"Qırmızı vermə... Bizi döyəcəklər..." - RUBRİKA

Sport7.az futbol camiəsinin gülməli, qalmaqallı xatirələrini işıqlandırmağa davam edir. 

Bugünkü müsahibimiz keçmiş futbolçu və sabiq FİFA referisi İmanxan Sultanidir. 

35-36 yaşıma qədər futbol oynamışam. Ona görə hakimliyə gec başlamışam. 36 yaşımda hakimliyə gəldim, 37 yaşımda FİFA referisi adı aldım. 

"Xəzri Buzovna" komandasının I Dəstədə çıxdığı ildi. Çempionatdan əvvəl yoldaşlıq görüşləri keçirirdik. Adı yadımda qalmayıb - Gürcüstan komandası ilə Buzovnada yoxlama matçı oynadıq. Biz yeni komanda olsaq da, hər şey yaxşı idi. Gürcülər isə ikinci yerdə gedən komanda idi. 

Meydanda belə bir epizod oldu. Gürcü oyunçu zədə aldı. Həkimlər gəldi ona yardım göstərməyə. Su içirdim. Mənlə yan-yana dayanan gürcü futbolçu ilə o anda aramızda dialoq oldu. Mənə sual verdi ki, gürcü futbolu güclüdü, ya Azərbaycan? O vaxtı "Neftçi" nə qədər yaxşı oynasa da, "Dinamo" (Tbilisi) daha güclü idi. Bu komanda Qafqazda daha güclü sayılırdı. Mən də bilirəm axı nə demək istəyir. Biz də 2:0 hesabı ilə üstün idik. Dedim, sən mənə hesabı de görüm neçədi? Gürcüdü, özündənrazıdı, demək istəmir axı. Dedim hesabda kim irəlidirsə, o ölkənin futbolu güclüdü. Belə bir zarafatyana olan söhbət yadımda qalıb. 
 

 
***

Hakim olduğum vaxtlardı. Çempionat dayanmışdı. Bizi hərbiçilərin çempionatına yollamışdılar. "Şəfa" stadionunda idi oyun. Final görüşü idi. Mənə də laysman İlham Əliyev kömək edirdi. 

Bu stadionda da qapılar divara yaxındı. Zərbə vuruldu və gördüm top qapıdan keçdi. Sadəcə divara dəyib dərhal geri qayıtdı. Qapıçı isə topu götürüb qapıdan zərbə ilə başlamaq istəyir. Amma yan hakim görmədi və qapıdan zərbə göstərdi. Özüm şüphələndim ki, bəlkə səhv görmüşəm. Oyunçuların yarısı dedi qoldu, yarıdı dedi qol deyil. Qapıçını da tanıyıram. Mərahətlə inandırmağa çalışırdı ki, qol deyil. Dedim görək kimdən kömək istəyim. Çöndüm 4-cü hakimə. O da başı ilə işarə etdi ki, qol idi. Qol olduğuna əmin idim, ama şüphə yaranmışdı. Elə təcrübəmə əsaslanaraq və 4-cü hakimin köməkliyi ilə qol saydım. 
 

 
***

O vaxtlar heç bir hakim Tovuza getmək istəmirdi. Gərgin oyunlardan biri idi. Əhməd Ələsgərovun "Neftçi"nin baş məşqçisi olduğu vaxtdı. Tərlah Əhmədov, Kayfa vardı heyətdə vardı... "Neftçi" güclü idi. "Turan" "Nefçi"yə nisbətən zəif olsa da, mübariz komanda idi. 

Kubokun cavab matçıdı. İlk oyunda "Neftçi" Bakıda qalib gəlib. Fətullah Hüseynov Tovuzlu olduğu üçün AFFA onu da göndərib. Mənə isə Nizami Şərifov ilə Sabir kömək edir. Fariz Yusifov isə 4-cü hakimdi. 

Elə oyun başlayan kimi 1-ci dəqiqədə "Turan"ın oyunçusu "Neftçi"nin futbolçusuna qarşı kobudluq etdi. Qaçdım köməkçim tərəfə. Əlimi atdım qırmızı vərəqə çıxartmağa. Sabir dedi ki, qurban sənə qırmızı vermə. Yoxsa oyun dayanacaq. 

Dedim, necə yəni, bu etdiyi hərəkət qırmızı vərəqəlikdi, verməsəm olmaz. Özümdən asılı deyildi, prinsipiallıq vardı. Mən istəyirəm qırmızı vərəqəverəm, o da xahiş edir ki, vermə. Həm bizi döyəcəklər, həm də oyun yarımçıq qalacaq. Keçdim daha, sarı vərəqə verdim. "Turan"ın qapıçısı vardı, millinin də şərəfini qoyurudu, kapitan idi. Onu sakitçə çağırdım. O isə yerdə qalan futbolçuya kobudluq etdi. Dedim neyniyirsən sən, oyunu korlayırsan. Kapitansan, sakitlik yaratmalısan. Mənə dedi ki, İmanxan səninlə işimiz yoxdu , işimiz "Neftçi"nin futbolçusu ilədi. Özümüzün də futbolçu vaxtımdan münasibətimiz vardı. Dedim mən artıq hakiməm e...

İlk hissədə qalmaqal düşdü. Təzyiqlər oldu, yarımsaat oyun dayandı. Bakıya zəng oldu və polislər gəldi. Ondan sonra oyun keçirildi. Yekunda "Turan" 1:0 udsa da, mərhələni "Neftçi" keçdi. Bu oyun heç yadımdan çıxmır. Gənc hakim olaraq bu qalmaqal yaddaşımda qalmışdı. 
 

***

Futbolçu olduğum vaxtlarda çox sərt oynayırdım. Özüm də müdafiəçi idim. Mingəçevirdə o vaxtı Zaza vardı. Çox yaxşı münasibətimiz vardı. "Araz"da (Bakı) oynadığım vaxtlardı. Oyunda Zazaya qarşı sürüşmə fəndi etdim və o, əzildi. Neçə vaxt futboldan uzaq qaldı. Hakimlik dövründə oyunlardan birində həmin fənddən istifadə edən futbolçunu saxladım  və sarı vərəqə verdim. O da dedi ki, İmanxan olmadı ki, sən bəs bizi belə vururdun. İndi isə bizə sarı verirsən. Məni bir gülmək tutdu... Cavab verdim ki, qaydalar dəyişib e, mənlik bir şey yoxdu..."

Röya Kərimli
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR