"Qəbələ"nin baş məşqçisi: "Heyətimizə əcnəbi qapıçı cəlb edə bilərik"

Sport7.az "Qəbələ" futbol komandasının baş məşqçisi Sənan Qurbanovun "Report"a müsahibəsini təqdim edir...

- Qış fasiləsində transfer çalışmalarınız hansı yöndə davam edir?

- Aqil Məmmədov getsə, qapıçı almaq istəyirik. Bu yöndə işlər davam edir. Amma Aqil hələ ki, komandanı tərk etməyib. Ona görə də dayanmışıq. Ola bilər ki, Antalyadakı təlim-məşq toplanışında kimlərisə komandaya cəlb edək.

- Aqil Məmmədov ayrılsa, heyətinizdə hansı qapıçını görmək istərdiniz?

- Aqilin "Qəbələ"dən gedəcəyi də tam dəqiq deyil. Fikrimizdə bir-iki qapıçı var. Təcrübəli qapıçıya da ehtiyac duyuruq. Yerlilərdən alınmasa, heyətimizə əcnəbi qapıçı da cəlb edə bilərik.

- Anar Nəzirovun "Qəbələ"yə keçidi nə dərəcədə realdır?

- Nəzirovla danışıqlar aparmışıq. Amma onun klubu "Zirə" ilə müqaviləsi mövcuddur. Buna görə də hər şey Anarın özündən və klubundan asılıdır. O, əvvəllər də "Qəbələ"də çıxış edib, tanıdığımız oyunçudur. Komandamıza gəlsə, qapılarımız ona hər zaman açıqdır. Klubu ilə müqaviləsi olduğundan, hər şeyin qaydalar çərçivəsində olmasını istəyirik.

- Hansısa əcnəbi qolkiperlə maraqlanırsız?

- Aqil gedərsə, belə bir keçid ola bilər. Hazırda qəti qərar da yoxdur ki, Aqil komandadan gedir. O, getsə, Anarı komandada görmək istəyirik. Bu da alınmasa, əcnəbi qapıçıya yönələcəyik.

- "Qəbələ"nin sabiq futbolçusu Dodonun adı klubla hallanır. Onu komandanızda görmək istəyirsiniz?

- Dodoya çox böyük hörmətimiz var. "Qəbələ" üçün illərini verib. Sadəcə, bir müddət oynamadı və zədəli oldu. Onun durumu ilə bağlı bir az sıxıntı var idi. Amma hər zaman demişik ki, komandamıza gələ və onu yoxlaya bilərik. Belə bir təklifimiz də olub ki, baxaq görək vəziyyəti nə yerdədir. O, hörmət etdiyimiz oyunçudur. Antalyadakı təlim-məşq toplanışına dəvət edə bilərik. O da öz razılığını bildirməlidir. Hazırlıq prosesində onun fiziki durumu və sağlamlığı barədə məlumatlı olmalıyıq.

- Bu futbolçulardan başqa Premyer Liqada oyununu bəyəndiyiniz və heyətinizdə görmək istədiyiniz oyunçular var?

- Əlbəttə. Çempionatımızda yaxşı oyunçular var. Amma onların hamısının müqaviləsi olduğundan, bu barədə danışmağa dəyməz. Klublar da onları buraxmazlar. Öz futbolçularımıza inanır və güvənirik. Bəyəndiyimiz oyunçu olarsa, komandamıza cəlb edə bilərik.

- Son mətbuat konfranslarınızdan birində bildirmişdiniz ki, heç bir futbolçu komandanı tərk etməyəcək...

- Bəli, komandanı tərk edən futbolçu olmayacaq. Kimsə ayrılmaq istəsə, gərək klubla danışsın və razılaşsın. Ancaq ikitərəfli razılaşma əsasında müqaviləyə xitam verilə bilər.

- Təlim-məşq toplanışına gənc futbolçuları cəlb etməyi düşünmüsünüz?

- Hazırda bizimlə məşq edən gənclər var. Onlar artıq bizə uyğunlaşıblar. Bəzi futbolçularımız var ki, U-19 millimizdə çıxış edir. Həmin komanda da Avropa çempionatının elit-raunduna yüksəlib. Onlar təlim-məşq toplanışında olacaqlar. Onların məşqçiləri ilə dialoqa girib danışmaq və hər iki tərəfə yaxşı olmasını istəyərik. Nəzərdə tutduğumuz oyunçular var. Onları da Türkiyəyə aparmaq niyyətindəyik. Amma bilirik ki, yığma komandanın da toplanışı var.

- Stiven Monrozun adı "Neftçi" ilə hallanırdı. Bu barədə nə deyə bilərsiniz?

- Monroz yaxşı futbolçudur. Yaxşı futbolçuya da təkliflər gəlir. Bu, normaldır. Amma klubumuzla müqaviləsi var. Ən azı çempionatın sonuna qədər komandamızda olacaq. Onu buraxmaq fikrimiz yoxdur. Kimsə Monrozu istəyirsə, klub rəhbərliyinə müraciət etməlidir.

- Mövsümün gedişində bəzi əcnəbi futbolçuların cəzalandırıldığı deyilirdi. Hətta Dmitri Bezotosnını da bəzi matçlarda ehtiyatda saxlamışdınız...

- Bezotosnı bizim əsas qapıçımızdır. Hər bir mövqedə rəqabət yaratmaq istəyirdik. Məncə, Aqil də rəqabətə qoşula bildi. Nəinki qapıçı, digər mövqelərdə də istəyirik ki, əlimizdə yaxşı oyunçular olsun. 
 
Sport7.az

Xəbər lenti