"Qəbələ" qorxaq futbol oynadı" - Qəhrəman Əliyev

"Qəbələ" səfərdə yunanlara 0:1 hesabı ilə məğlub olsa da Bakıda mərhələ adlayacağına inam böyük idi.
 
Amma bu istəklərinə nail ola bilmədilər. Düzdü Bakıda qol da vurmuşdular rəqibə, amma sonadək üstünlüyü saxlaya bilmədilər. Bəs buna səbəb nə oldu?Ümumiyyətlə "Qəbələ" nə etməli idi?

Suala cavab tapmaq üçün mütəxəssis danışdırdıq. Qəhrəman Əliyev Sport7.az-a açıqlamasında bunları söylədi.

"Səfər oyununa da baxmışdım. "Panatinaikos" Yunanıstanda ustalıq səviyyəsini ortaya qoymuşdu. "Qəbələ" həmin vaxt da əlinə düşən imkanlardan yararlanmadı. Şəxsi fikirlərimi deyirəm. Səfərdə də "Qəbələ" zəif çıxış etdi. Bunun da səbəbi yeni futbolçuların olması idi. Düzdü gördükləri iş təqdirəlayiqdi. Amma bir qədər zaman lazımdı. Futbolçuların Azərbaycana, havaya, iqlimə, məşqçiyə uyğunlaşmadığına görə ola bilsin əminlik yoxdu.

Dünənki oyunda "Qəbələ" qorxaq futbol oynadı. Düzdü komanda möhkəm olmalı idi. Amma evdə oynayırdıqsa, fikrimcə ən yaxşı müdafiə elə hücum olmalı idi. Daha çox hücum etmək lazım idi. Amma "Qəbələ"ni günahlandırmıram. Rəqib həqiqətən güclü idi. Oturuşmuş heyət, taktika, müdafiə, orta və hücum xəttində yaxşı oynadılar. Bunu faciəyə çevirmək lazım deyil. Futboldu, iki güləşəndən biri yıxılar. Rəqib də güclü oldu və qələbə qazandı. "Qəbələ"nin transferləri çox gözəldi, inanırıq ki, növbəti ildə avrokuboklarda daha yaxşı çıxış edəcək.

Düzdü ötənilki transferlər komandaya daha tez uyğunlaşmışdı. Digər tərəfdən "Samtredia" və digər rəqiblər ola bilsin ki, "Panatinaikos" kimi güclü deyildilər. O da ola bilər. Amma keçən il yeni futbolçuların gətirilməsinə baxmayaraq daha məzmunlu oynadılar. Futbolçuların komandaya öyrəşməsi üçün vaxt lazımdı. Hər halda yeni transferlərin güclü olduğunu düşünürəm. Avrokuboklarda oynayan komandaların heyəti heç olmasa 80, 90 faiz saxlanılmalıdı. Çünki çempionat boyu birlikdə oynayan futbolçular, daha yaxşı anlaşırlar. Nəinki yeni gələnlər. Bunun çox vaxt uğur gətirəcəyinə inanmıram. Hansısa futbolçunun klubla müqaviləsi başa çatır və məcburdular ki, yeni futbolçular gətirsinlər. "Qəbələ" də bunu edib. Futboldu də, fikrimcə, dünən rəqib daha güclü idi".

Sport7.az

Xəbər lenti