar deyirdi ki, siz bilmirsiz, bizim çempionatımız maraqlıdı, amma çəkilişin keyfiyyəti aşağıdı. Şükürlər olsun, daha bu bəhanəyə də əlyeri qalmayıb. "CBC Sport” Elxan Məmmədovla Ramin Musayevin arzusunu həyata keçirir, Premyer Liqanı onlar istəyən keyfiyyətdə ekranlara gətirirlər. Amma səviyyəni, rəqabəti artırmaq mümkün olmayıb. Çempionat oyunlarının əksəriyyətindən yayım boş tribunaları göstərməklə başlayır.

Bununla belə ölməkdə olan ümidlərimiz bu həftə bir az cücərdi, həyacanımız artdı. "Zirə”nin "Sumqayıt”da məğlub olması turun ən böyük sürprizi sayılmalıdı. Ayxan Abbasovun komandası Sumqayıta yollanana qədər üç dəfə xal itirmişdi. Amma zirəlilər məğlubiyyət üzü görməmiş, "Qarabağ”, "Qəbələ” və "İnter”lə bərabərliyə nail olmuşdular. "Kapital Bank Arena”da da hesabı açan tərəf də onlar idi. Düşünmək olardı ki, qonaq komanda bu üstünlüyü əldən verməyəcək, növbəti 3 xalı aktivinə yazacaq. Çempionatın lideri "Qarabağ”ın bu tur çətin səfərə yollanması da "Zirə”nin iştahını artırmalıydı. Çünki "Qarabağ”ın xal itirməsi durumunda "Zirə” qələbə qazanmaqla turnir cədvəlinin ilk pilləsinə yüksələcəkdi. Bu dəfə fələyin saydığı Ayxan Abbasovun saydığı ilə üst-üstə düşmədi. "Zirə” nəinki lider ola bilmədi, "Qəbələ”ni də özündən irəli buraxdı.


"Zirə”nin bir gün öncə məğlub olması "Qəbələ” üçün göydəndüşmə fürsət idi. "Qarabağ”ı məğlub etməklə birdən-birə iki vacib həfəfə çatmaq real görünürdü. Liderlə xallarını bərabərləşdirirsən, "Zirə”ni isə özündən geriyə atırsan. Bu vacib məqamı Roman İosifoviç tam mənasıyla yetirmələrinə aşılıya bilmişdi. Ömər Paşayevin söz sahibi olduğu 90 dəqiqə ərzində izlədiyimiz gərgin mübarizə, qol epizodları, sürətlə cərəyan edən hadisələr bundan xəbər verirdi. "Qırmızı-qaralar” yaxşı başa düşürdü ki, "Atletiko” ilə oyunda çox güc sərf edən, start heyəti böyük dəyişikliyə məruz qalan "Qarabağ”a tempə düşmək üçün azı 10-15 dəqiqə lazım olacaq. Həmin müddət ərzində işi bitirmək mümkündü. 8-ci dəqiqədə vurulan qol da Romanın "ildırımsürətli planı”nın tərkib hissəsiydi. Hətta Asif Məmmədov qısa müddət ərzində Şehiçi 2-ci dəfə məyus edə bilərdi. O zərbə də qol olsaydı, "Qəbələ”nin işi xeyli asanlaşardı. Amma belədə biz 90 dəqiqəlik həyacandan, maraqlı mübarizədən məhrum ola bilərdik. Hesabın minimal və sürüşkən olması "Qarabağ”ın mübarizədən qopmaması, dəqiqələr ötdükcə təzyiqi artırmasıyla nəticələndi ki, biz də əsl futboldan həzz aldıq.

Bundan sonrası daha maraqlı olacaq. "Qəbələ” problemləri geridə qoymuşa, öz gücünə olan inamı bərpa etmişə bənzəyir. İndiki məqamda inam çox vacib amildi. Qriqorçuk və onun komandası çempionluq mübarizəsində var və onlar bu mübarizəni maya qədər davam etdirmək əzmindədilər. Azərbaycan futbolu üçün həlledici məqamdı. "Qəbələ” qayıdıb. Bundan sonra ruh yüksəkliyini qorumaq, rahatlaşmamaq, "Qarabağ”a da bu rahatlığı verməmək lazımdı.
"Neftçi” də dirçəlişdədi. "Xalq komandası”nın qızıl medallara olmasa da, mükafatlara iddia etməsi, avrokuboklara vəsiqə uğrunda mübarizə aparması xoş mənzərədi. İnanaq ki, belə də davam edəcək. Bizə nə lazımdı? Bir-birindən maraqlı oyunlar, təmiz və gərgin mübarizə, azarkeşlərin tribunaları doldurduğu çempionat qarşılaşmaları. Qaytarın intriqanı!

Amal ABUŞOV

Xəbər lenti