Qəbələdən başlayan marafon

Qəbələdən başlayan marafon
...Və ya mövsümün ilk səfəri necə keçdi?

Hava çox isti idi. Bakı-Sumqayıt avtomagistralında PFL-in jurnalistlər üçün təşkil etdiyi nəqliyyat vasitəsini gözləyə-gözləyə Qəbələ səfəri haqda düşünürdüm. Birdən yolun kənarındakı marketin mühafizəçisi qolumdan yapışıb, "Qardaş kənara çəkil, maşın tərpəndi" deyərək, məni təhlükədən uzaqlaşdırmağa çalışdı. Bu zaman maşınla aramızda cəmi bir neçə santimetr məsafə qalmışdı. Bəlkə də bir qədər gec tərpənsəydim marketdən çıxıb "cip"inə əyləşən, ətrafa baxmadan, xəbərdarlıq etmədən avtomobilini işə salan cavan oğlan səfərə yaxşı əhval ruhiyyədə çıxmağıma mane olacaqdı. Təxminən 20-25 dəqiqədən sonra gözlədiyim, media mənsubları üçün ayrılmış "xudmani" mikroavtobus gəldi, həmkarlarla birlikdə marketdən alış-verişimizi edib, yol boyu isti havayla mübarizə aparmaq üçün su ehtiyatımızı götürüb Qəbələyə yola düşdük. Maraqlı başlanğıc oldu, 20-yə yaxın jurnalist üçün PFL tərəfindən təşkil olunan mövsümün ilk bölgə səfəri heç də darıxdırıcı keçmədi. Axı telefonun qulaqcığından qulağıma üfürülən həzin misiqi, Bakıdan Qəbələyə qət etdiyimiz zaman ərzində söhbətlər, baş qatmaq üçün keçirilən əyləncəli "breyn-rinq"dən əlavə bizi həm də maraqlı duel gözləyirdi...

Haşiyə 

Uzun yoldan sonra media mənsublarının yorğunluğunu çıxarması və qidalanması üçün nəqliyyat vasitəsinin dayandığı istirahət məkanı təbiətin qoynunda idi. Aydın məsələdi ki, ortasından çay yatağı keçən və ətrafı meşəlik, üstəlik yüksəkliklərdən ibarət məkanda bir saat belə ayaq saxlamaq bədəndən bütün yorğunluğun çıxması deməkdi. Amma təəssüf ki, sözügedən məkana gələn insanlardan bu ləzzəti sona qədər görə və istədiyi kimi dincələ bilməyənlər də oldu. Rus qadın idi adı da Natella, yaxınları ilə dincəlməyə gəlmişdi. Gəzə-gəzə nisbətən yüksəkliyə qalxıb Qəbələnin təbiətini seyr etmək istəyibmiş. Amma geri, yəni enişə tərəf qayıdanda yazıq sürüşmüşdü. Deyəsən ayağını sındırmışdı. Hər halda zədə ciddi idi, və qadın ayağını nəinki tərpədə, ona toxuna bilmirdi. Allah köməyi olsun deyib, yaxınlaşıb ətrafdakılarla hadisə barədə danışan zaman artıq təcili yardım maşını da özünü yetirmişdi. Həkimlər ilk yardımı göstərəndən sonra mən və PFL-in əməkdaşı Mənsur da daxil ətafdakıların yardımı ilə təxminən 60 yaşlarında olan bu qadını xərəklə götürüb təcili yardım maşınına yerləşdirdik. Qəbələdə göstərilən ilk yardımdan sonra onu Bakıya göndərəcəkdilər. Biz isə tez-tez iki əlini başına qoyub ağlamaqla pərişanlığını ifadə edən həmin qadının adına təəssüflənərək hadisə yerindən ayrıldıq... 

"Qara-qırmızı" üslub
 


Mövsümün Qəbələdəki ilk qarşılaşması olmasına baxmayaraq yerli azarkeşlər buna sıradan oyun kimi yanaşırdı. Düzdü, xeyli adam vardı, oyun zamanı dəstək hiss olunurdu. Amma nədənsə azarkeşlər o ab-havada deyildilər. Sanki mövsümün ortasında baş tutan adi oyunlardan biridi. Əslində bunu "qırmızı-qara" üslub adlandıra bilərik. Fanatlar ənənəvi üslublarına sadiq qalmışdılar. Məsələn, "Qarabağ"la oyunun hazırlığı bundan daha yüksək səviyyədə olur. Qısası, vurğuladığımız məqam aydındı... Ötən mövsümlərdən heç bir fərqlilik yoxdu. Sadə dəstək, "Qəbələ"nin böyük bayrağının stadionu "gəzməsi" və sair. Hə bir də, oyun bitəndən sonra bir qrup yerli azarkeşin hakimlərə hücum edib "söhbət çürütmək" istəyi arzuolunmaz və daim mədəniyyəti, qonaqpərvərliyi ilə seçilən qəbələli futbolsevərlərə yaraşmayan hal idi. Hələ ötən mövsümün davasını belə edirdilər. Ətrafdakılar, mühafizəçilər olmasaydı... 
Nələrin baş verə biləcəyini təsəvvür belə etmək istəməzdik. Bunu isə yalnız hakimlərə təzyiq kimi qələmə vermək olar. Sumqayıtlı azarkeşlər isə demək olar gözümüzə dəymədi... 

"Qəbələ", gözləmədiyimiz kimi
 


Təbii ki, meydan sahibi və oyunun favoriti idilər. Qələbə gözləyənlər çoxluq təşkil edirdi. Media nümayəndələrinin oyundan əvvəlki proqnozları 97-98 faiz bölgə təmsilçisinin qələbəsinə ünvanlanmışdısa, digər futbolsevərlərin fikirlərini də təxmin etmək çətin olmazdı. Gözlənilən də gerçəkləşdi, Qəbələ təmsilçisi 3 xalını qazandı. Komandanın çəkdiyi əziyyəti danmaq olmaz. Ən azı qələbə qazandıqlarına görə alqışlanmalıdı. Amma belə oyunla bölgə təmsilçisi uzaqbaşı elə premyer-liqada gümüş medal uğrunda mübarizə aparar və Avroliqanın 3-cü mərhələsinə qədər irəliləyə bilər. Nə qədər şablon olsa da, yeni transferlətin hələ tam uyğunlaşmadəğını bildirməliyik. Qitə miqyaslı bu yarışın ikinci mərhələsində "Yagelloniya" ilə oyundan bəri gördüyümüz və əvvəlki illərlə müqayisədə tam özünü tapmamış oyun üslubu hələ də davam edir. Fərdi şəkildə səviyyələrinə şübhə etmədiyimiz legionerlər tez-tez top itkisinə yol verir, tamamlayıcı ötürmələr və zərbələrə az hallarda rast gəlirik. Açığı bu qələbənin təcrübə sayəsində qazanıldığını deməliyik. Rəqibin səhvindən lazımınca istifadə olundu. Amma Qarşıdakı oyunlarda təcrübəli Qriqorçuk və onun komandasının belə problemlərdən yaxa qurtaracağına, ötən illərdəki kimi Azərbaycanı avrokuboklarda layiqincə təmsil edəcəyinə isə inamımız böyükdü. 

Hələ də "böyüməyən" "Sumqayıt"
 


Komanda mövsümə necə başlayıbsa, elə də davam edir. Qol epizodlarını boşa vermək, yalnız əzmkarlıq... Bəzi futbolçuların isə meydanda varlığı hiss olunmurdu. Axı komandanın bundan da böyük potensialı olmalıdı. Nə olsun ki, "Gənclik şəhəri" təmsilçisi sırf azərbaycanlı futbolçular üzərində qurulub. Bir qədər "böyümək" lazımdı. Ailənin kiçik övladı da nə vaxtsa böyüyür, məqsədinə çatmaq üçün çalışır. Ötən tur Samir Abasova hücumdakı çatışmazlıqlarla bağlı sual ünvanladıq, müəyyən mənada razılaşdı. Amma vaxt istəmişdi həmişə olduğu kimi. Hər halda bunun düzəlib düzəlməyəcəyini zaman göstərəcək. Axı zaman hər şeyin aynasıdı. Ayna isə yaxşını yaxşı, pisi də pis göstərir. 

Hakimləri gözləyən təhlükə 
 


Bununla bağlı qısaca qeydimiz var. Hakimlərimizin bu yay xaricdə hazırlıq keçməməsi aydın şəkildə hiss olundu. Fit sahiblərinin qətiyyətinin, özünəinamın zəifləməsi də bundan irəli gələ bilər. Yaxud da başqa səbəblər var. Ona görə də belə davam edəcəyi təqdirdə qarşıdakı oyunlarda hakimlərin tənqid olunacağı labüddü. Bundan qorunmağın yollarını isə özləri çox gözəl bilir. Əməl etmələrini məsləhət görərdik... 

Onu da deyim ki...

Gecə təxminən saat 2-yə işləmiş yol aldıq Bakıya tərəf. Qəbələyə gedərkən həm xoş həm də təəssüfləndirici məqamlarla xatirimizdə qalan o istirahət məkanında, necə deyərlər, "toqqamızın altını bərkidib" səyahəti başa vurmaq üçün geri qayıtdıq. Yorğunluqdan irəli gələn və darıxdırıcı sakitçilikdə yuxuya "məğlub olan" həmkarlarım gecənin aurasına qapılmışdı. Mənimsə "köməyimə" yenə də telefonumun qulaqcıqları və yazmaq istədiyim bu reportaj gəldi. Yuxuya isə yalnız evə çatandan sonra "yenildim"...

Səbuhi NƏRİMANOĞLU

Xəbər lenti