"Qolumuzu saysaydılar, indi 2 xalımız var idi" - Yurçeviç

Avropa çempionatının seçmə mərhələsində Uels yığmasını qəbul edən Azərbaycan millisi "Bakcell Arena"nı 0:2 hesablı məğlubiyyətlə tərk edib. 

Sport7.az xəbər verir ki, qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında millimizin baş məşqçisi Nikola Yurçeviç fikirlərini açıqlayıb.

Xorvatiyalı mütəxəssis nəticədən məyus olduğunu söyləyib: "Uels layiqli qələbə qazandı. Rəqib daha yaxşı komanda idi. Yenə standartdan qol buraxdıq. Bu, ilk dəfə deyil. Rəqibin ucaboy oyunçularının olduğunu bilirdik. Bizim də xeyli künc zərbəmiz oldu, yararlana bilmədik. Oyunun gedişində də imkanlarımız oldu. Son ötürmədə və zərbədə kəsərli olmadıq. Köməkçilərimin dediyinə görə, penalti var idi. Bəlkə də, o qolu vursaydıq, başqa cür olardı. Uelsin oyunçuları böyük liqalarda oynayır. Bizdə isə Mahir Mədətov, Maksim Medvedev, Eddi İsrafilov kimi lider oyunçular yox idi. Onlar iştirak etsəydi, bəlkə başqa cür alınardı. Ancaq olmadı".

- Sona bir tur qalmış qrupda cəmi 1 xal toplaşmışıq. Bu, Azərbaycan futbolunun potensialına uyğundur?
- Rəqiblərin hamısı keyfiyyətdə bizdən yaxşıdır. Əvvəlki oyunlarda xallara daha yaxın idik. Macarıstanda qolumuzu saysaydılar, indi 2 xalımız var idi. Rəqiblərin oyunçuları daha böyük liqalarda oynayır. Slovakiyada döyüşəcəyik ki, xallarımızın sayını artıraq. Biz cavanları qazanmağa da çalışdıq. Düşünürəm ki, onlar növbəti oyunlarda daha yaxşı kömək edəcəklər.

- AFFA rəhbərliyinin matçdan sonra sizinlə görüşü oldumu?
- Hələlik assosiasiya rəsmilərindən heç kimi görməmişik. 

- Slovakiyadakı görüşdən sonra vəziyyət dəyişməsə qalmaq istəyəcəksiniz, yoxsa yaxınlaşıb deyəcəksiniz ki, gedirəm?
- Qazanılan xal sayından razı deyiləm. Biz gələcək 5-10 il üçün potensiallı oyunçular qazanmışıq. Bizdə 2-3 keyfiyyətli oyunçu çatmır. Müqaviləm fevrala qədər qüvvədədir. Seçmə mərhələdən sonra müzakirə aparmaq üçün kifayət qədər vaxtımız olacaq. Mən də, ailəm də Bakını xoşlayırıq. Oyunçuların davranışından razıyam. Bundan sonra daha yaxşı olmaq üçün şansımız var. Millətlər Liqasında daha uğurlu çıxış edə bilərik. Bakını və Azərbaycanı xoşlayıram. (Apasport.az)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR