"Qəbələ" Türkiyə klubuna 10 cavabsız qol vurdu - VİDEO+FOTO

Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışında olan "Qəbələ” 2-ci yoxlama oyununu keçirib. 

Sport7.az xəbər verir ki, iyunun 10-dan qonşu ölkədə hazırlıq keçən "qırmızı-qaralar” həvəskarlar liqasında çıxış edən "Aşkalespor”la qarşılaşıb. 

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Ərzurumun U-21 komandası ilə ilk yoxlama oyununda olduğu kimi, bu dəfə də əsasən yeni transferlərə və əvəzedici heyətin üzvlərinə şans verib. Görüşdə komandaya hazırlığın Qəbələdə keçiriləcək 2-ci mərhələsində qoşulacaq milli üzvləri də iştirak etməyib. 

"Qəbələ” qarşılaşmaya aşağıdakı heyətlə başlayıb: Dmitri Bezotosnı, Ürfan Abbasov, Rafael Santos, Murad Musayev, Dodo, Qismət Alıyev, Aleksey Qay, Samir Zərgərov, Asif Məmmədov, Rəşad Sadiqov, Emin Zamanov. Komandadan getdiyi dəqiqləşmiş Ruslan Abışovun yoxluğunda komandanı meydana kapitan qismində yenə Ürfan çıxarıb.

Qarşılaşmaya fəal başlayan "Qəbələ” 12-ci dəqiqədə hesabı açıb. Qay fərqlənib. 3 dəqiqə sonra Asif fərqi artırıb. "Qəbələ"nin fəallığı ilk hissənin ortalarında bəhrəsini verib. 25-ci dəqiqədə 3-cü qola imza atan Dodo 1 dəqiqə keçmiş dublunu rəsmiləşdirib. 

Fasilədə Andrey Popoviç Bezotosnını, Roman Hüseynov Zamanovu əvəzləyib. İkinci hissə "qırmızı-qaralar”ın qolu ilə başlayıb. 48-ci dəqiqədə Zərgərov türkiyəliləri məyus edib. 57-ci dəqiqədə yarımmüdafiəçi dublunu rəsmiləşdirib. 9 dəqiqə sonra Sadiqov hesabı 7:0-a çatdırıb. 2-ci hissənin ortalarında diqqət mərkəzinə düşən Alıyev əvvəl 68, ardınca 69-cu dəqiqədə qol sevinci yaşayıb. Bundan 8 dəqiqə sonra het-trik müəllifi olan Zərgərov matçda son nöqtəni qoyub – 10:0.

Beləliklə, "Qəbələ” 2015/16 mövsümünün hazırlığının ilk mərhələsini 10:0 hesablı qələbə ilə başa vurub. Qonşu ölkədə 2-ci oyununu keçirən komanda bugünkü səhər məşqindən sonra vətənə qayıdıb.

"Qəbələ” (AZƏRBAYCAN) - "Aşkalespor” (Türkiyə) 10:0
Qollar: Aleksey Qay, 12; Asif Məmmədov, 15; Dodo, 25, 26; Samir Zərgərov, 48, 57, 77; Rəşad Sadiqov, 66; Qismət Alıyev, 68, 69

Qeyd edək ki, "Qəbələ" hazırlıq çərçivəsindəki ilk oyunda Ərzurumun U-21 komandasını 2:1 hesabı ilə məğlub etmişdi.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR