"Qəbələ"ni yunanlara borclu qoyan jurnalist

Avroliqanın 3-cü təsnifat mərhələsi çərçivəsində Yunanıstan "Panatinaikos"u ilə qarşılaşan "Qəbələ" səfərdən məğlubiyyətlə döndü. Penalti hesabına qələbə qazanan yunanların sevincini anlamaq çətin deyil. Hər halda son illərdə iki dəfə qarşılaşdığı rəqib üzərində güc-bəla ilə ilk qələbəsini qazanıb. 

Oyundan sonrakı mətbuat konfransında isə maraqlı anlar yaşanıb. Bilmirəm sual düzgün tərcümə edilib ya yox, yunan jurnalistlərdən biri Qriqorçukdan soruşub ki, "Məğlub olduğunuza görə özünüzü xoşbəxt hiss edirsizmi?". Bu ya səviyyəsizlikdi, ya savadsızlıqdı, ya hörmətsizlik, ya da psixoloji təsir etmək məqsədi daşıyır. Hər halda sonuncu variant daha inandırıcıdı. Mütəxəssis də "Məğlub olduqda xoşbəxtlikdən söhbət gedə bilməz. "Panatianikos" layiqli qələbə qazandı. Belə başa düşürəm ki, fərqin daha böyük olmalı olduğuna eyham vurursunuz. Futbolda bu cür hallar olur. Məzələnmək fikrindəsizsə, eyni xətti tutmağa mən də hazıram" deyərək yaxşı cavab verib həmin jurnalistə. 

Amma həmin jurnalist "Qəbələ"ni borca salıb. Yunanlara əsl cavab "Bakcell Arena"da verilməlidi. "Qəbələ" artıq buna borcludu. Yəni yunanların borcun yalnız bu şəkildə ödəmək olar. Hər halda "Panatinaikos" o qədər də güclü rəqib deyil. Roman Qriqorçukun komandası keçən il artıq bunu sübut edib. 2015/16 mövsümünün "pley-off" mərhələsində məhz bu rəqibini yenən "Qəbələ" qrupa vəsiqə qazanmışdı. Heç şübhəsiz onların da meydana qisas hissi ilə çıxdığını anlamaq çətin deyil. Bu üzdən çox sevinirlər. Elə zənn edirlər ki, qazandıqları qələbə növbəti mərhələyə keçməyə kifayət edəcək... 

Onların sevincini gözündə qoymaq üçün hələ heç nə bitməyib. 0:1 nə hesabdı ki? Rəqib artıq "Qəbələ"nin gücünə bələddi. Ona görə də əminliklə deyə bilərik ki, yunanlar bura daha çox qol vurmaq eşqi ilə gəlməyəcəklər. Onların məqsədi hesabı qoruyub saxlamaq və qapılarında qol görməmək olacaq. Hər halda Qriqorçuk da yaxşı bilir, bu sadə və yazılmamış qanundu. Güclü və ya özünlə eyni səviyyəli rəqib üzərində evdə 1:0 hesablı qələbə qazanmısansa, səfərdə məqsədin daha çox qol vurmaq deyil, qapından top buraxmamaq olmalıdı. Bəlkə bəxtin gətirə, yaxud səhvdən istifadə edib yenə qol vurasan o başqa məsələ. Ümumi fikir eynidi. 

Ötənilki nəticələri də hesaba qatsaq Bakıda favorit "Qəbələ"di. 11 min nəfərlik satdiona nə qədər çox azarkeş gəlsə, "Qəbələ"nin şansı bir o qədər artacaq. Hər azarkeş bir şansdı. Ona görə də təmsilçimizə Avroliqada dəstəyi əsirgəməməliyik. Yunanların borcu "Bakcell Arena"da qaytarılmalıdı...

Səbuhi NƏRİMANOĞLU

Xəbər lenti