Qış Olimpiadasındakı yeganə təmsilçimiz karyerasını başa vurub

Qış Olimpiadasındakı yeganə təmsilçimiz karyerasını başa vurub
Azərbaycan idmançısı Patrik Braxner karyerasını başa vurmağa qərar verib. 

Sport7.az Apasport.az-a istinadən xəbər verir ki, Pxençxan-2018-də slalom yarışlarında qüvvəsini sınayan milliləşən avstriyalı bundan sonra start xəttinə çıxmayacağını açıqlayıb.

26 yaşlı Braxner vətənində verdiyi müsahibəsində deyib ki, bu, onun yekun qərarı olmaya da bilər. Belə ki, 2017-ci ilin dekabrında karyerasını bitirib, bir müddətdən sonra bərpa edən xizəkçi yenə eyni halın təkrarlanacağını istisna etməyib: "Heç vaxt "heç vaxt” demə. Lakin indiki durumda mən çox məmnunam. Düşünürəm ki, indi bir az istirahət edib, rahatlana bilərəm”.

Braxner Pxençxanda finişə çatmadığı yarışı da dəyərləndirib: "Yarışın mühitinə uyğunlaşıb, məşqlərdə üzərimdə çalışırdım. Bu da kifayət qədər yaxşı nəticə verdi. Amma qripə yoluxduğumdan bir neçə gün məşq edə bilməmişdim. Belə olmasaydı, zolağa və qara daha yaxşı uyğunlaşıb, bundan yaxşı çıxış edərdim”.
 
Sport7.az

Xəbər lenti