"Quardiola həm alman futbolu, həm də şəxsən mənim üçün çox önəmli fiqurdu" - Toni Kroos

Madrid "Real"ının yarımmüdafiəçisi Toni Kroos "Mançester Siti" ilə oyun ərəfəsində rəqibin baş məşqçisi Pep Quardiola haqqında fikirlərini bölüşüb.

Kroos katalon mütəxəssislə birlikdə çalışmaqdan zövq aldığını və ondan çox şey öyrəndiyini qeyd edib:

"Almaniyada əsasən cərimə meydançalarında baş verənlərlə maraqlanırdılar, yəni hücum və müdafiə önəm kəsb edirdi. Hansısa şərhçinin top mərkəzdə olanda səsini yüksəltdiyini xatırlamıram. Yarımmüdafiəçilər diqqətdən kənar qalmışdı. Bəzən bizi heç görmürdülər.

Pep Quardiola həm alman futbolu, həm də şəxsən mənim üçün çox önəmli fiqurdu. O, hamının gözünü açdı və oyuna nəzarətin nə qədər vacib olduğunu göstərdi. Bir çox məşqçi və klub rəsmiləri Pepin məşq sessiyalarını izləmək və orijinal oyun tərzi ilə bağlı onunla söhbətləşmək üçün "Bavariya"nın məşq meydançasına gəlirdilər. Yarımmüdafiə ilə həmişə daha çox maraqlanırdı. Onun komandasının möhtəşəm futbolu sayəsində oyunla bağlı düşüncələr dəyişdi. İnsanlar futbolu və yarımmüdafiəçiləri tamamilə fərqli şəkildə görməyə başladılar. O, bu mənada həm məşqçilərə, həm də azarkeşlərə öncüllük etdi.

İndi də "Bavariya"nın oyunçularından soruşsanız, hələ də sizə idman baxımından ən yaxşı məşqçinin Pep olduğunu deyəcəklər. Onların birlikdə işlədiyi digər məşqçilərin kimliklərini də nəzərə alın. Yəni müqayisə etmək üçün kifayət qədər yaxşı namizədləri var. Bir il qısa müddət olsa da, onun rəhbərliyi altında oynamaqdan zövq almışdım.

Karyeramı "Real"da bitirmək istəyirəm. Ona görə də Peplə yenidən işləmək imkanım, demək olar ki, yoxdu. Amma dediyim kimi, Quardiolanın rəhbərliyi altında oynamağı sevirdim. Təbii ki, "Bavariya" ilə olan müqaviləmi uzada bilərdim. Sadəcə, məşqçiyə görə sözləşmə yeniləməyin yaxşı fikir olduğunu düşünmürəm. Pep müqaviləmi uzatmağımı istəyirdi. Onsuz da, o, tezliklə komandadan ayrılacaqdı. Bunu bilə-bilə məşqçiyə görə müqavilə yeniləməyin nə mənası var? İki il sonra Pep "Siti"yə keçdi. Hələ də əlaqə saxlayırıq və münasibətlərimiz çox yaxşıdı. Birlikdə çalışdığımız dövrü heç vaxt unutmayacam, çünki ondan çox şey öyrənmişəm".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR