"Qəbələ"nin fəxri prezidenti Vətən müharibəsi qazilərinə çağırış etdi

Fövqəladə Hallar naziri Kamaləddin Heydərovun oğlu, "Qəbələ"nin sahibi və fəxri prezidenti Tale Heydərov "facebook" hesabında maraqlı paylaşım edib.

Sport7.az xəbər verir ki, o, müharibədən sonra psixoloji problemlər yaşayan şəxslərin dərhal 112 qaynar xəttə müraciət etməli olduğuni bildirib:

"Hazırda yüzlərlə qazimiz və mülki əhalimiz döyüş və ya partlayış nəticəsində yaranan psixoloji pozuntulardan əziyyət çəkməkdədir.

Qorxulu yuxular, neqativ fikirlər, aqressiv davranışlar, ümidsizlik, yuxusuzluq, həmin qorxulu anları göz qabağında görən şəxslər...

Bu, müharibədən sonra yarana biləcək qorxulu psixoloji problemdir. Elmi dildə buna "travmasonrası sinir pozğunluğu" deyilir.

Adətən, veteranların 20-30%-i arasında müşahidə olunan bir haldır. Bu şəxslərin ailə üzvləri, yaxınları daima bundan əziyyət çəkənləri nəzarət altında saxlamalı, onları qətiyyən tək buraxmamalıdır. Onlara lazımı kömək göstəriləcək.

Bundan əlavə, onu qeyd edim ki yanvar ayının 20-də qardaş Türkiyədən 15 peşəkar həkim bu halı müalicə etmək üçün ölkəmizə səfər edəcək. Yüzlərlə qazimiz müalicə alacaq və bu çətin durumdan mütləq çıxacaq. Yaxın günlərdə bu haqda daha ətraflı məlumat veriləcək.

Bu haqda elan bütün hazırlıq işləri görüləndən sonra veriləcəkdi, amma bəzi kədərli məlumatlar və qazilərin həyatına artan risklər bunu ən tez bir zamanda, bu şəkildə elan etməyi məcbur etdi.

Hər bir saatın, dəqiqənin öz hökmu var. Bu yöndə həkimlərimiz, psixoloqlarımız və jurnalistlərimiz tərəfindən çox ciddi iş aparmalıdır.

Müharibədən sonra yarana biləcək psixoloji travma, depressiya və digər psixoloji pozuntular müalicə oluna bilən hallardır. Bu çətin halı yaşayanlara səbr diləyirəm və onların tezliklə düzələcəklərinə inanıram".
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR