“Qəbələ”nin “Zir(v)ə” dərdi

“Qəbələ”nin “Zir(v)ə” dərdi
"Qəbələ” bu mövsüm Avropa Liqasının qrup mərhələsindən kənarda qalanda çoxları "hər işdə bir xeyir var” deyimini yada saldı. Ardıcıl iki mövsüm qrupa yüksəlməklə çoxlarının alqışını qazanan "qırmızı-qaralar” bu çətin tapşırığın öhdəsindən təsnifat mərhələsindən mübarizəyə başlayaraq gəlməyi bacarırdı. Bu isə əyalət təmsilçisinə olan maraq və diqqəti ikiqat artırır, onu azarkeşlərin gözündə daha da ucaldırdı.

Roman Qriqoçukun çalışdırdığı komandanın uğuru təkcə Avropa Liqasında qrup mərhələsinə yüksəlmək deyildi. "Qəbələ” həm də ölkə çempionatının iki iddialı klubundan birinə çevrilmişdi, çempionluğa sözdə yox, əməldə iddia etdiyini isbatlamışdı. Xüsusiylə də ötən mövsümün gedişində "Qəbələ” "Qarabağ”a açıq rəqabət təklif etməyi, "köhlən atlar”ın çempionluğa yürüşünə xeyli əngəl törətməyi bacardı. Bu "iki qoç”un başının bir qazanda qaynaması Azərbaycan Premyer Liqasına da xeyli rəqabət, rəngarənglik gətirmişdi.

Qızıla əsas namizəd sayılan komandaların Suraxanıdakı oyunu xeyli drammatik və xoşagəlməz söz-söhbətin müşayəti ilə keçdi. "Qəbələ” rəsmiləri və azarkeşlərin "Qarabağ”ın son dəqiqələrdəki qələbəsinin hakimlərin dəstəyi və kobud səhvləri fonunda mümkün olduğunu deyirdilər. Fevralda Qəbələdə keçirilən duel də xeyli maraqlı alındı. Rəqibinə qalib gələn "qırmızı-qaralar” turnir cədvəlində də 1-ci pilləni ələ keçirdilər, çempionluğa doğru böyük addım atdılar. "Qarabağ”ın "Qəbələ”nin ardınca "İnter”ə də məğlub olması Qriqorçuk və yetirmələri üçün göydəndüşmə fürsət idi...

... amma həmin fürsət əldən qaçırıldı. Gəncədə, Sumqayıtda yersiz xal itkilərinə məruz qalan "Qəbələ” üçün "Zirə” də ən arzuolunmaz rəqibə çevrildi. Qəsəbə təmsilçisi gərgin oyunda "Qəbələ”ni büdrətməklə onun iddialarına böyük zərbə vurdu.

Bu il "Zirə” əvvəlki illərdən daha güclü və inamlı təsir bağışlayır. Deməli, çempion olmağı arzulayan "Qəbələ” təkcə "Qarabağ”ı yox, elə "Zirə”ni də üstələməyi, onlarla oyunlarda xal itirməməyi bacarmalıdı. Çünki əsas rəqiblərlə oyunda itirdiyin xal "havaya” getmir, rəqibin aktivinə əlavə olunur. Yəni, sən ikiqat itkiyə uğrayırsan. Nəzərə almaq lazımdı ki, "Qəbələ” avrokuboklardan kənarda qalıb və Qriqorçuk yalnız ölkədaxili yarışlarda uğur qazanmaq üçün baş sındırmalıdı. Məsuliyyət yükünün azalması "Qəbələ”nin xeyrinə olmalıd. Lakin biz əksini müşahidə edirik.

Nə baş verir? Cəmi 4 turu arxada qoymuşuq. "Azərsun Arena”da "Qarabağ”a uduzan "Qəbələ” doğma meydanda "Zirə”yə də bir xal bağışladı. Özü də məğlubiyyətdən son dəqiqələrdə penalti qoluyla qurtulmaqla. Həyacan siqnalı verməyin, futbolçularla və Qriqorçukun özüylə ciddi danışmağın zamanıdı. Çempionluq yarışından belə erkən çəkilmək, əsas rəqiblərin qarşısında indidən "ağ bayraq” qaldırmaq "Qəbələ”yə yaraşmaz. Zirvəni hədəfləmisizsə, "Zirə”ni udmağı bacarmalısız, cənab Roman İosifoviç!

Amal ABUŞOV



Xəbər lenti