“Qəbələ”nin qətli planı

“Qəbələ”nin qətli planı
Bilirəm, başlıqdakı qətl sözünü dırnaqda yazmadığım üçün mənə irad tutanlar tapılacaq. Deyəcəklər ki, ortada qatil yox, dünyasını dəyişən yox, bunun harası qətldi? Amma bunlar olmasa belə ortada bir cinayət var, dostlar. Bunun adına qətl demək lazımdı. "Qəbələ”nin qətlə yetirmək, məhv etmək planı işə düşüb.

"Bakı”, "Rəvan”, "Xəzər Lənkəran”... müstəqil, AFFA-ya boyun əyməyən iş adamlarının yaratdığı, zəhmətini çəkdiyi, milyonlarını əsirgəmədiyi klublar bu cür oyunların sonunda məhv edildi, sıradan çıxarıldı. Bazalarının qapısına qıfıl vurulub, akademiyaları dağıdılıb, Azərbaycan futbolunun gələcəyi adına görmək istədikləri işlər yarımçıq qalıb.

Minlərlə azarkeşi olan, yetişdirdiyi istedadları ilə öyünən, avrokuboklardakı iştirakları, qazandıqları çempionluqlarla adlarını tariximizə yazan "Turan”, "Kəpəz” zəiflədilib, AFFA-nın ianəsinə möhtac edilib, "boz bina”dan asılı vəziyyətə salınıb. Qərb bölgəsinin bu iki təmsilçisinin varlığı ilə yoxluğu bilinmir. Bir zamanların "əjdahaları” indi aşağı divizionda gün keçirməklə məşğuldular. Elə "Şəmkir” də o gündədi.

"İnter”i də məhv ediblər. Boyunduruq altına salınan, Zaur Axundovun döyüb-söydüyü, istəyəndə baş məşqçisini dəyişdirdiyi "sevimli oyuncaq” turnir cədvəlinin zirzəmisində gün keçirir. Yayda Malta komandası tərəfindən kötəklənən komandanın adını da dəyişdiriblər. Bütün dünyanın tanıdığı, qəbul etdiyi "İnter” balaca bir qəsəbənin təmsilçisinə çevrilib, kənd komandasına dönüb.

Sıra "Qəbələ”nindi. Məkrli planlarını bütün üsullarla icra etməkdədilər.
 
Bir neçə gün bundan əvvəl Tiraspolda möhtəşəm qələbə qazanan, sözün bütün mənalarında Azərbaycan bayrağını yüksəklərə qaldıran, UEFA Gənclər Liqasında mərhələ adlamaqla futbol tariximizdə yeni səhifə açan əyalət təmsilçisinin "mükafatı” Mərdəkanda verildi. Gözünə döndüyüm AFFA. Bu uğuru diqqətdən kənar qoya bilməzdilər. Ötən tur "Neftçi”nin məğlubedilməzlik mifini dağıdan, həftə ortası bizi qürurlandıran "Qəbələ”nin "mükafatı” mütləq verilməliydi.

Orxan Məmmədov vasitəçi oldu. Təkcə "Qəbələ”nin deyil, Azərbaycan futbolunun gözmuncuğu, son illərdə yetişdirdiyimiz tək-tük istedadlardan biri Bəhlul Mustafazadəyə verilən o qırmızı vərəqə idi AFFA-nın mükafatı...

Əslində nə baş vermişdi? "Milliləşdirilmiş” Qvanzav Maqomedov yerdə qalır, ayağa qalxanda Stankoviçlə mübahisə edir, sonra da aləm bir-birinə qarışır. Sabiq FİFA referisi Orxan Məmmədov da soyuqqanlı şəkildə hadisələrin önünə keçmir, dalaşanları ayırmaq istəmir, baş verənləri izləyir. Məşhur lətifədə polisə - "hələ qarışma, hər ikimizə çörək çıxsın” deyən molla kimi davranır. Qoy olsun, hakimin dalaşanları ayırmaq kimi vəzifəsi yoxdu. Amma onun vəzifəsi olanlara ədalətli qiymət verməkdi axı. Ədalətli qiyməti nə oldu? Uzaqdan Stankoviçi üzərinə qaça-qaça gələn Şəhriyar Əliyevi itəliyən Bəhlul Mustafazadəyə qırmızı vərəqə vermək! Bərəkallah, Məmmədov. Ehtiyat oyunçular skamyasında əyləşənlərin arasında sarı vərəqəsi olan Rauf Əliyevi də tapmaq, ona da "qırmızı üz” göstərmək böyük məharət tələb edirdi. Bunu da bacardı.

Çox təəssüf. Sürətlə dəyişən, inkişaf edən zamanın təkərindən geri qalman, köhnə günlərə qayıtmağa başlayan hakimlərimizin adına təəssüflənməyə bilmirsən. Gələcəklərinə böyük ümidlərlə baxdığımız, perespektivinə inandığımız hakimlər AFFA-nın məkrli qətl planının icraçılarına çevrilməyə, əllərini müstəqil klublarımızın qanına batırmağa hazır görünürlər. Etməyin, cənablar!

Amal ABUŞOV

Xəbər lenti