“Qəbələ”lilərin mənəvi məsuliyyəti

“Qəbələ”lilərin mənəvi məsuliyyəti

Amal ABUŞOV

Bu yay "Qəbələ”ni "Zirə”yə dəyişən Cavid Hüseynovun "Report”a müsahibəsini həyacansız oxumaq mümkün deyildi. Adam özünü bir anlığa Cavidin yerinə qoymağa çalışır, fikirləşirsən ki, futbolçunu qınamaq üçün elə də ciddi səbəblər yoxdu. 

Digər yandan da çexiyalı futbolçu Pavel Nedvedin "futbolçular gedər, insanlar qalar” sözləri yadıma düşür. Bu mənada Caviddən daha artıq fədakarlıq gözləyən, onun "gəmini ilk tərk edən kapitan” olmasını qəbul etməyənlərə haqq qazandırmamaq olmur. Bəli, Cavid "Qəbələ”dən tələm-tələsik ayrılmamalı idi. Ən azından bunu etməklə öz ad-sanına, daşıdığı kapitan sarğısına, əyalət təmsilçisinin onun üçün etdiklərinə xüsusi sayğısını göstərərdi. 

Düzdü, Pavel Nedved futbolçuların gedəcəyini, insanların isə qalacağını deyəndə situasiya fərqli idi. Təcrübəli və ağıllı Nedved yaxşı başa düşürdü ki, İtaliya Futbol Federasiyasının "Yuventus”u "danışılmış oyunlar”a görə B seriyasına göndərməsi dünyanın sonu deyil. Onsuz da Turin klubunun potensialı, maliyyə imkanları aşağı divizionda rəqabətsiz çempion olmağa yetəcəkdi. B seriyasında ciddi müqavimətlə üzləşməyən "qoca sinyora” vaxtından xeyli əvvəl aşağı liqanın qalibi olmağı rəsmiləşdirdi və elitaya qayıtdı. Gedənlər getmişdi. Qalanlar isə təkcə "Yuventus” azarkeşlərinin gözündə deyil, bütövlükdə futbol dünyasında özlərinə hörmət qazanmış oldular. Hər dəfə "Yuventus”dan söz düşəndə Nedvedin bu sözləri xatırlandı, eləcədə də, onun bu jesti bir çoxları üçün nümunə oldu.

Görünür, Cavid "Qəbələ”nin gələcəyindən Nedved qədər əmin ola bilməyib. Hər tərəfli ölçüb-biçib və başa düşüb ki, indiki durumda insan kimi davranmaq, fədakarlıq etmək yox, futbolçu kimi düşünmək və "batan gəmi”ni, yəni "Qəbələ”ni tərk etmək lazımdı. Burda söhbətin mövzusu təkcə məsələnin maddi tərəfi olmamalıdı. Cavid bir mövsüm demirəm, 6 ay "Qəbələ”də pulsuz, yaxud da aşağı maaşa oynasaydı, dünya dağılmayacaqdı. Bundan heç özü də kasıblamayacaqdı. Sağlığına qismət, bilənlər bilir ki, uzun müddət Cavid səviyyəsində futbol oynayan, həm millidə, həm də klubda əsas heyət üzvü sayılan futbolçunun maddi imkanları yaxşı olur. Ən azından Azərbaycan standartlarına görə. Deməli, Hüseynov yarım mövsüm maaş almasa belə, özünü saxlayacaq imkanlara sahibdi. Bununla da avrokuboklarda "Qəbələ”yə kömək göstərər, təkcə klubun yox, Azərbaycan futbolunun tarixinə adını həmişəlik, özü də qızıl hərflərlə yazdırmış olardı. Etmədisə, onu qınamağa dəyməz. 

Cavidin sözlərindən belə başa düşülür ki, digər futbolçular mövsüm başa çatmazdan öncə digər klublarla anlaşıb, müqavilələrini də imzalayıbmışlar. Qalırmış təkcə zamanın yetişməsini, yəni mövsümün bitməsiylə "Qəbələ”ylə futbolçular arasındakı müqavilənin qüvvəsini itirməsi. Deməli, xeyli əvvəldən çoxları "Qəbələ”ni tərk etməyi qətiləşdiribmişlər. Belədə ümumi fonda Cavidi fərqləndirmək, təkcə onu qınamaq da yersiz görünür. Legionerlər bir yana, yerlilər, xüsusən də klubun öz yetirmələri avrokuboklarda "Qəbələ”yə kömək etmək üçün özlərində mənəvi məsuliyyət hiss etməyiblərsə, mövzunu çox da uzatmağa dəyməz. Bu hiss futbolçuların daxilində olmalıydı. Amma olmayıb.

Allah hamısının yolunu açıq, işlərini xeyirli etsin. Ümid edək ki, "Qəbələ” bu yay avrokuboklarda fiasko ilə üzləşməz, varlığını da akademiyasının yetirmələriylə qoruyub saxlayar. Əks halda çoxlarının vicdanı sızlamalıdı!
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR