Qəzan mübarək, Milan!

Qəzan mübarək, Milan!

Amal ABUŞOV


21 yaşadək futbolçulardan ibarət millimiz Lixtenşteyndən olan həmyaşıdlarına uduzdu. Özü də "quru” hesabla. Məsələnin bu tərəfini heç də təsadüfən qabartmıram.

Ona görə ki, U-21 millimiz Milan Obradoviçin rəhbərliyi altında ilk görüşünü Antalyada "Spartak”ın əvəzedici komandasına qarşı keçirmişdi. Həmin qarşılaşmada qapılara qol vurulmamışdı. Obradoviç də görüşü izləyən həmkarlarımıza verdiyi açıqlamasında bildirmişdi ki, Antalyadakı əlverişsiz hava şəraiti onun komandasına mane olub. Guya ki,"Spartak-2” ilə oyun yağışlı-küləkli havanın müşayəti ilə keçdiyinə görə Milanın yetirmələri meydanda özünü göstərə bilməyib. Mən hələ həmin vaxt demişdim ki, Milan Obradoviç özü serbiyalı olsa da, bizim damarımızı tez tutmağı bacarıb. Nəticə olmayanda havanı-suyu, küləyi bəhanə gətirməklə işin içindən çıxacaq.

Buyurun, bu da mənim sözlərimin təsdiqi. Serbiyalı mütəxəssis Lixtenşteynə "quru” hesabla uduzduqdan sonra da bizim beyinlərimizi psixoloji hücuma məruz qoyub. Deyib ki, onun komandası yaxşı oynasa da qələbə qazana bilməyib. Ən gülməlisi isə "biz düzgün yoldayıq” deməsidi. Bizi bu futbol lotularının əlində əsir-yesir qoyanlar utansınlar. Təklif edirəm ki, AFFA Milan Obradoviçə nə qədər məvacib verdiyini açıqlasın. Biz də bu bahalı aktyorun AFFA-nın çaldığı havaya oynamaq üçün nə qədər qazandığını bilək.
 
Ver əlini, Milan, bir beş vur bura.

Milan Obradoviç şəxsən özü düz yoldadı. Serbiyadan təyyarəyə minəndə gözlərini yumub, bir andaca süd gölünün içinə düşüb. Yağ içində böyrək kimi bəsləyirik. O da bizim elədiklərimizin cavabında deyir ki, qəm eləməyin, Lixtenşteynə uduzduğumuz oyun bizim üçün dərs olacaq. Cənab serbiyalı məşqçi, sən buralarda yox idi, amma bizə həmin o lixtenşteynlilər uzaq 98-ci ildə dərs vermişdilər. Onda səni bizə ürcah edən Elxan Məmmədovun heç futbol yadına düşmürdü. Amma biz həmin o yenilginin verdiyi xəcalətdən utanır, yerin aralanmasını arzulayırdıq ki, ora girək. Hə, sənin indi keçdiyin həmin o "yolu” 1998-ci ilin oktyabrın 14-də Vaqif Sadıqov keçib. Bəli, sənin tanıdığın Vaqif Sadıqovdu. Guya, Elxan Məmmədov səni bizə ürcah edəndə onun da xeyir-duasını alıbmış. Aldıqları xeyirə də, etdikləri duaya da...

Bəli, ay Milan, sən özün düz yoldasan, kefini çəkib, pulunu qazanırsan. Amma Azərbaycan futbolu düz yolda deyil. Ondan da əvvəl AFFA, onun başında oturanlar əyri yollara düşüblər. İndi də səni və sənin kimi oyuncaq məşqçiləri əllərində oynadırlar, zamanı ötürüb, qaz vururlar ki, qazanları dolsun. Qazanın içi dolanda, qapağı bağlanmayanda da başqa qazan alırlar. Necə ki, məşqçiləri əlcək kimi dəyişib, hər seçmə mərhələnin sonunca onları qurbanlıq qoyunun gününə salırlar. Üzü Dağıstandan ta Almaniyaya qədər futbolçu milliləşdirməklə, Azərbaycanın bölgələrini futbola həsrət qoymaqla futbolu inkişaf etdirməzlər, Milan kişi. Sən buralarda yox idin, biz bütün bunları deyirdik, yazırdıq. Amma vurdular qulaqlarının ardına. Necə ki, dünən axşam Lixtenşteynin yeniyetmə futbolçuları AFFA-da oturanların, özlərini futbol bilicisi sayanların qularlarının dibini yaxşıca qızartdı. Amma onlar buna öyrəncəlidilər.

Heç vecinə də alma, ay Milan. Qəzan mübarək olsun. Sabah "böyük qardaşın" Nikola da sənin gününə düşəcək. Kefinizi heç pozmayın!
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR