Qəlblərdə

Qəlblərdə "yaşayan" "MKT-Araz" - Keçmişə səyahət

2004-cü ildə futbolumuzda "evrim" baş verəndə, çempinata qoşulan klublardan biri də İmişlinin "MKT- Araz" komandası idi.  

Ömrü 3 il çəksə də, çempionatda klublara baş ağrı yaratmış bir komanda idi. Hətta 2006-2007-ci il mövsümündə ölkə kubokunun finalına yüksəlmişdi. Lakin kuboku 1:0 hesabı ilə qalib gələn  "Xəzər Lənkəran" qazanmışdı. 
 


Azərbaycanı 1 dəfə UEFA Kubokunda, 1 dəfə də UEFA İntertoto Kubokunda təmsil edən "pambıqçılar", 2010-cu il noyabrın 26-da açıqlanan klublarının XXI əsr üçün reytinqində ilk onilliyi 131,5 xal ilə Azərbaycan klubları arasında 8-ci, dünyada isə 679-cu pillədə başa vurmuşdur.
 


2006-cı ilin martın 23-də ölkə prezidenti İlham Əliyevin iştirakı ilə İmişli şəhərində "MKT-Araz” klubunun yeni stadionunun istifadəyə verilməsinə həsr olunmuş mərasim keçirilmişdi. 
 


Müasir Avropa standartlarına tam cavab verən 8500 yerlik stadion MKT Kommersiya-İstehsalat Şirkətinin vəsaiti hesabına tikilib. Tikintisində 200 nəfər işləmiş, 2,5 milyon dollar vəsait xərclənən bu stadionda yeniyetmə futbolçuların təlim mərkəzi, güləş bölməsi də fəaliyyət göstərir. "Heydər Əliyev"ın adına olan bu stadonun bütün tribunaların hamısının üstü örtülüdü. 
 


Bir çox klublar kimi "MKT-Araz"da pulsuzluğun "qurban"ı oldu. Və 2007-ci ildə klub tərəfindən AFFA-ya ünvanlanan məktubda "MKT-Araz"ın avqustun 11-də start götürəcək ölkə futbol çempionatında iştirak etməyəcəyi yazılmışdı. Məktubda klubun maliyyə çatışmazlığı üzündən fəaliyyətini dayandırdığı bildirilmişdi. Sonradan I Diviziona "Mil-Muğan" adı ilə qayıtsa da, "MKT Araz" adı tarixin tozlu səhifələrində it-bat oldu.  
 


Ancaq bir yazılıq da olsa, səhifələrin tozunu almaq qərarına gəldim. Təəssüf ki, bu komanda ilə bağlı özümdə maraqlı xatirələr elə də çox deyil. Vur-tut 2 dəfə İmişli stadionunda "MKT- Araz" - "Karvan" oyununu izləmişdim. Oyunlardan biri dəhşətli soyuq, biri isə qızmar günə təsadüf etmişdi. İmişli ilə bağlı ən xoş təəsüratım rayonun camaatı ilə bağlıdı. Həmişə vurğulamışam ki, İmişli sakinləri çox mehriban insanlardılar. O vaxtlar oyuna "Karvan" azarkeşi olaraq getmişdim. Oyundan bir neçə saat əvvəl gedib çatdığımız stadionda bizi rəqib komandanın azarkeşləri kimi yox, qonaq kimi qarşılamışdılar. Hətta stadiona daxil kafedə vəzifəsini dəqiq xatırlamadığım klub rəsmisi Yevlaxdan gələn azarkeşlərə qonaqlıq da vermişdi. Komandalar arasında rəqabət olsa da, azarkeşlər arasında çox yaxşı mehriban münasibət yaranmışdı.

Ancaq mənim yarımyamalaq uşaqlıq xatirəmlə bir klubu yad etmək yetməz. 
 


"MKT- Araz"la bağlı ən çox xatirələr elə bu klubun formasını geyinən futbolçularda olar. 

"MKT- Araz" yarandığı il Ruhid Usubov hərbi xidmətə yollanmışdı. Əslən İmişlidən olan futbolçu əsgərlikdən qayıdanda doğma rayonunun klubunda oynamaq fikrində idi. Bu müddətdə Ruhid Beyləqanın hərbi komandası "Qara Bəbir"də çıxış edirdi ki, formada qalsın. Elə belə də oldu. Necə olduğunu Ruhid özü danışsın:

"O illəri çox gözəl xatırlayıram. Gənc idim. Amma səviyyəli legionerlərdən çox şey öyrəndik. Futbolun dadı o illərlə getdi. "MKT- Araz", "Xəzər Lənkəran", "Karvan", "Turan", "Simurq", "İnter", hər bölgədə futbol vardı. Daim təlim-məşq toplanışlarında olurduq, adlı-sanlı klublarla matçlarımız olardı. 

2004-cü ildə hərbi xidmətə çağırıldım. Formada qalmaq üçün Beyləqanın "Qara Bəbir" hərbi komandasında çıxış edirdim. Çünki eşitmişdim ki, İmişlidə "MKT-Araz" adlı klub yaranıb. Mən qayıdanda komandaya baxışa dəvət aldım. Elə ilk oyunda məni bəyəndilər və müqavilə bağladıq. O vaxt 3 nəfər yerli uşaq vardı. Maddi baxımdan da hər şey əla idi. 

Bu komandada çox gözəl günlərim olub. Həm əsas komandada oynamışdım, həm də əvəzedicilərdə. 2 dəfə əvəzedicilərdə ən sərrast futbolçu olmuşdum. "MKT-Araz"da oynayanda milliyə də dəvət alırdım. 

O vaxt rayonda gəzə bilmirdik. Hamı çağırırdı söhbətləşməyə. Uşaqlar özlərini bizim futbolçularımıza oxşatmağa çalışırdılar. Elə böyük maraq vardı. Hamı övladını futbola göndərirdi. Çünki bu komandanın həm aşağı yaş qrupları, həm də əsas komandasının hədəfləri vardı. 

Ancaq acı xatirə o oldu ki, bu komanda fəaliyyətini dayandırdı". 
 


Söhbət "MKT- Araz"dan açıla və Saşa Yunisoğluna söz verilməyə. O, komanda yarandığı gündən dağıldığı günə kimi bu klubun formasını geyinən ən sadiq futbolçu kimi yaddaşlarda qalıb. 

Saşa "MKT-Araz"da keçən günləri belə xatırlayır: "MKT-Araz" o vaxtdan ürəyimdədir. Bu komandanın dağılmasına çox üzüldük. Bir günün içində bu komanda dağıldı.

Klub yarandığı ilk gündən dağıldığı günə kimi orada idim. Klubun yaranması, bütün məşqlər, stadionun tikilməsi... Hər birinin canlı şahidi olmuşam. Hələ də orada çalışan insanlarla dostluq əlaqələrim qalıb, hələ də danışırıq. 
 


Stadion yeni tikildiyi vaxtlarda biz Cəlilabadda məskunlaşmışdıq. Ev oyunlarını orada keçirirdik. Çox çətin idi. Cəlilabadda şərait çox bərbad idi. Tez bir zamanda İmişlidə stadionu tikdilər. Ancaq o tikilənə kimi, bir müddət Sumqayıtda da məskunlaşdıq. "MKT- Araz" yarandıqdan 1 il yarım sonra İmişliyə, doğma məkanımıza köçdük. Heydər Əliyev adına olan bu stadion çox gözəl idi. "Şəfa"ya bənzəyirdi. Ancaq bura 4 tribunalı idi. Bu stadionda çox gözəl atmosfer vardı. İmişli azarkeşləri də sağolsunlar. Hər oyunda stadion demək olar ki, dolu olardı. 
 


Çox gözəl kollektiv, çöx gözəl rəhbərlik vardı bu klubda. Gözəl şərait yaratmışdılar. Ancaq təəssüflər olsun ki, belə bir klub artıq Azərbaycan çempionatında yoxdu. "MKT-Araz"ın rəhbərliyi sağolsunlar ki, heç olmasa I Divizionda çıxış edən "Mil-Muğan" klubunu saxlayıblar. Amma "MKT-Araz" Azərbaycan futbolunda yoxdu. Çox təəssüf. Mən şəxsən çox şadam ki, bu klubda  3 il oynamışam. Hətta bu klubdan milliyə gedən ilk futbolçu da mən olmuşdum. Bu kluba, rəhbərliyinə, bütün azarkeşlərinə çox minnətdaram. Həmişə mənim ürəyimdə olacaqlar!". 

Röya Kərimli

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR