"Qəbələ"nin baş məşqçisi: "Buna son qoyduq"

Azərbaycan Kubokunu qazanan "Qəbələ" futbol komandasının baş məşqçisi Sənan Qurbanovun müsahibəsi

- "Qəbələ" tarixində ilk titulunu qazandı. Təəssüratlarınız necədir?
- Bu, çox möhtəşəm andır. İlk dəfə klubumuz titul qazandı. Bir komanda, ailə olaraq, bunun dadını çıxardıq. Həqiqətən futbolçular böyük iş gördülər, kubok üçün meydanda vuruşdular. Bəzi oyunçularımız isə dördüncü dəfə idi ki, ölkə kubokunun finalında iştirak edirdilər. Final matçlarında uğursuzluqlarımız var idi, amma buna da son qoyduq. Futbolçuları təbrik etdik. Artıq futbolçular dincəlməlidirlər. Həm çempionat, həm də, kubok oyunları gərgin keçdi. Sevindiricidir ki, mövsümü titulla bitirə bildik.

- "Qəbələ"nin ilk titulu sizin baş məşqçi olduğunuz dönəmdə gerçəkləşdi. Bu, gələcək karyeranız üçün Sizə özünəinam verirmi və düşünürsünüzmü ki, baş məşqçi kimi daha böyük uğur əldə etmək olar?
- Əlbəttə. "Qəbələ"də böyük məşqçilər işlədi. Avropa Liqasının qrup mərhələsində iştirak etdik və komandanı qitədə tanıtdıq. Klub olaraq çox böyük işlər görmüşük. Amma titul bizim üçün çox vacib idi. Mən əvvəlki mütəxəssislərin yanında böyük təcrübə yığdım. Bu mövsüm isə baş məşqçi kimi ilk sınağım idi. Köməkçi-məşqçi və baş məşqçi vəzifələri fərqlidir. Bu mövsüm baş məşqçi kimi təcrübə qazandım. Bu, çox böyük təcrübə oldu. İlk titul həm məndə, həm də komandada özünəinam yaratdı.

- Oyundan sonra klubun prezidenti Fariz Nəcəfov kollektivlə görüşdə nələr dedi?
- Kuboku başımız üzərinə qaldırdıq və Fariz müəllim hamını təbrik etdi. Bu kollektivin üzərində rəhbərliyin çox böyük əməyi, əziyyəti var. Hər şeyin qayğısına qalan onlardır. Futbolçularımız da bunu dərk edirdilər ki, bu kuboku rəhbərliyə hədiyyə etməliyik. Kollektiv olaraq birlikdə sevindik.

- Komandaya kuboku qazanacağı təqdirdə, böyük məbləğdə mükafat vəd olunmuşdu. Həmin mükafat verilibmi?
- "Qəbələ" hər zaman, yarandığı vaxtdan verdiyi sözün üstündə durub. Artıq bu gün futbolçular öz mükafatlarını alacaqlar. Mövsüm ərzində klubda heç bir maliyyə sıxıntısı olmadı. Bunun üçün rəhbərliyə təşəkkür edirik.

- Fariz Nəcəfov dünənki qələbədən sonra komandanın gələcəyi ilə bağlı danışdımı?
- Bu barədə 1-2 günə rəsmi açıqlama veriləcək. Müqaviləsi bitən futbolçularımız var. Hamısı ilə bağlı iki günə qərar veriləcək. O barədə də mətbuat məlumatlandırılacaq. Bunun üçün gözləmək məcburiyyətindəyik. Final oyunu dünən bitib, ona görə də iki gün gözləməliyik ki, rəhbərlik öz planını açıqlasın.

- Stiven Monroz komandadan ayrılacağını açıqlayıb, İlqar Qurbanovun da gedişi gözlənilir. Cavid Hüseynov, Rauf Əliyev və digər oyunçuların sözləşmələri başa çatır. Onlara başqa təkliflərin də olduğunu nəzərə alsaq, hansısa oyunçunu komandada saxlamağı rəhbərliyə bildirmisinizmi?
- Biz həqiqətən bu vaxta kimi belə məsələlər haqqında fikirləşmirdik. Yalnız titulu qazana bilmək barədə düşünürdük. Birləşdik, bir nöqtəyə vurduq və uğur qazandıq. İndi isə oyun geridə qaldı. Bu məsələlər barədə fikirləşməyə başlayacağıq. Biz də rəhbərliyin qərarını, hansı qərarların qəbul olunacağını gözləyirik. Bundan sonra isə hansı futbolçularla işləmək istədiyimizi açıqlaya bilərik. Adlarını çəkdiyiniz oyunçular və digərləri üzdə olan və istedadlı futbolçulardır. Onlara bir neçə təklifin gəlməsi çox normaldır. Müqaviləsi bitən futbolçular öncə bizimlə danışacaq, sonra isə digər variantlara göz atacaqlar. Seçim onlarındır. Amma bizim mövqeyimiz bilinməlidir ki, həmin futbolçularla danışıq aparaq.

- Bu məsələ 1-2 günə həllini tapacaq?
- Bəli. Hansı yöndə işlərin aparılacağına tam aydınlıq gələcək. Ola bilər ki, əcnəbilərlə yola davam etməyək və ya tam əksi də baş verə bilər. Avropa Liqasına düşdüyümüzdən, rəhbərlik tez bir zamanda, səbrlə komandanın xeyrinə ən yaxşı qərarı qəbul edəcək.

- Avropa Liqasında uğur əldə etmək üçün sizə yaxşı bir heyət lazım olacaq...
- Əlbəttə. Avropada zəif komandalar yoxdur. Bu, yetərincə ciddi turnirdir. Heyətimiz güclü olsa, bizim üçün də yaxşı olar. Komandaya baxıb hərəkət etmək lazımdır. Bu, futboldur. Məşqçilər heyəti olaraq üzərimizə düşən işi görəcəyik. Biz də istəyirik ki, yaxşı heyətimiz olsun və Avropa Liqasında uğurla çıxış edək. Buna da yaxın günlərdə aydınlıq gələcək.

- Qəbul olunacaq hər bir qərara rəğmən, növbəti mövsüm Premyer Liqadakı hədəfiniz nədir?
- Artıq bir neçə ildir ki, "Qəbələ"dəyəm. Verilən hər bir qərara və tapşırığa uyğun olaraq, can-başla işləməyə hazırıq. Biz kubok qazanmışıqsa, dayanmamalıyıq. Yalnız irəlini və qələbə qazanmaq haqqında fikirləşməliyik. Növbəti titullar niyə də olmasın?!

- Klub yeni mövsümdən sizinlə yola davam ediləcəyini bildirib?
- Xeyr. Hazırda belə bir danışığımız olmayıb. Yəqin ki, bu məsələ də qarşıdakı günlərdə bəlli olacaq. (Report.az)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR