Qriqorçukun böyük məsuliyyəti

Qriqorçukun böyük məsuliyyəti

Amal ABUŞOV

Papunaşvilinin bizi məyus etdiyi epizod Roman İosifoviçə düşünmək üçün xeyli mövzu verməlidi...

Avroliqanın təsnifat mərhələsində ilk oyunları arxada qoyduq. Heç kimin möcüzə gözləmədiyi "İnter” Albaniyadan sərfəli nəticəylə qayıtmağı bacarmaqla bizi sevindirdi. "Bankirlər”in turu keçib-keçməyəcəyini indidən təxmin etmək, hansısa ehtimallar irəli sürmək çox çətindi. Mövsümün sonunda 10 futbolçusunu itirən, istəkli, lakin təcrübəsiz baş məşqçiyə tapşırılan "Neftçi”dən də "dağı dağ üstə qoymağı” tələb edən yox idi. Amma "Qəbələ”nin adı gələndə hamı birmənalı şəkildi üzünün ifadəsini dəyişir, tutarlı və məntiqli cümlələrlə təmsilçimizin qələbəsinə əminliyi ifadə edirdi. Elə mən özüm də o cür düşünənlərin sırasındaydım. 

Qış fasiləsində komandanın "sükanı” arxasına keçən Roman İosifoviçin azı iki mərhələ keçməmək üçün bəhanəsi olmamalıdı. Bu sözləri bütün qətiyyətimlə deyirəm. Azərbaycanın klub futbolu heç də Ukraynadan görünən səviyyədə deyil. Son illərdə iki klubumuz qrup mərhələsinə yüksəlib, hətta "Qarabağ” qrup mərhələsini adlamağa belə çox yaxın olub. Ağdam təmsilçisi ardıcıl bir-neçə dəfə təsnifat mərhələsini uğurla keçib, "play-off”da kifayət qədər ciddi rəqiblər qarşısında büdrəyib. Biz cəmisi bir il bundan əvvəl "Neftçi”nin qrupların astanasından geri qayıtmasını uğursuzluq kimi qiymətləndirmişik, azərbaycanlı çalışdırıcı Böyükağa Hacıyevi sərt şəkildə tənqid etmişik. Deməli, Tbilisidə 10 nəfərlə qalan rəqibinə uduzduğuna görə çox hörmətli Qriqorçuk da ona yönələn ittihamları tam ciddiyətiylə qəbul etməlidi. 

Qapıçısından başqa bütün futbolçuları gürcü olan "Dinamo”nu özünün bəyənib-seçdiyi 8 legionerlə yenə bilməməsi ona heç yaraşmadı. "Bu gün idman jurnalistlərinin günüydü, amma bizim yox” deməklə iş bitmir, cənab məşqçi. Ötən mövsümün son bölümünü gözləniləndən də uğurlu keçirən komandanı söküb təzədən yığmaq nə dərəcədə ağıllı qərar idi? Hamıya məlumdu ki, Azərbaycana gələn əcnəbi futbolçulara uyğunlaşmaq üçün xeyli müddət lazım olur. Belə çıxır ki, yeni gələnləri avrokuboklarda uğur qazanmaqdan ötrü transfer ediblərsə, təsnifat mərhələsinin iyulun əvvəlində başladığını nəzərə almayıblar. 

Soyadlarımız arasında oxşarlıq olsa da, mənim Ruslan Abışovla heç bir qohumluğun yoxdu. Amma ona alicənab və bacarıqlı bir futbolçu kimi hörmətim böyükdü. Bu yaxınlarda Ruslanın "Futbol+" qəzetinə verdiyi müsahibəsində bir məqam diqqətimi çəkdi. Cümlə təxminən beləydi: "Mənim də yer aldığım müdafiə xəttinin inamlı çıxış etdiyini hər kəs görürdü, "Qəbələ”nin qazandığı nəticələr də bundan xəbər verir. Nədənsə məşqçimiz müdafiəçilərdən narazı qaldı, heyətdə böyük dəyişikliklər aparmağı lazım bildi”. Düz sözə nə deyəsən? Dünən gürcülərin vurduğu qollara baxanda Ruslanın sözlərini bir daha xatırladım. Xüsusən, Papunaşvilinin bizi məyus etdiyi epizod Roman İosifoviçə düşünmək üçün xeyli mövzu verməlidi. 

"Qırmızı-qaralar”ın ötən mövsüm keçirdiyi ən uğurlu oyunlardan sayılan "Qarabağ”la görüşü canlı izləyən biri kimi həmin heyətin Tbilisidən qələbəylə dönməyə qadir olduğunu əminliklə söyləyə bilərəm. İnanmaq istəyirəm ki, cavab görüşündə mərhələni kemək üçün lazım olan nəticə qazanılacaq, "Qəbələ”nin avrokuboklardakı yolu bu qədər qısa olmayacaq. Ukraynalı çalışdırıcının şübhəsi olmasın ki, əks halda uğursuzluğun bütün məsuliyyəti onun üzərindədi.

Sport7.az


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR