"Qəbələ"nin uğursuzluğu mənə pis təsir edir" - Səməd Nəsibov

"Qəbələ"nin marketinq-meneceri Səməd Nəsibov klubdan ayrıldıqdan sonra hələ də işsizdir. Onunla əlaqə saxlayaraq hazırda işlərinin nə yerdə olduğu, gələcəklər bağlı planları haqda məlumat öyrəndik. 

- Səməd bəy, işləriniz necə gedir, hansısa klubdan təklif varmı?
- İşlər deyəndə ki, hələ bekarçılıqdı. (gülür)... Xeyr, heç bir klubdan təklif yoxdu.

- Təhsilinizi Türkiyədə almısınız, yenidən ora qayıtmaq haqda düşünmürsüz?
- Bəli, Türkiyədə təhsil almışam. 9 il orada oxumuşam. Amma bu dəqiqə ora qayıtmaqla bağlı planım yoxdur. Ancaq gələcəkdə uyğun şərtlər olsa, qayıtmaq istəyərəm. 

- Bəs hazırda hansısa planınız var, yoxsa sadəcə istirahətə zaman ayırırsınız? 
- Ağlımda bəzi fikirlər var, onları həyata keçirməyə çalışıram. İstirahətə vaxt yoxdu. (gülür)...

- Futboldan başqa sahədə çalışmaq ehtimalınız varmı?
- Futbolda çalışmağı çox istəyirəm. Amma real danışsaq, bu dəqiqə o ehtimal inandırıcı görünmür. 

- Hansı klubda işləmək istərdiniz? 
- Hansi klubda?! "Liverpul", ya da "Qalatasaray"da...(gülür)...

- Sabiq klubunuz "Qəbələ"nin ilk oyununu izlədinizmi? Necə təəssürat bağışladı?
- "Qəbələ"nin ilk oyununa baxa bilmədim. Amma "Qarabağ"la oyununu stadiondan izləmək fikrim var. İlk oyunda "Qəbələ"nin məğlubiyyətinə çox üzüldüm. Mən orada olmasam da, 10 illik əməyim, dostlarım o klubdadı. Bilmirəm müqayisə nə qədər doğru çıxar... Bir ifadə var "Hər münasibət insandan bir parça nəsə alır", deyə... Mən də həyatımın 10 ilini "Qəbələ"də keçirtmişəm. Mənim də önəmli bir parçam demək olar "Qəbələ"dədir. Ona görə də klubun uğursuzluğu əlbəttə pis təsir edir. 

- Klubda həyata keçirdiyınız layihələrdən ən uğurlusu hansını hesab edirsiniz? 
- Klubda həyata keçirdiyim ən uğurlu layihə kimi "Hyundai” ilə 3 illik titul sponsorluğunu qeyd etmək istərdim. Səhv etmirəmsə, Azərbaycanda ilk dəfə idi ki, klubun təsiscisindən başqa bir şirkətin futbolda titul sponsorluğu idi. 

Röya Kərimli
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR