Qoca, yaşlı, şişko dünya... və ya ilki uğursuz “Sumqayıt”

Qoca, yaşlı, şişko dünya... və ya ilki uğursuz “Sumqayıt”

Amal ABUŞOV

Qoca, yaşlı, şişko dünya
Mən dağıtdım evimi, sən əritdin beynimi.
Gəl, anlaşaq səninlə,
Ver gözümün ferini geri! (Türk mahnısı)

Bilməyənlər üçün deyim ki, Anadolu türkcəsində gözün ferinin geri verilməsi xoşbəxtlik hormonunun gözə qaytarılması. Bizdə el dilində buna "filankəsin gözü xoşbəxtlikdən parıldayırdı” deyirlər. Yəni ki, bir adam xoşbəxt olanda, nəyəsə görə sevinəndə onun gözü işıqlanır, gözləri gülür. "Gözünün feri gedən adam” xoşbəxtliyə həsrət qalan, bədbəxt həyat sürən biri olur.

Məsəli sumqayıtlı azarkeşlərdən uzaq olsun. Bir müddət əvvəl sevincdən onların gözü parıldayırdı. "Gənclik şəhəri”nin təmsilçisi nəhayət ki, avrokuboklara vəsiqə qazanmışdı, doğma şəhəri Avropada təmsil edəcəkdi. Bu il "Sumqayıt” üçün tarixi sayılırdı. Əslində, hələ Samir Abasovun "Sumqayıt”da baş məşqçi, Kamran Quliyevin klub prezidenti olduğu vaxtlarda bu ilk gerçəkləşməli idi. Uzun müddət "Sumqayıt” turnir cədvəlində yuxarı pillələrdə yer almış, avrokuboklara vəsiqə qazanmağa yaxın olmuşdu. Əvvəlcə Kamran Quliyev "Sumqayıt”ı tərk etdi. Sonra da "Sumqayıt”ın nəticələri pisləşdi və futbolçular ovuclarının içində olan avrokubok vəsiqəsini əldən qaçırdılar. Ötən mövsüm isə "Sumqayıt” ölkə kubokunun finalına yüksəlmişdi. Qəniməti qazanmaqla Avropaya yolu da açmaq mümkün idi. Amma "Qəbələ” daha istəkli çıxdı, "Sumqayıt”ı Naxçıvandan başıaşağı göndərdi.

Nəhayət ki, gözlənilən tarixi hadisə bu il baş tutdu. Koronavirus pandemiyası səbəbindən "Sumqayıt” Azərbaycan Premyer Liqasını 4-cü pillədə tamamladı. Bu da Riad Rəfiyevin prezident, Ayxan Abbasovun baş məşqçi olduğu komandanın Avropa Liqasına yolunu açdı. Hazırlaşmaq, güclənmək lazım idı. Bununla da ən azından bir məhələ adlamaq, sumqayıtlı azarkeşlərə tarixi ilkin ləzzətini doyunca yaşatmaq mümkün idi. Sən demə, onlar bu tarixi məsuliyyətə hazır deyilmişlər. Riad Rəfiyevlə Ayxan Abbasovu deyirəm. "Sumqayıt” normal hazırlıq keçmədi, güclənmədi. Nəinki güclənmədi, heç əlində olanları da qoruya bilmədi.

Avrokubokların startına sayılı günlər qalmışdı. Rəqibin münasib olması da bəlli idi, oyunun doğma meydanda keçirəcəyi də. "Şkendiya”nın işini bitirmək üçün hər şey bizim xeyrimizə idi. Bu amillərdən istifadə etmək, sərfəli nəticə qazanmaq mümkün olmadı. Çünki Riad Rəfiyev "Sumqayıt”ın avrokuboka qazandığı vəsiqəni, ən əsası, Azərbaycanı orda təmsil etməyin nə demək olduğunu dərk etmədi. "Şkendiya” ilə oyuna sayılı günlər qalmışdı, Rəfiyev yerli futbolçulardan faydalı olanları komandaya cəlb edib, heyəti komplektləşdirmək əvəzinə İranda, Qazaxıstanda futbolçu axtarışında idi. Bu da nəticəsi. "Avropa Liqası Azərbaycan çempionatı deyil” – bu sözləri "Şkendiya”ya uduzandan sonra Ayxan Abbasov deyib. Biz bunu bilirik, Ayxan bəy. Kaş ki, sizinlə Riad Rəfiyev də bunu biləydi və məsuliyyətinizi dərk edəydiz.

"Sumqayıt”ın ilki uğursuz alındı, siftə korlandı. Tarixi gündə sumqayıtlı futbolsevərlər öz sevimli komandalarına görə utandılar. Bunun isə iki səbəbkarı var: biri Riad Rəfiyevdi, o biri də Ayxan Abbasov. Eşitdiyimə görə baş məşqçiylə prezidentin arası soyuqdu. Birinin bəyəndiyi futbolçunu o biri bəyənmir, belədə "Sumqayıt”a yeni futbolçu gətirmək xeyli çətin prosesə çevrilib. Cəzasını da "Sumqayıt”, onun azarkeşləri və Azərbaycan futbolu çəkir. Günah onlara klub tapşırandadı.
 
Yəni, qoca, yaşlı, şişko dünyada!
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR